Orxan Valehli
Son zamanlar bir problemlə üzləşmişik. Bu problem əvvəllər də aktual idi. Amma daha bu həddə çatmamışdı. Söhbət xalqı ölkədə baş verənlərə inandıra bilmək problemindən gedir. Bəli,yanlış oxumadınız,xalqı ölkədə baş verən hadisələrin doğruluğuna inandıra bilmirik.Yox, bu bizim "fərsiz" olmağımızın göstəricisi deyil, bu mövcud rejimin atdığı absurd addımların pik nöqtəyə çatmasının göstəricisidir. Axı siz mənə deyin görüm,mən xalqı necə inandırım ki, bütün günü müxalifəti ermənipərəstlikdə ittiham edən bir hakimiyyət, elayihəsi olan "Comedy Woman"ı Azərbaycana konsert verməyə dəvət edir. O buna necə asanlıqla inansın? Aldığımız son məlumata görə, konsert artıq ləğv edilib və bilet də satılıbmış. İndi bu da "2 qəpik" məsələsi kimi olacaq. Sosial şəbəkələrdə məsələnin həddindən artıq qabardıldığını görən rejim çıxıb deyəcək ki, bizim xəbərimiz yox idi. Bir kəs də sual verməyəcək ki, ölkə nə gündədir ki, erməni gəlib konsert verir və konsertinə bilet satır, sizin xəbəriniz olmur?! İkinci bir məsələ : Səbirsizliklə saxta olimpiya oyunlarının sonunu gözləyən, ümidini "oyun bitdikdən sonra düzələcək" ehtimalına bağlayan bir xalqa necə deyək və necə inandıraq ki, bunlar hələ "İslam Həmrəyliyi" oyunlarına hazırlaşırlar. 5 manat tapıb köynək ala bilməyən birini necə inandıra bilərsən ki, bir futbolçunun köynəyinə "Baku-2015" yazdırmağa görə, "səxavətli" hakimiyyət 70 milyon xərcləyir. Yəqin ki, Viktor Hüqonun o məhşur romanını (Səfillər) oxumayan qalmayıb. Romanda XIX əsrin əvvəllərində (inqlabdan öncə) fransansızların səfalət içində yaşamasından bəhs edilir.Vəziyyət o qədər acınacaqlı olur ki, insanlar çörək oğurluğuna əl atırlar. Romandan çox yazmaq olar. Amma əsl məqsədim bu deyil. Sizə gülməli görünsə də, artıq öz durumumuz o insanların durumu ilə müqayisə olunur. Biz istəsək də, istəməsək də. Biz belə hadisələrlə yalnız XIX əsrin əvvəllərində üzləşəcəyimizi düşünərkən və bu səfalətləri kitabda belə oxuyarkən dözə bilmədiyimiz halda, günün birində xəbər tuturuq ki, "Bakıda 20 yaşlı gənc
çörək mağazasından oğurluğa cəhd edib". Ürək ağrıdıcıdır,deyilmi? İndi əsl məsələ burasındadır ki, gəl bu xəbəri də, hakimiyyətin havaya sovurduğu pulların hara xərclənməsi xəbərini də sadə xalqa çatdır və onu inandır. Asanlıqla inanmayacaq. Amma elə ki inandı,onun kin-küdurətinin qarşısını almaq qeyri- mümkün olacaq. Bu yaxınlarda özüm şahidi olmuşam.Sosial şəbəkələrdə hadisələri izləyən bir vətəndaş yazıb ki, "həzm edə bilmirəm artıq" və ardınca yazıb ki, "mən də AXCP-yə üzv olmaq istəyirəm. İstəyirəm səsimi hər kəs eşitsin". Sən xalqı nə yerinə qoymalısan ki, çıxıb "neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini Azərbaycan xalqı hiss etməyəcək" deyəsən. Məni təkrarçılıqda qınamayın.Bunlar 2 ay bundan qabaq verilən vədlər deyil. 2 gün bundan qabaq, yəni manatın 33% devalvasiyasından sonra verilən vədlərdir.Yeni devalvasiyanın olmayacağına da zəmanət yoxdur. Xalqı saymayanda və avam yerinə qoyanda əlbəttə ki, o həzm edə bilməyəcək və sənin qarşında olacaq.