Bu ilin I rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi keçən ilin göstəricisinin 17,6 faizi qədər olub
Məhəmməd Talıblı: «Qiymətli Kağızlar Bazarında alğı-satqı əməliyyatlarının azalmasının səbəbi investorların maraqlarının itməsi ilə bağlıdır»
Neftin dünya bazar qiymətinin düşməsindən Azərbaycanda təsir görən sahələrdən biri də Qiymətli Kağızlar bazarıdır. Artıq yayılan rəsmi məlumatlar bu bazarın hansı itkilərə məruz qaldığını açıq formada ortaya qoyub. Bu ilin I rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 706,7 mln manat olub. Bu, 2014-cü ilin göstəricisinin 17,6%-idir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiin məlumatına görə, dövlət qiymətli kağızlar bazarı çöküb: 2014-cü ilin I rübündə dövlət QK bazarının dövriyyəsi 3 mlrd 436,5 mln manat, bu ilin eyni dövründə 61 mln manat olub. 3 ayda Maliyyə Nazirliyinin istiqrazları və AMB-nin notları yerləşdirilməyib.
Korporativ istiqrazların təkrar bazarının iki dəfə artımı (əsasən AIF-in istiqrazları) hesabına korporativ bazarda (645,7 mln manat) 14% artım olub. Səhm bazarı 53 mln manat (-77%), korporativ istiqrazlar 592,7 mln manat (+80%) olub. Səhm yerləşdirilməsi (48,3 mln manat) 79%, korporativ istiqrazların yerləşdirilməsi (15 mln manat) 60% azalıb.
Fond bazarının passivliyi fonunda BFB-da leqal Forex bazarı aktivləşib. Ilin əvvəlindən törəmə qiymətli kağızların dövriyyəsi 20 min əqd üzrə 4 mlrd 179,4 mln manat olub. Investorlar valyuta cütləri əsasında derivativlərə (4 mlrd 109,7 mln manat) maraq göstərir.
Maraqlıdır ki, borcalanların qiymətli kağızlara marağı da azalıb. Bu ilin 3 ayında QKDK-da QK girovu üzrə 2 əməliyyat qeydə alınıb (Turan).
Bəs yaşananların səbəbi nədir və hansı fəsadları ola bilər?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Qiymətli Kağızlar Bazarı bizim ölkədə nəinki zəif işləyir, ümumiyyətlə bu bazarın varlığından danışmaq belə mümkün deyil. Ekspertin sözlərinə görə, qeyd olunan ilin uyğun dövrləri üzrə azalmalar hələ o dövrün dinamik olmasının göstəricisi deyil: “Bu dövriyyə əsasən iri dövlət qurumlarının istiqrazları və bondlarının döviyyəsinin olmasına görədir. Bizdə bu bazarda özəl sektorun aktivliyi və bir bazar kimi dinamikliyi çox aşağı səviyyədədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Qiymətli Kağızlar Bazarında alğı-satqı əməliyyatlarının azalması səbəbi bu bazara investorların maraqlarının itməsi və Komitənin bu sahədə təsirli təşviq alətlərindən istifadə edilə bilməməsi ilə bağlıdır”. M.Talıblı bildirdi ki, çoxlu sayda investorlar vardır ki, onlar artıq Türkiyə bazarlarında əməliyyatlara sərmayələr yatırıblar: “Halbuki, onlar Azərbaycanda bu bazarın ilk yaranışının əsas investorlarından və ”qaranquşları" olublar. Yəni, onlar Türkiyədəki bu bazarda çox yaxşı vəsaitlər qazana bilirlər və indiki fəaliyyətlərindən çox məmnundurlar. Halbuki, onlar bu bazardan sıxışdırılandan sonra daha məcburi qaydada Türkiyə bazarını seçdilər. Sərbəst bazar iştirakçılarının bu sektordan çıxması davamlı xarakter alıb, ona görə bu bazarda canlanma ölüb".
Xəyal