Şəmkirin keçmiş polis rəisi Aslan Aslanovun oğlunun qətli barədə nələr danışdı?
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır.
“Azərtac” xəbər verir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Lamiyə Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.
Baş Prokurorluqdan bildiriblər ki, Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.
Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Deputat Çingiz Qənizadə isə “Lamiyə işi”nin fonunda məhbuslara uzunmüddətli görüşün verilməsi qaydalarından danışıb. O, modern.az-a açıqlamasında bildirib ki, qanunda məhbusun uzunmüddətli görüşü ancaq ailə üzvüləri ilə nəzərdə tutulub: “Bura valideyinlər, həyat yoldaşı, övladlar daxildir. Amma hazırki durumda hər hansı bir məhkumun istədiyi şəxsdən uzunmüddətli görüşü nəzərdə tutulmayıb. Uzunmüddətli görüş otaq şəraitində olur. Yəni onları heç kim narahat etmir, onlar görüşürlər, istirahət edirlər, orda qalırlar. Qanunda belə bir qayda yetkinlik yaşı ötmüş məhbusların cinsi tələbatının ödənilməsi üçün nəzərdə tutulmayıb”.
Bu arada aznews.az saytı Aslan Aslanovun oğlu qətlə yetirilən dövrdə Şəmkir polisinin rəisi olmuş Akif Göyüşovla müsahibəni yayıb:
– Akif müəllim, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlini xatırlayırsınızmı?
– Bəli, əlbəttə…
– Hazırda hüquq-mühafizə orqanlarının qətl işi ilə bağlı yenidən araşdırmağa başladığı barədə məlumatlar var. Hətta deyirlər ki, həmin dövrdə rayon rəhbərliyində çalışan şəxsləri dindirməyə başlayıblar… Bununla bağlı sizi harasa dəvət ediblərmi?
– Xeyr, mən heç yerə çağırılmamışam. Əvvəla, mən hadisə baş verən vaxtda məzuniyyətdə olmuşam. Ona görə də heç nədən xəbərim olmayıb.
– Bəs məzuniyyətdən qayıdandan sonradamı araşdırmanın gedişatından xəbər tutmadınız?
– Mən məzuniyyətdən qayıdanda iş artıq istintaqa təhvil verilmişdi. Biz də istintaqın işinə müdaxilə edə bilməzdik.
– Lamiyənin anası mətbuata müsahibəsində deyib ki, qətldən sonra Ruslanın münasibətdə olduğu 100-ə yaxın qadın polisə çağırılıb və ifadəsi alınıb. Bu doğrudurmu?
– Bu dedikləriniz hamısı istintaqın işinə daxildir. Yaxşı olar ki, sullarınızı istintaqda çalışmış adamlara ünvanlayasınız. Biz istintaqın başının üstündən sorğuya adam gətirə bilməzdik. Onların işinə müdaxilə etməyə səlahiyyətimiz çatmır.
– Iddialar var ki, Aslan Aslanov qanunsuz həbslər etdirirmiş, özü də polisin əli ilə. Həmin dövrdə də Şəmkirin polis rəisi siz olmusunuz…
– Polisin kimisə həbs etməyə ixtiyarı yoxdur. Həbsi prokurorluq edir, tutmaq üçün icazəni də məhkəmə verir. Polisin 3 saatdan artıq adam saxlamağa icazəsi yoxdur.
– Amma məlumatlardan görünür ki, rayonda həmin vaxt siz dediyiniz qanun yox, Aslanovun öz qanunları işləyirmiş…
– Mən həmişə qanunlara riayət etmişəm.
– Belə bir məlumat da var ki, Ruslan Aslanovun qətlinin araşdırılması işinə hərbi polis də cəlb olunub. Meyitin də məhz hərbi polis tərəfindən tapıldığı bildirilir…
– Bu haqda mənim heç bir məlumatım yoxdur. Hərbi polisin bu işə necə cəlb olunması barədə heç nə bilmirəm. Dediyim kimi, mən həmin vaxt məzuniyyətdə olmuşam.
Xatırladaq ki, Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə əlavə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.