«Neftin qiymətinin düşməsinin iqtisadiyyatımıza təsiri yoxdur deyənlər yalan danışır»
Nemət Əliyev: «Reallıq budur ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir edir»
Nazirlər Kabinetinin son toplantısında səslənən fikirlər, xüsusilə dövlət başçısının Azərbaycana dünyadakı böhranın təsir etmədiyinin altını cızması maraq doğurur. Ölkəmizin kifayət qədər maliyyə resursunun olduğunu bildirən I.Əliyev Azərbaycanın iqtisadi inkişafına heçə nəyin təsir etmədiyini söyləyib.
Amma dünyada neftin qiymətinin enməsinin fonunda Azərbaycan iqtisadiyyatında yaşananlar o qədər açıq və nəzərə çarpandır ki, onları inkar etmək mümkün deyil. Bundan başqa məhz böhranın üzündən bir sıra iri investisiya layihələrinin reallaşması dayandırılıb, eyni zamnda büdcə xərclərinin də ixtisara salınması hazırda baş verənlərin fonunda təsadüfi deyil.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumət təmsilçilərindən Natiq Əliyev də o fikri səsləndirib ki, neftin dünya qiymətinin düşməsi Azərbaycana təsir etməyib. N.Əliyevin sözlərinə görə, mədən çıxarma sənayesində hətta hasilat xərclərinin 15-20 dollar dəyişməsinə baxmayaraq, neftin bazar qiymətləri iki dəfədən çox azalıbsa, bu Azərbaycanın gəlirlərini kəskin aşağı salıb: “Axı Dövlət Statistika Komitəsi açıqlamaya yaydı ki, yanvar və fevral aylarında mədən çıxarma sənayesinin gəlirləri 1.7 milyard dollar aşağı düşüb. Elə neftin bazar qiymətlərinin kəskin aşağı düşməsinə görə, ilin sonuna qədər Azərbaycanın toplu gəlirlərinin təxminən 6-7 milyard azalacağı gözlənilir. Əlbətdə bunlar çox iri rəqəmlərdir. Bu itkilərin Azərbaycana gətirdiyi dolayı itkilər də mövcuddur”. Azərbaycanda faktiki olaraq investisiya xərclərinin kəskin şəkildə aşağı düşdüyünü deyən N.Əliyev bildirdi ki, əhalinin ölkə iqtisadiyyatına kapital yatırımı kəskin şəkildə azalıb: “Bankların da kapital yatırım istiqamətində fəaliyyəti kəskin şəkildə aşağı düşüb. Emal sənayesini, tikintini tənənzül bürüyüb. Aqrar sektora, emal sənayesinə, digər iqtisadi sektorlara kapital yatırımı ciddi zəifləyib. Yaşananlar isə adıçəkilən sahələrdə məhsul istehsalının, dövlət gəlirlərinin kəskin şəkildə azalması ilə müşahidə olunur. Qiymətli Kağızlar Komitəsi rüblük açıqlamasını verdi. Bəlli oldu ki, dövlət istiqraz bazarlarında fəaliyyət iflic həddinə çatıb. Təxminən 98 faiz azalma var. Koorperativ qiymətli kağızlar bazarında 78 faiz azalma var. Bütün bunlar dünya bazarında neftin qiymətinin düşməsi fonunda baş verirsə, ölkənin sosial həyatına təsir qaçılmaz olacaq. Eyni zamanda baş verənlər müəssisə və təşkilatların da fəaliyyətini zəiflədəcək”.
N.Əliyev bildirdi ki, bank sektoru, kredit bazarı da iflic həddinə çatıb. N.Əliyevin sözlərinə görə, dövlət rəsmilərinin nə deməsindən asılı olmayaraq, reallıq budur ki, dünya bazarında neftin qiymətinin düşməsi iqtisadiyyata mənfi təsir edir: “Bu təsirin doğuracağı fəsadlar növbəti mərhələlərdə daha ağır olacaq. Ona görə istər dövlət başçısı olsun, istərsə də eyni mövqeyi bölüşən digər şəxslər olsun, əgər onlar o fikri söyləyirlərsə ki, neftin qiymətinin düşməsinin Azərbaycanın iqtisadi, sosial həyatına təsiri yoxdur, onlar yalan danışırlar. O zaman belə çıxır ki, Azərbaycan iqtisadiyyatı deyəndə bunlar tamamilə başqa şeyi nəzərdə tuturlar. Və ya o da ola bilər ki, bunlar Azərbaycan iqtisadiyyatından gələn gəlirlə bunlar öz ciblərini ayrı sayırlar”.
Xəyal