Rusiyaya qarşı yeni sanksiyalar qəbul olundu; hər şey Minsk görüşündən asılıdır
Dünən Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplaşaraq, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqda qərar veriblər. Sanksiyalar paketində Rusiya məmurları və Ukraynadakı Rusiyameylli 14 separatçı liderin, o cümlədən 8 qurumun hesablarının dondurulması, səyahət qadağası və s. sanksiyalar nəzərdə tutulub.
Amma yeni sanksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb.
Fransanın xarici işlər naziri Loran Fabius “Reuters” agentliyinə açıqlamasında bildirib ki, sanksiyaların tətbiqinin yubadılmasında məqsəd Ukrayna böhranının həllilə bağlı sülh cəhdlərinə mane olmamaq, dialoqun baş tutmasına vaxt verməkdir. O, qeyd edib ki, hadisələrin gedişi fevralın 11-də Minskdə keçirilməsi planlaşdırılan 4 tərəfli (Almaniya, Fransa, Ukrayna və Rusiya) sammitin nəticələrindən asılı olacaq.
Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond Brüssel görüşündən əvvəl jurnalistlərə bildirib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü dayanana qədər Avropa öz mövqeyində möhkəm durmalıdır.
Ötən həftənin sonunda Fransa, Almaniya, Rusiya və Ukrayna rəhbərləri arasında telefon danışıqlarında tərəflər Minsk sammitinin baş tutacağına daha çox ümid bəsləyirdilərsə, artıq vəziyyət dəyişib. Almaniyanın Xarici Işlər naziri Frank-Valter Ştaynmayerÿsammitin keçirilməsini şübhə altına alıb. Onun sözlərinə görə, Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirak etməli olduğu bu görüşlə bağlı çoxlu dəqiqləşməyən məsələ var.
Rusiya prezidenti Vladimir Putin də deyib ki, əgər iştirakçı tərəflər gündəlikdəki məsələlər barədə razılığa gəlməsələr, onda görüş heç baş tutmaya bilər. Kremldən həm də bəyan ediblər ki, Putin Ukrayna ilə bağlı ultimativ dillə danışılmasına imkan verməyəcək.
Bundan başqa, Putin dünən səfər etdiyi Misirdə mediaya açıqlamasında bildirib ki, rəsmi Kiyev Ukraynanın şərqində əməliyyatları dərhal dayandırmalı, bu regiona iqtisadi təzyiqə son qoymalıdır, yoxsa, çıxılmaz vəziyyət fəlakətlə sonuclana bilər.
Xəbər verildiyi kimi, ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya yardım məqsədilə bu ölkəni silahlandırmağa hazır olduğunu bəyan edib. Lakin Almaniyanın kansleri Angela Merkel Ukraynanın silahlandırılması ideyasına qarşı çıxıb. Merkelin dünən ABŞ-a səfərinin əsas məqsədinin də bu məsələnin müzakirəsi olduğu bildirilir. Dünən ABŞ prezidenti Barak Obama Ağ Evdə Merkeli qəbul edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Obama Almaniyanın ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olduğunu qeyd edib. Ağ Ev rəhbəri görüş zamanı iqtisadi artım, qlobal təhlükəsizlik və iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyini bildirib.
Görüşün əsas mövzusu isə Rusiyanın Ukraynaya qarşı təccavüzü və IŞID olub.
“Biz münaqişənin diplomatik yolla həllinin tərəfdarı kimi çıxış edirik”, – deyə Obama qeyd edib.
Obama bildirib ki, Moskva üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənə qədər ABŞ və tərəfdaşları Ukraynaya maliyyə yardımı göstərməkdə, həmçinin Rusiyaya təzyiq etməkdə davam edəcək.
Obama həminin vurğulayıb ki, ABŞ və Almaniya IŞID-i məhv etmək niyyətindədir.
Ukrayna böhranından danışan Merkel də qeyd edib ki, Almaniya və ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya isə iki dəfə – Donbasda və Krımda Ukraynanın ərazi bütövlüyünü pozub.
Angela Merkel həmçinin qeyd edib ki, münaqişənin diplomatik həlli yolları istiqamətində səylər davam etdiriləcək.
Sualları cavablandırarkən ABŞ prezidenti Ukraynaya silah verilməsi məsələsinə toxunub. Deyib ki, beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynaya təcavüzə görə cəzalandırır. Əgər hazırkı sanksiyalar yetərli olmasa, onlar daha da sərtləşdiriləcək.
İnformasiya şöbəsi