Bu yanğın birbaşa cinayət əməlinin nəticəsidir
Daha neçə binada yanğın olmalıdır? Belə yanğınlarda nə qədər adamın yanıb, ölməyi tələb olunur ki, bu cinayətkar əmələ son qoyulsun, köhnə binaların gözdən pərdə asmaq üçün tezalışan sintetik materiallarla üzlənməsi dayandırılsın?
Axı bu üzlüklər istifadə olunmağa başlandığı ilk günlərdən mütəxəsislər onların tezalışan maddələr olması, yanğın təhlükəsi yaratması barədə yazırdılar. Qulaqardına vurdunuz, pul gözünüzü örtmüşdü. Bəs indi? İndi axı söhbət nəzəri xəbərdarlıqdan getmir. Şükürlər olsun ki, bu dəfə ölüm olmadı, amma o boyda bina yandı axı. 10-larla insan xəsarət aldı, 60 ailə mənzilindən və ev əşyalarından məhrum oldu. Yenədəmi heç nə olmamış kimi bu cinayətkar fəaliyyəti davam etdirəcəksiniz?
Anlamaq lazımdır ki, binanın yanması hansısa bədbəxt hadisənin nəticəsi deyildi. Binanın bu şəkildə yanması birbaşa cinayət əməlinin nəticəsidir. Cinayət məcəlləsinin 225-ci maddəsində “Yanğın təhlükəsizliyi qaydalarını pozma” cinayətinə görə ciddi cəza da nəzərdə tutulur. Baş vermiş və hər gün davam edən bu cinayətlərə görə niyə heç kim məsuliyyətə cəlb edilmir? Yoxsa, bu ölkədə qanun “regionun lider dövlətinin” çörək oğurlamağa məhkum edilmiş talesiz insanları üçündür?