Orxan Valehli
“Çürük ağacı itələdilər, ovulub töküldü”. Bu cümləni bilirsiniz, kim və nə zaman söyləyəcək? Xeyr, bilmirsiniz. Amma mən bilirəm. Bu cümlə o zaman şablon bir cümləyə çevriləcək ki, hazırkı rejim devriləcək. Özü də xalq onu amansız devirəcək. Bunlar dəmir dırnaqlarla xalqın qəlbini qazıb, orada qisas toxumu əkiblər. O toxumu isə hər gün özləri sulayıb, özləri qulluq edirlər. O toxumun bitməsinə çox az qalıb. Bəlkə də, biz düşündüyümüzdən də az. Xalq ayağa qalxsa, qəzəbini yandırıb külünü göyə sovuracaq ki, bütün gördüyü zülmlərin izi yox olsun. Xalq ayağa qalxanda cəzalar böyük olacaq. Xalq öz yaralarını sarmaq üçün hər şeyin hesabını soracaq. Böyük bir hesab olacaq bu. Birmənalı olaraq bilməliyik ki, dünya tək bizdən ibarət deyil. Bu gün mən öz əzilməyimə yol versəm, məni incidənə diş qıcamasam, o adam sabah başqasının dərisini boğazından çıxarmağa can atacaq.
Bir gün baş verən o hakimiyyət dəyişikliyindən sonra “çürük ağacı itələdilər, ovulub töküldü” deyənlər bilirsiniz kimlər olacaq? Bunların bir hissəsi qorxaqlığını pərdələmək üçün icazəli mitinqə istehza edib gülənlər, icazəsiz mitinq adı gələndə isə siçan deşiyində gizlənənlərdir. Onlar o kəslərdir ki, bir olmağa, birlikdə etiraz etməyə çağıranda, “tək səninlə, mənimlə bir şey çıxmaz, xalq ayağa qalxmalıdır” deyirlər. Başa düşmək də olmur ki, axı bunlar xalq kimə deyirlər? Bəs özləri kimlərdir? Bir xalqın nümayəndəsi deyillərmi? Hansı bir kəsin haqqı çatır ki, özü etiraz etmədiyi və ayağa qalxmadığı halda, xalqı yatmaqda günahlandırsın? Sən özün nə zaman ayağa qalxdın, nə zaman xalqı səslədin ki, onlar sənin səsinə səs vermədilər və sən ümidsizliyə düçar oldun? Dini hədislərdə də deyilir ki, Allah lənət eləsin o kəslərə ki, özü əməl etmir, amma digərlərinə rəva görür.
Sizin nə zamansa deməyə hazırlaşdığınız “çürük ağacı itələdilər, ovulub töküldü” sözləri və qəbul etdiyiniz o həqiqəti biz indidən görürük. Bəli, doğrudur, ağac çürüyüb, bizə isə qalır onu itələyib yıxmaq. Amma olmazmı, sizlər bu işdə kənardan seyrçi qismində deyil, köməkçi qismində iştirak edəsiniz? Yaxşı, bəs hər birimiz “tək mənim etirazımla nə olacaq?” deyib gözləsək, ayağa qalxan kim olacaq? Kimi gözləyirik? Bəlkə bir amerikan, bir alman, bir fransız gəlib bizi xilas edəcək?
Əslində, bizi özümüzdən başqa kimsə xilas etməyəcək. Yaxanızı kənara çəkməyin, kölgəliklərdə daldalanıb nəyinsə öz-özünə dəyişəcəyini gözləməyin. Heç qorxacaq bir şey də yox, “qorxunun da əcələ faydası yoxdur” deyilib. Başqa cür mümkün deyil. Hər kəs bu işdə öz rolunu oynamalıdır əvvəl-axır. Sizin kiçik rolunuzla heç nə dəyişməyəcəkmi deyirsiniz? Amma əsla elə deyil. Əsl həqiqət bu hekayədəki kimidir:
“Yazı yazmaq üçün okean sahillərinə gedən bir yazıçı səhərə yaxın qumsalda rəqs hərəkətləri edən birini görür. Bir az yaxınlaşdıqda həmin kişinin sahilə çıxan dəniz ulduzlarını okeana atan gənc bir adam olduğunu görür: ”Dəniz ulduzlarını niyə okeana atırsınız ki?"
Gənc adam cavab verir: “Bir azdan günəş yüksəlib, sular çəkiləcək. Onları suya atmasam öləcəklər”.
Yazıçı deyir: “Kilometrlərlə sahil, minlərcə dəniz ulduzu var. Tək sizinlə nə fərq edər ki? Gənc adam əyilir, yerdən daha bir dəniz ulduzu götürüb okeana atır və cavab verir: ”Baxın, onun üçün fərq etdi amma…"
Yetər ki, siz hərəkətə gəlib, dəyişiklik naminə bir addım atın. Fərqini mütləq görəcəksiniz…