Məhkəmə sədri ilə rektorun görüşündə dəhşətli korrupsiya söhbətləri və adam oğurluğunun detalları (STENOQRAM)
«Zülfüqarov qardaşlarını bu gün tutdurdular mənə, 5 milyon alıb 20 gündən sonra buraxdırdılar»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq”a növbəti müraciət ünvanlayıb. Əlindəki ciddi faktları ictimailəşdirməkdə yardımçı olduğu üçün öncə “Azadlıq”a təşəkkürünü çatdıran E.Abdullayev bildirir ki, onda olan daha bir videonu yaymaq qərarına gəlib.
E.Abdullayev müraciətində yazır ki, məqsədi qardaşı Mahir Abdullayevin Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasının təfərrüatlarını ictimaiyyətə çatdırmaq və bu işin açılmasına nail olmaqdır. Məlum olduğu kimi, prezidentin göstərişilə 4 oktyabr 2012-ci ildə Baş Prokurorluqda Müstəqil Istintaq Komissiyası yaradılıb. O da öz növbəsində bu işlə əlaqədar şəxsi təşəbbüsü ilə topladığı sübutları komissiyaya təqdim edib. E.Abdullayevin sözlərinə görə, həmin sübutların bir hissəsini əvvəllər də hüquq-mühafizə orqanlarına təqdim edib, lakin heç bir araşdırma aparılmayıb, tədbir görülməyib. Sabiq rektor bildirir ki, bu komissiyanın da fəaliyyəti arzuolunan səviyyədə deyil və onda belə bir təsəvvür yaranır ki, bu komissiya da sübutları araşdırmaq üçün lazımi tədbirlər görmür. Bu səbəbdən də Mahir Abdullayevin oğurlanmasıyla bağlı istintaqa təqdim etdiyi sübutlardan birini açıqlamaq qərarına gəlib: “Hesab edirəm ki, bu görüntünün yayılması nəinki istintaqa mane olmayacaq, əksinə, onun obyektiv aparılmasına və daha da sürətləndirilməsinə kömək edəcək”.
Qeyd edək ki, budəfəki videogörüntü sabiq rektorun Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Hacı Ağababa Babayevlə görüşünü əks etdirir.
Bu video hələ 2009-cu ildə MTN-ə təqdim olunub
E.Abdullayev onu da qeyd edir ki, bu materialları o, hələ 2009-cu ilin martında rəsmi qaydada protokolla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Rəsul Rəsulova təqdim edib. Bunu sübut edən videokaseti də Müstəqil Istintaq Komissiyasına göndərib. Yeri gəlmişkən, sabiq rektor protokolun surətini “Azadlıq”a da təqdim edib.
Mahir Abdullayev “Bandotdel”də saxlanılıb?
E.Abdullayev bildirir ki, yeni yayılan videogörüntüdə əks olunanlar – Ağababa Babayevlə görüş 2007-ci ilin iyununa təsadüf edir. Həmin söhbətdə A.Babayev ona qardaşı Mahirin 3 il yarımdan artıq müddətdə Daxili Işlər Nazirliyinin (DIN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində (“Banditizm”də) saxlanıldığını, Mahirin barəsində sanksiya verilməsi üçün DIN rəhbərliyi tərəfindən ona müraciət olunduğunu, lakin sanksiya verməkdən imtina etdiyini danışır.
Ramil Usubov və Vilayət Eyvazovun da adı hallanır…
Hakim E.Abdullayevə söz verir ki, qardaşının azad olunması üçün ona kömək edəcək və DIN rəhbərliyilə danışıqlar aparacaq. Qeyd edək ki, söhbət zamanı daxili işlər naziri Ramil Usubov və onun müavini, vaxtilə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi olmuş Vilayət Eyvazovun da adı çəkilir.
“Azadlıq”a təqdim olunan videogörüntü E.Abdullayevlə A.Babayev arasındakı söhbətlərin bir hissəsidir. E.Abdullayevin yazdıqlarından belə məlum olur ki, sonrakı söhbətlərdə A.Babayev ona danışıqların uğursuzluqla nəticələndiyini bildirib.
“Montaj olunub, nədir, bilmirəm…”
Dünən görüntülər yayılandan sonra A.Babayev APA-ya açıqlamasında E.Abdullayevin onu şantaj etdiyini bildirib: “Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işilə bağlı ifadə vermişəm. Ifadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm”.
Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir: “Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub, nədir bilmirəm”.
A.Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib: “Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. Işə də getmirəm”.
“Ramil Usubov heç vaxt belə şeylərə bulaşmaz”
DIN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə “mediaforum”a açıqlamasında yayılmış videogörüntülərlə bağlı bunları deyib: “Ramil Usubovu bütün ölkə yaxşı tanıyır. Belə iftiralar Ramil Usubova yapışmaz. Kim nə deyir, desin. Ramil Usubovun adını belə şeylərə bulaşdırmaq istəyənlərin cəhdləri əbəsdir. Ramil Usubovu bütün ölkə, xalq və bütün sistem tanıyır. Hamı onun necə insan olduğunu bilir. O, heç vaxt belə şeylərə bulaşmaz”.
***
E.Abdullayevin yaydığı videogörüntülərdəki söhbətin stenoqramını təqdim edirik:
Ağababa Babayev:
– Nə isə, keçək mətləbə, vaxtım azdır, məni gözləyirlər.
Elşad Abdullayev:
– Hacı, qadanı alım, qardaşımı ver də…
– Sənin qardaşını Allah qoysa… Mən bunlarla görüşdüm, altıncı günün söhbətidir…
– Vilayətlə, yoxsa Ramillə?
– Vilayətlə. Dedim ki, sizinlə qurtardım mən. Siz mənə ayın 3-də verməliydiniz bunu. Əvvəl dedilər ki, ayın 2-də bayramdır, qalsın 3-nə. Dedim ki, axı mən də adamlara söz vermişəm. Bir epizod vardı, heç deməmiş, qəsdən onu rədd elədim, buraxdım. Mühüm əhəmiyyət kəsb eləyirdi onlar üçün. Özü də demişdilər mənə əvvəlcədən. Dedim ki, artıq 8-ci ildir ki, nə demisiniz, demişəm, “baş üstə”. Olub elə? Dedi, olub. Bir manat istəmişəm? Bir şey eləmişəm? Dedi, yox. Yaxşı, mən də sizdən bir şey xahiş elədim, indiyə qədər eləməmişdim. Əgər mümkün deyilsə, mənə deyin ki, sən qarışma, otur yerində. Dedim ki, mən də heç bir şey bilmirəm, amma mən deməmiş, sən dedin ki, hər şey yerindədir, sağ-salamatdır. Soruşdum ki, düzdür? Dedi ki, düzdür. Sonra, dedim ki, bəs bunu buraxmaq məsələsi… Dediniz ki, narahat olma, onu verəcəyik sənə təhvil. Dedim ki, axı mən də bu insanlara söz vermişəm. Bəlkə bu insanların fikrindən başqa şey keçirmiş, amma mən demişəm ki, mənəm ortada, heç nə eləməyin, heç yerə getməyin, bu uşağı verərlər sizə gec-tez. Indi də bir aydan yuxarıdır, bu gün-sabah, bu gün-sabah… Mən də insanam, mənim də üzüm var…
– Iki uşağı var, ayıbdır. Bir qardaşım Türkiyədə xəstəxanada, bacım Leyla Şıxlinskaya xəstəxanasında. Canım üçün, hamısı əsəbdən…
– Mənim də nüfuzuma xələl gəlir, belə çıxır ki, mən yalançı olmalıyam? Nə isə, çox söhbətimiz oldu. O gün görüşəndə axırıncı dəfə dedi ki, bəs, fikirləşirik, onu nəyin bahasına olursa olsun, birtəhər verək məhkəməyə, açıb buraxsınlar, elə siz özünüz həll eləyin. Dedim ki, yaxşı, bəs iki ildən sonra, üç ildən sonra…
– Üç il səkkiz ay…
– Üç il yarımdan sonra… Sabah nə deyəcəksiniz? Indi nə düzüb-qoşacaqsız? Sabah bəs soruşmayacaqlar ki, bu bir belə harada, niyə yatıb? Bəs bu hara getdi belə? Dedi, yox, elə onun üçün çalışırıq. O, sözü elə onun üçün atdı… Mən də dedim ki, yox, bu, təmiz çıxmalıdır, öz işinə-zada qayıtmalıdır. Əgər bunun əməlində bir şey varsa, deyin. Mən hesab edirəm, bunlar bu neçə vaxtdır fırlatmaqda, istəyirlər ki, bir şeylə versinlər məhkəməyə, sonra biz də buraxaq çıxıb getsin. Mən tutdum da bunu ki, bunlar bunu belə saxlamaqla neyləmək istəyirlər. Onu da dedim ki, almısan, eləmisən, öz yerində. Bu qədər də olmaz da, ayıbdır axı… Ya mənə de ki, qarışma, mən də gəlim deyim ki, qardaş, mənim işim deyil, mənə imtina elədilər. Dedim, siz də dediniz ki, baş üstə, indi də eləyin də. Keçən beşinci gündən məsələlər bərk şişib. O adamı ki mən tutmadım, onların dediyini, həmin məsələdə də iki milyon pul var idi…
– Həmin məsələdə? Bizdəki kimi…
– Yox, başqa cür idi. Götürmüşdülər ki, onun pulu var, qalmalıdır burada. Açıq bəllidir, pulunu almağa. 2 milyon dedilər gətir. Vermirlər, qalsın burada. Yaxşı, qalsın e, qalsın. Sən də bunu elə də…
– …
– Milyonlar e, nə danışırsan sən? Zülfüqarov qardaşlarından 5 milyon aldılar. Bu gün tutdurdular mənə, aldılar, 20 gündən sonra buraxdırdılar. Denən, 5 qəpik mənə verdilər?
Yaxşı, indi də bu insan nə qədər çəkməlidir bunu? Bütün nəsil, ailə xəstələnib. Neyləmək lazımdır burada?
Sabah, sabah ikinci gündür, ya birisi gün mən gedib Ramillə görüşəcəyəm. Bilirsən, məsələ başqa cürdür. Mən məsələni qoymuşam, o da məruzə eləyib, Ramil də deyib ki, ağsaqqala de, bir görüşək. Bəlkə də bu gün oldu, sabah oldu, məni çağıracaq. Bu niyə belə oldu, olmadı… Başa düşdün?
– Balamın canı üçün, hacı, sabah yox, birisi gün ayın 13-də olur 3 il 8 ay.
– Aydındır. Indi görək nə deyir mənə. Indi o məhkəmə məsələsi ki var… Söhbət açılacaq da orada. Açılsa, deyərəm ki…
– Denən, bunun işçisini bir ildə dörd dəfə tutduz, “krupnı” pulunu aldız. Axırda dedilər ki, nə danışırsan, təzədən gətirməlisən. Gördüm ki, abırsızlıq, həyasızlıq olacaq, getmədim. Hacı, qardaşımı göndərdim. Bildim ki, bunlar elə bəhanə axtarırlar. Qardaşımı göndərib bunları yola verdim. Amma adamda insaf yaxşı şeydir də… Dörd dəfə məni belə aldadıb o pulu da alıblar.
– Bu gün-sabah bu məsələ həll olunmalıdır, 100 faiz. Ya belə buraxmalıdırlar, ya da… Indi mən ya sabah, ya da birisi gün görüşəcəm. Ya da məhkəməyə verəcəklər işi.
– Hacı,…
– Dedi, bəlkə elə sizə verdik, siz yoluna qoyduz. Elə bir söhbət də işlətdi.
– Hacı, ən yaxşısı elə belədir. Ən yaxşısı, de ki, ver, mən yoluna qoyaram. Məhkəməlik eləmə. De ki, bunun adamını bir ildə dörd dəfə ilişdirmisən, pulunu alıb yoluna qoymusan. Ayıbdır axı…
– Elə bilirsən demirəm? Vallah deyirəm. Uje mən… Allaha and olsun, bunlarla cəng edirəm. Allah qoysa, ya sabah, ya birisi gün özü çağırmalıdır nazir məni. Mənim məqsədim budur ki, təmiz çıxsın.
– Amma sən situasiyaya fikir ver, görsən ki, bunlar başqa yol tutmaq istəmir, ver məhkəmə ilə. Sonra biz “opravdaniya” qazanarıq.
– O, sonrakı işdir. Mən bunların “qarın ağrısını” tədricən yumşaltmaq istəyirəm. Yavaş-yavaş məhkəməyə-filan… Gücüm çatmasa, görsəm ki, mümkün deyil…
– Denən hörmətinizi-zadınızı eləyək, buraxın bunu, çıxıb getsin evinə, sən Allah.
– Qardaş canı, demişəm ki, gedin “hörmətinizi” də alın, nə istəyirsiniz alın…
– Eləmişik də, vallah eləmişik.
– Mən məsələni sərt qoymuşam, ikinci çıxış yolu yoxdur. Indi gözləyək…
– Məhkəmə yolu ilə deyəndə, hansı maddə ilə vermək istəyirlər?
– Bilmirəm, hansı maddə ilə vermək istəyirlər.
– Bunlara nə var e…
– Dələduzluqdan-zaddan verərlər…
– Milyon dənə maddə var.
– Əşşi, maddədən çox maddə var. Dələduzluq verərlər, bunlar üçün ən yaxşısı odur. Filankəsi aldadıb, filankəsə söz verib… Başqa nə eləyə bilərlər?
– De ki, bir-birimizə niyə hörmət eləməyək? Bir qardaşı hüquq elmləri doktorudur, bir qardaşı prokurorluq polkovnikidir… Hamısı vəzifəli adamlardır.
– Qardaş, mən yorulmuşam bunlarla. Yoldaşım da deyir ki, bunlar gündə sənə filan işi deyirlər, filan işi deyirlər. Bəs sən onların başını əzmirsən ki, bu nədir? Dedim ki, eləmişəm də bu səfər, indi fırlanırlar…
– Baş var ki, əzəsən?!
– O gün rədd elədiyim işdəki adamı “povtornı” məhkəməyə vermək istəyirlər.
– Utanmırlar e… Abırsız, həyasız adamlardılar da…
– Murdar adamlardılar e…
– Hacı, sən Allah, məhkəməyə qoyma, belə yola verək, çıxsın getsin.
– Yox, yox, mən özüm də istəmirəm.
– Denən bəs burda niyə oturmuşuq?
– Demişəm ki, axı mən adamlara söz vermişəm. Indiyə qədər heç kimə söz verməmişəm, heç kəslə məşğul olmamışam. Mən bunu bilməliyəm axı, sözümün üstündə durmalıyam. Bunlar da mənə hörmət eləyirlər.
– Denən, indiyə qədər bunun işçisini dörd dəfə tutub buraxmısan… Balamın canı üçün, nə pul istəyiblər, onu da vermişəm.
– Demişəm. Demişəm ki, qarant mənəm, bir kəlmə söz çıxsa, mənlikdir.
– De ki, paqon yoldaşınızdır, ayıb deyilmi? Bunlar adam deyillər e…
– Bunlar adam deyillər, vəhşidilər.
– Bunlarınkı vəhşilikdir.
– Vəhşilikdir, adam olsaydılar, nə vardı ki?!
– Heç Hitler belə eləməyib…
– Onlar bilirsən nətər şeylər eləyir, ay Elşad müəllim? Vallah, adam küsür, nifrət eləyir. Heç işləmək istəmirəm. Istəyirəm, çıxım oradan.
– Sənin bəxtindəndi, elə yerə düşmüsən ki…
– Özüm də bezmişəm, çalışıram ki, bir başqa sakit rayona gedim ki…
– Mən bilirsiz bayaqdan nəyi axtarırdım? Qardaşımın Ilham Əliyevlə bir yerdə şəkli var. Hadisədən üç gün əvvəl çəkilib. Üç-dörd dənə şəkil çəkdirib Ilham Əliyevlə.
– Gözü götürməyən adamlardır da. Sabah birdən mənim yerimə keçər…
– Təsadüfi adam olsaydı, Ilham Əliyevlə onun şəkli olardımı?
– Yox əşşi, təsadüfi adamla onların nə işi var…