ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hakimiyyətini əsas azadlıqları məhdudlaşdırmaqda ittiham etdi
Siyasi məhbuslar, aksiyalara görə cərimələrin artırılması, son həbslər Amerikanı narahat edir
Ötən həftə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Yan Kelli bəyanatla çıxış edərək Amerika-Azərbaycan münasibətini qiymətləndirib və bəzi məsələlərlə bağlı ABŞ-ın narahatlığını ifadə edib. “Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır və bizim üç əsas əməkdaşlıq sahəmiz var: Qarabağ münaqişəsi mövzusu da daxil olmaqla, təhlükəsizlik; energetika və iqtisadi məsələlər, həmçinin demokratik və iqtisadi məsələlər. Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələsində əsas rol oynayır. Azərbaycan və amerikalı əsgərlər Kosovo, İranda, indi də Əfqanıstanda yanaşı dayanırlar. Azərbaycan həmçinin Əfqanıstanda NATO əməliyyatlarının dəstəklənməsi üçün
çox mühüm nəqliyyat marşrutudur”, – bəyanatda deyilir. “Biz ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla nizamlanmasına əzmlə sadiq olduğumuzu bildiririk.
ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağda münaqişənin dinc yolla və davamlı həllini tapmaq üçün tərəflərlə işə sadiqdir.
“Biz qanunun aliliyinin irəliləməsi, əsas insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti və Azərbaycanda potensialın tam reallaşması üçün zəruri islahatların həyata keçirilməsində birgə işləməyə hazırıq. Bununla əlaqədar biz əvvəlkitək ölkədə toplaşma, söz və assosiasiya azadlığı daxil olmaqla, əsas azadlıqların məhdudlaşdırılmasından narahatıq. Biz Bəxtiyar Hacıyevin və 2011-ci ilin yazında dinc etiraz aksiyasında iştiraka görə həbs olunan doqquz fəalın azadlığa buraxılmasını alqışlasaq da Vidadi İsgəndərovun, Şahin Həsənlinin və 2011-ci ilin aprelində siyasi nümayiş zamanı tutulan iki fəalın həbsinin davam etməsindən narahatıq. Biz həmçinin “Eurovision” müsabiqəsi zamanı beynəlxalq diqqətin Azərbaycanda insan haqlarının pozulmasına yönəltməyə cəhd göstərən, prezident Əliyevin qızının şerlərinin məktəb proqramına daxil edilməsi barədə tənqidi fikirləri öz bloqunda yerləşdirən Zaur Qurbanlının 15 gün həbs olunmasından narahatıq”, – Kelli yazır.
“Biz Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovanın şantac olunmasının və jurnalist İdrak Abbasovun döyülməsinin düzgün, hərtərəfli araşdırılmasının təmin olunmasına çağırırıq. Parlamentə yerlərin hakim partiya üzvləri tərəfindən satılmasını nümayiş etdirən video ətrafında yaranan qalmaqalla əlaqədar oktyabrın 20-də Bakıda etiraz mitinqi keçirməyə cəhd edən 30-a yaxın müxalifətçini və müstəqil gənclər qrupunu polis həbs edib. Bir çoxları cərimə ödədikdən sonra buraxılsa da bilirik ki, etiraz edən 12 nəfər 15 sutka həbs cəzası alıb.
Biz həmçinin qanunvericiliyə icazəsiz etiraz aksiyasında iştiraka görə cəzanı xeyli artıran düzəlişlərin edilməsindən də narahatıq. Bu cür hərəkətlər fundamental toplaşma, ifadə və assosiasiya azadlığı ilə uzlaşmır. Biz Azərbaycanı bu və bunlarla əlaqədar halları ATƏT öhdəliklərinə uyğun olaraq həll etməyə çağırırıq”, – bəyanatda qeyd olunur. “Biz Azərbaycan hökumətini demokratik islahatlar və insan haqları sahəsində konstruktiv təşəbbüslərin hazırlanmasında ATƏT, vətəndaş cəmiyyəti və siyasi partiyalarla əməkdaşlıq etməyə çağırırıq. Biz həmçinin hökuməti traffikinqə qarşı effektiv mübarizə ilə bağlı cari məsələlərin həlli üzrə səylərini canlandırmağa, qurbanların aşkar edilməsi və günahkarların cəzalandırılması üçün daha çox iş görməyə çağırırıq. Nəhayət, Avropa İttifaqındakı həmkarlarımız
kimi, biz də Azərbaycanla konstruktiv əməkdaşlığa ümid edirik”, – bəyanatda vurğulanır.
İnformasiya şöbəsi