Ölkəyə gətirilən avtomobillərin sayı azalıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 19 824,1 min ABŞ dolları dəyərində 1071 ədəd minik avtomobili gətirilib.
Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3651 avtomobil və ya 4,4 dəfə azdır. Yəni, ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan gətirilən minik avtomobillərinin həcmi dəyər baxımından 45,9 faiz azalıb.
Qeyd edək ki, bu ilin iki ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 42,3 faiz təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 48,8 faizini təşkil edib.
Bu məsələ ətrafında fikirlərini bölüşən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, manatın devalvasiyasından sonra əhalinin alıcılıq qabiliyyəti təxminən 20-25 faiz aşağı düşüb. Ekspertin sözlərinə görə, problemli kreditlərin həcminin artması fonunda bank sistemində kreditləşmə prosesində bir qədər sərtlik yaranıb. Ekspert ölkədə maşın bolluğunun olduğunu vurğulayaraq, bununla belə, qiymətlərin də artacağını istisna etmir: “Qiymətlər, əlbəttə ki, artacaq. Ona görə yox ki, maşın çatışmazlığı var. Maşın boldur. Ümumilikdə maliyyə sistemində gedən proseslər ona gətirir ki, qiymətlər qalxsın. Xüsusilə də daha çox maşın xaricdən dollarla alınaraq gətirilir. Dollarla alıb burda manatla satırlar. Məzənnə prosesində itkilərə yol verilir. Bunun qarşısını almaq üçün qiymətləri artırırlar. Başqa çarə yoxdur. Bu baxımdan maşınların qiymətinin artması şübhəsizdir”.
Nigar