Aylıq xərci 983 milyon manat olan Fonda cəmi 530 milyon manat vəsait daxil olub
Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan hökumətini çox çətin duruma salıb. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilmədiyini, dövlət büdcəsinin birbaşa neftdən asılı olduğunu nəzərə alsaq, vəziyyət kifayət qədər ağırdır. Təsəvvür edin, təkcə yanvar ayında Azərbaycanın Dövlət Neft Fondu təxminən 450 milyon manat ziyana düşüb. Iqtisadçı-ekspert Rövşən Ağayev bu haqda təhlilini “facebook” səhifəsində paylaşıb:
“2015-ci ilin yanvar ayının nəticələrinə görə, Dövlət Neft Fonduna düşən mənfəət neftinin həcmi təxminən 1.927 milyon ton olub. Bu, ”Supsa" və “Ceyhan” kəmərlərilə ölkədən ay ərzində ixrac olunan neftin (2.734 milyon ton) 70.5 faizi deməkdi.
Yanvarda “Azerlight” markalı neftin orta aylıq qiymətinin hər barrel üçün 51 dollar (hər ton üçün 319 dollar) olduğunu nəzərə alsaq, deməli, yanvarda Dövlət Neft Fondunun büdcəsinə mənfəət neftinin satışından 614 milyon dollar daxil olub. Fondun büdcə gəlirlərinin 10 faizdən bir qədər az hissəsinin də digər mənbələrdən formalaşdığını nəzərə alsaq, Fondun aylıq gəlirləri ən yaxşı halda, 680 milyon dollar (530 milyon manat) təşkil edə bilər.
Halbuki, 2015-ci ildə Fond təkcə dövlət büdcəsinə hər ay orta hesabla 865 milyon manat transfert etməlidi.
Bundan əlavə, hər ay orta hesabla 118 milyon manat Fondun öz xərclərinin icrasına tələb olunur.
Qısası, 2015-ci ildə orta hesabla hər ay Fonda xərcləmək üçün (əgər büdcəsini ixtisar etməyəcəksə) 983 milyon manat vəsait lazımdı. Ilk ayın nəticəsinə görə isə büdcə gəliri bundan az qala 2 dəfə az – təxminən 530 milyon manat olması ehtimal olunur".