«Neftin qiymətinin enməsinin iqtisadiyyatımıza təsir etdiyini inkar etmək əvəzinə, alternativ gəlir mənbələri tapmaq lazımdır»
Dünya bazarında neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına ciddi zərbələr vurdu. Ölkəyə gələn neft gəlirləri azalmaqla yanaşı Azərbaycanın neft hasilatının aşağı düşməsi acınacaqlı durum yaratdı. Məhz bu proseslərin nəticəsi olaraq fevralın 21-də manat 34 faiz dəyər itirdi. Daha sonra baş verənlər isə domino effekti ilə baş verdi. Vətəndaşların kredit problemləri yarandı, bir çoxları iş yerləri ilə vidalaşmalı oldular. Amma bütün bunlara baxmayaraq hakimiyyət təmsilçiləri tam fərqli fikirdədir. Azərbaycanın energetika naziri Natiq Əliyevin açıqlaması bu qəbildəndir. “Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyib”. Belə bir bəyanatla N.Əliyev “Əl-Cəzirə”yə açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, hazırda iqtisadi baxımdan neftin qiymətindən qaynaqlanan bir çətinlik yaşanmır. Nazir bunu neft hasilatı xərclərinin aşağı olması ilə izah edib: “Biz böhran hiss etmirik. Çünki, Azərbaycan neftinin hasilat xərcləri ucuz başa gəlir. Amma ümumilikdə bizim gəlirlərimiz azalıb. Bir ildə neft satışından təxminən 20 mlrd. dollar əldə edirdik. Qiymət aşağı düşəndən sonra illik gəlirlərimiz 5-6 mlrd. dollar azalıb”, – deyə nazir vurğulayıb.
N. Əliyev əlavə edib ki, qısa müddət ərzində neftin qiymətinin artması gözlənilmir. Nazir hesab edir ki, Iran və Qərb arasında münasibətlər kimi siyasi məsələlər də neftin qiymətinə zamanla təsir göstərəcək.
Ölkədə baş verənləri nəzərə alsaq N.Əliyevin açıqlaması həqiqətən də maraq doğurur.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, neftin qiymətinin aşağı düşməsi neft hasilatı ilə məşğul olan ölkələrin gəlirlərini aşağı salmalıdır. Gəlirlərin azalmasının neft ölkələri üçün öz təsirini bir neçə istiqamətdən göstərə biləcəyini deyən M.Talıblı bildirdi ki, baş verənlər xüsusilə ölkənin xarici ticarət dövriyyəsinə, iqtisadi artım səviyyəsinə təsir edir. Eyni zamanda ölkəyə ümumi valyuta daxil olmaları çətinləşir: “Ölkə iqtisadiyyatında neftin dominant olduğu ölkələrdə gəlirlər sırf neftin qiymti ilə bağlıdır. Dünyada neftin qiyməti aşağı düşübsə, bu o deməkdir ki, bu büdcədə neft daxil olmalarının azalmasına gətirib çıxaracaq. Bu isə ümumilikdə ölkənin xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan şübhəsiz ki, neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri var və bu təsir olduqca böyükdür. Bu illəri bu hiss bir o qədər hiss olunmaya bilər. Çünki dövlət büdcəsinin formalaşması Neft Fondundan transfertlərindən asılıdır. Bu illəri biz Neft Fondunun aktivlərindən istifadə edərək büdcə xərclərini maliyyələşdirmişik. Amma neftin qiymətinin aşağı düşməsi üzündən gələn il Neft Fondunun aktivlərinin formalaşmasında da çətinlik yaranacaq”.
M.Talıblının sözlərinə görə, ona görə dövlət büdcəsinin xərclərində dəyişiklik etmək məcburiyyətindəyik. Eyni zamanda neftin qiymətinin düşməsi neft sektorundan kənarda da öz təsirini göstərir: “Neftlə əlaqəli olan istehsal və ticarətdə də azalmalar baş verəcəkdir. Nəticədə neft gəlirlərinin azalması dövlət idarəetmə xərclərinin də azalması deməkdir. Bu isə o deməkdir ki, müəyyən struktur islahatları baş verə bilər. Neft gəlirlərinin azalması idarəetmənin miqyasına təsir edə bilər. Müəyyən islahatlar hesabına idarəetmə xərclərinin azaldılması zərurəti ilə üz-üzə qala bilərik”.
M.Talıblının sözlərinə görə, neftin Azərbaycan iqtisadiyyatındakı rolunu danmaq günəşin olmasını inkar etmək kimi bir şeydir. “Neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatına təsir etdiyini inkar etmək əvəzinə, neft sektorunun yerini doldura biləcək alternativ gəlir mənbələri tapmaq lazımdır. Burada xüsusilə qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, bu sektordan daxil olmaları artırmaq lazımdır. Nəticədə bu ümumilikdə neft gəlirləri olanda da, olmayanda da ölkəyə daxil olmaları eyni səviyyədə saxlaya bilər. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı bir o qədər də böyük deyil. Ona görə biz daxilolmaların əsas mənbəyi kimi neft gəlirlərini götürürük”, deyə M.Talıblı bildirdi.
Xəyal