«Siyavuş Novruzov ənənəsinə uyğun olaraq, cəfəng fikirlərini davam etdirir»
«Bu hakimiyyət yarıtmaz siyasəti nəticəsində xalqa yaratdığı problemləri nə vaxt etiraf edib ki?!»
YAP-çı deputat Siyavuş Novruzov iddia edib ki, Milli Şuranın ölkədə talançılığa, korrupsiyaya son qoyulması tələbilə keçirdiyi mitinqlər ölkənin imicinə zərbə vurmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu səbəbdən də mitinqlər Avropa Oyunlarına qədər davam edəcək.
Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə “Azadlıq”a açıqlamasında bu məsələyə münasibət bildirərkən deyib ki, Siyavuş Novruzov yenə öz ampluasındadır və adəti üzrə, heç bir əsası olmayan, cəfəng fikirlər söyləyir. Onun sözlərinə görə, YAP-çı deputat müxalifətin mitinqlərini bu cür qələmə verməklə hakimiyyətin talançılığını, korrupsiyasını ört-basdır etməyə çalışır: “Bu hakimiyyət yarıtmaz siyasəti nəticəsində xalqa yaratdığı problemləri nə vaxt etiraf edib ki?! Və həmişə də bu problemlərlə əlaqədar səslənən tənqidləri ya erməni lobbisi ilə əlaqələndirirlər, ya da cəmiyyətə ”Azərbaycana qarşı düşmənçilik siyasəti" kimi təqdim etməyə çalışırlar. Siyavuş Novruzovun dedikləri də bu ritorikanın davamıdır. Bu cür ritarika ilə yaratdıqları fəlakəti gizlətməyə çalışırlar".
Fuad Qəhrəmanlı qeyd edib ki, Milli Şura Azərbaycan xalqının istəklərini, bu rejimın yaratdığı narazılığı əsas götürərək, bu mitinqləri təşkil edir: “Milli Şuranın istinad etdiyi yeganə qüvvə Azərbaycan xalqıdır. Siyavuş Novruzovun müdafiə etdiyi hakimiyyət isə xalqdan oğurladığı sərvəti başqalarına bəxşiş verməklə özü haqqında müsbət imic formalaşdırmağa çalışır. Hökumətin xarici futbol klublarına üst-üstə 70 milyon manata yaxın vəsaiti bəxşiş etməsi onu deməyə əsas verir ki, kənar dairələri məmnun etmək üçün bu xalqın son qəpiyini də talamağa hazırdılar. Bütün bu keyfiyyətlər bu hakimiyyətə xasdır”.
AXCP yetkilisinin sözlərinə görə, hakimiyyət bu gün Milli Şuraya qarşı qarayaxma kampaniyası aparmaqla, ölkənin real müxalifətini gözdən salmağa çalışır. Amma bu cəhdlər əsəbdir. Çünki xalq onun sərvətlərini kimlərin yeyib-taladığını yaxşı bilir: “Hakimiyyət yaxşı bilir ki, xalq israfçılığa, korrupsiyaya görə ondan çox narazıdır və buna görə də pərt vəziyyətdədir.ÿNeftin qiymətinin düşməsi nəticəsində iqtisadi böhran yaranıb, vətəndaşların həyat şəraiti getdikcə ağırlaşır və cəmiyyətdə də haqlı narazılıq yaranıb. Milli Şuranın, ölkənin real müxalifəti olaraqÿ vəzifəsi vətəndaşları narazı salan problemləri dilə gətirmək və bu istiqamətdə xalqın səfərbərliyinə nail olmaqdır. Biz ölkədə monopoliyanın, rüşvətin, korrupsiyanın aradan qaldırılmasını tələb edirik və bu da xalqın maraqlarına uyğundur. Siyavuş Novruzov buyurub sübut eləsin ki, hakimiyyətin atdığı addımların hansı biri Azərbaycanın maraqlarına uyğundur? Bəlkə xalqın 8 milyard sərvətini lazımsız bir oyuna sərf etməkdir xalqın maraqlarına uyğun addım? Bəlkə xarici futbol klublarına dağıdılan vəsaitlər millətin maraqlarına xidmət edir? Siyavuşkimilər sadəcə, danışmaq xətrinə danışırlar. Onlar özləri də dərk edirlər ki, əhalini aldatmaq cəhdləri artıq işə yaramır, əksinə, daha böyük nifrətə səbəb olur. Onu da qeyd edim ki, bu il seçki ili olduğundan bizim kütləvi aksiyalarımız hələ qarşıdadı və bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur”.
Emil