Olmayan uğurdan, yoxsa olan uğursuzluqdan
Analoqsuz inkişaf edən ölkədə, analoqsuz məntiqlə üz-üzə qalmışıq. Uzun illərdi hökumət komandası yazdıqlarımıza görə bizi ittiham edir. Hətta ittihamla da əsəblərinə “su”səpə bilmirlər. Həqiqəti yazanlar şərlənərək həbs edilir, təzyiqlərə, təqiblərə məruz qalır, yaxınları ilə şantaj olunur. və.s
Hakimiyyət israrla “həqiqəti yazmayın” deyir. Çünki, bu hakimiyyət yalandan, saxtakarlıqdan, qanunsuzluqdan güc alır. Həqiqət isə bu gücü zəiflədir.
Yeri gəlmişkən, son günlər mətbuatın əsas gündəminə çevrilən Lamiyə Quliyeva olayı haqqında yazdığımıza görə də ittihamlarla üz-üzə qaldıq. YAP-çı deputat Bəxtiyar Sadıqov bu mövzuda yazmağı mənəviyyatsızlıq kimi qiymətləndirdi və bu mövzu haqqında yazılanları sifariş adlandırdı. Çünki, bu hadisənin içində xeyli yalanlar var və yazmaqla həqiqətə nail olmaq mümkündür.
Ümumiyyətlə, jurnalistin korrupsiyadan, hüquqsuzluqdan, inhisarlardan, məmur özbaşınalığından yazması da süngü ilə qarşılanır. Bu hakimiyyətin yarıtmaz siyasətini ifşa edən istənilən yazının cavabı, “vətən xaini”, “ermənipərəst”, “anti-milli”, “mənəviyyatsız” olur.
Bəs, biz nədən yazmalıyıq? Göyə uçan peykimizdən, kəsilən lentlərdən, çəkilən yollardan, tikilən göydələnlərdən, yaşıl parklardanmı?
Qarabağ qazisini intihar həddinə çatdıran məmur , əsgəri güllələyən polkovnik , mandat alveri ilə məşğul olan deputat, əyri yollarla milyonlar qazanan məmur haqqında niyə yazmayaq? Biz də başqaları kimi qanunsuzluqlara “gül dəstəsi” bağlayıb, bayram etməliyik?
Siz göyə uçan peykdən yazırsınız. Biz insanların həyat peykinin sönməsindən narahatıq.
Siz, qırmızı lentin kəsilməsindən danışırsız. Biz bütün qırmızı xətlərin keçilməsindən yazırıq.
Siz milyonların mənimsənilməsi hesabına tikilən məktəb binasını inkişaf kimi təqdim etirsiniz. Biz bu binanın içindəki rüşvəti, savadsızlığı, elmsizliyi, qeyri-şəffaflığı faktlarla göstəririk.
Siz seçki qutularını, biz o qutulara atılan topa bülletenləri göstəririk.
Siz, cibinizə axan milyonlardan məmnun olursuz. Biz, ciblərə atılan narkotikalardan məyus oluruq.
Siz hansısa diaqnostika mərkəzinin tikilməsini səhiyyənin inkişafı kimi göstərməyə çalışırsınız. Biz,bu ölkədə xəstəyə düzgün dioqnoz qoyulmadığını, milyonlarla insanın müalicə üçün ölkə xaricinə pənah apardığını ortaya çıxarırıq.
Siz milyardlar hesabına başa gələcək yay olimpiya oyunlarını uğur hesab edirsiz. Biz, manata möhtac vətəndaşın yaya qədər necə yaşayacağının qayğısını çəkdiyini işıqlandırırıq.
Siz, hansısa körpünün tikilməsini möhtəşəmlik hesab edirsiniz. Biz, bu körpüyə çıxıb intihar edənlərin dərdinə dərman tapmaq istəyirik.
Siz büdcənin talanması hesabına çəkilən keyfiyyətsiz yolarla fəxr edirsiniz. Biz, insanların tale yollarında yaranmış “tıxac”dan xəbər veririk.
Siz analoqsuz inkişafdan, biz analoqu olmayan cinayətlərdən yazırıq.
Siz inkişaf deyəndə var-dövlətinizin artmasına istinad edirsiniz. Biz səfalət deyəndə, milyonlarla insanın kredit bataqlığında boğulmasına, milyonlarla vətəndaşın dolanışıq üçün uzaq ellərə üz tutmasına istinad edirik.
Siz hansısa obyektinizin təməlinin atılmasına görə sevinirsiniz. Biz qəbir yerlərinin satılmasına görə kədərlənirik.
Siz iri ranqlı məmurun tikdirdiyi göydələni şedevr hesab edirsiz. Biz ah-naləsi göyədlənləri də aşan insan dərdlərini işıqlandırırıq.
Siz özünüzdən yüksək vəzifədə olanların sifarişini yerinə yetirirsiz. Biz vicdanımızın sifarişinə tabeyik.
Bu hakimiyyət, AŞPA-da işğalçının leyhinə səs veməyin, biz işğalçının səsini kəsməyin tərəfindəyik.
Siz vicdanlı insanların qondarma ittihamlarla cəzalanmasına haqq qazandırırsız. Biz vicdansız insanların cəzasız qalmasına qarşıyıq.
Dünyanın istənilən ölkəsində məktəb binası , xəstəxana , göydələn , körpü tikilir. Amma dünyanın heç bir ölkəsində bu tikintilərə görə vətəndaşa minnət edilmir. Hansısa məktəb binasının tikilməsi, hansısa yolun çəkilməsi vətəndaşa divan tutmağa haqq qazandıra bilməz.
Bəli, biz həqiqətləri yazdığımıza, yalanı ifşa etdiyimizə görə hökumətin qəzəbinə tuş gəlirik.
Əslində, biz xoşbəxt adamlarıq. Çünki, biz korrupsiyaya, talançılığa, ədalətsizliyə nifrət etdiyimizə görə cəzalanırıq. Bu cəza, bu ittiham hələ də davam edirsə, deməli hələ də düz yoldayıq.
Biz vəzifə, pul xatirinə öz prinsiplərimizdən əl çəkə bilmərik. Siz hökumətin, biz isə millətin və dövlətin xidmətçisiyik.
Siz olmayan uğura inandırmağa çalışın. Biz olan uğursuzluğu göstərməyə davam edək.