Aldadılmış insanlar şəhər polis şöbəsinin qarşısına yığışıblar
Fevralın 9-da Mingəçevir şəhər polis şöbəsinin qarşısında T-group Tədris Mərkəzi tərəfindən aldadıldıqlarını iddia edən onlarla vətəndaş etiraz aksiyası keçiriblər. Şikayətçilərin sözlərinə görə, adıçəkilən mərkəzin Pərvanə, Vüsalə və Ülkər adlı əməkdaşları əvvəlcə onları müxtəlif kurslara cəlb etmiş, sonradan isə işə düzəltmək adıyla hər birindən müxtəlif məbləğlərdə pul alıb aradan çıxıblar. İşə düzəldilmək üçün ödənilən məbləğlərə gəlincə, şikayətçilər 800 manatdan başlayaraq 2500 manatadək müxtəlif rəqəmlər səsləndirirdiliər.
Maraqlıdır ki, ödənişlər həm nəğd qaydada, həm də mərkəz tərəfindən təqdim olunmuş bank hesablarına köçürülməklə həyata keçirilib. Elə şikayətçiləri də ən çox narazı salan məqam bank hesablarında bütün rekvizitlər olduğu halda bu insanların indiyədək məsuliyyətdən yaxa qurtarmalarıdır.
Digər maraq doğuran bir cəhət isə kursun təşkilatçılarının Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından istifadə etmələridir. Özlərini xanım deputatın ən yaxın qohumu kimi təqdim etmiş “təşkilatçılar”ın istədiklərinə müəyyən mənada nail olduqlarını söyləmək olar. Həmin pulu müxtəlif banklardan kredit götürərək ödədiklərini deyən şikayətçilər bildirdlilər ki, çox qısa zamanda aldadıldıqlarını hiss etsələr də artıq gec olub. Bundan sonra onlar ərizə ilə şəhər polis şöbəsinə müraciət ediblər. Vətəndaşlara fevralın ayının 2-dək pullarının qaytarılacağı vəd olunsa da, bu baş verməyib.
Şikayətçilərdən bir neçəsi polis şöbəsində qəbul edildikdən sonra narazı insanların qarşısına çıxıb. Polisdən onlara faktın araşdırıldığı, vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində iş aparıldığı və bir qədər də gözləmələri söylənilsə də, şikayətçilər bununla razılaşmayıblar. Şikayətçilər pullarını almayınca geri çəkilməyəcəklərini bildiriblər.
Azər