Azərbaycanda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrində dolların satış qiyməti maksimum 80 qəpik ola bilər. Bu barədə fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Bankdan bildirilib ki, hazırda qüvvədə olan normativ aktlara görə, valyuta dəyişmə məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi məzənnəsindən maksimum 2% fərqlənə bilər. Başqa sözlə, valyutadəyişmə məntəqələrində xarici valyuta AMB-nin rəsmi məzənnəsindən maksimum 2% ucuz və 2% baha satıla bilər.
Bu faiz dəhlizini və fevralın 9-a olan rəsmi məzənnələrini (1 dollar 0,7844 manat, 1 avro 0,8890 manat) nəzərə alsaq, fevralın 9-da Azərbaycandakı valyutadəyişmə məntəqələri ABŞ dollarını minimum 76,9 qəpiyə alıb, maksimum 80 qəpiyə sata bilərlər. Avronun isə minimum alış qiyməti 87,12 qəpik, maksimum satış qiyməti isə 90,67 qəpik təşkil edir.
Valyutadəyişmə məntəqəsinin xarici valyutanı bu «dəhliz»dən yüksək qiymətə satması və ya bundan aşağı qiymətə alması qanun pozuntusu sayılır.