Media və sosial şəbəkələr vasitəsilə yüz minlər aksiyanın iştirakçısına çevrildi
Martın 15-də Milli Şuranın təşkil etdiyi “Talana son” mitinqi cəmiyyətdə böyük rezonans doğurub. Mitinqdən əvvəl ona olan maraq, aksiyadan sonra daha böyük miqyasda müşahidə edilir.
Mitinqə qarşı hakimiyyətin çoxsaylı təxribatlarına baxmayaraq, Milli Şuranın çağırışına 10 min nəfər meydanda hay verdi. Lakin mitinqə ictimai maraq bunun məhdudlaşmır. Aksiya barədə xəbərlər yüz minlərlə ifadə olunan auditoriyanı əhatə edir.
Müxtəlif media və sosial şəbəkələrdə aksiya ilə bağlı xəbərlərin böyük oxucu marağına səbəb olması, Facebookda minlərlə insanın mitinqdən şəkilləri və xəbərləri paylaşması, istifadəçilərin müzakirələrə qoşularaq artıq indidən 5 aprel aksiyasına cağırışlar etməsi “Talana son” mitinqinin siyasi gündəmi bütövlükdə zəbt etdiyini deməyə əsas verir.
Mitinqdən reportajı təkzə “Azadlıq” qəzetinin saytından bu sətirlər yazılana qədər (17 mart, saat 19) 111 min dəfədən çox oxunub, 2490 dəfəyə qədər facebook üzərindən paylaşılıb. Bu, nəinki son ayların, hətta 2013-cü ildən bəri qeydə alınan rekord göstəricidir.
Bunun üstünə mitinqlə bağlı başqa saytlarda oxunma sayı on minləri aşan məlumatları, sosial şəbəkələrdəki statistikasını qeydə almağın mümkün belə olmadığı çoxsaylı paylaşımları da gəlsək, 15 mart mitinqini ilə bütövlükdə xalqın tanış olduğunu deyə bilərik.
Bu isə onu göstərir ki, cəmiyyət bir tərəfdən hakimiyyətə qarşı müxalif mövqedə durur, onun xalqa zidd siyasəti ilə barışmaq niyyətində deyil, o biri tərəfdən də bu hakimiyyətə alternativ qismində Milli Şuraya güvənir, onun çağırışlarına diqqətlə yanaşır.
15 mart mitinqinin belə uğurlu alınması və rezonans doğurması həm də hakimiyyətin uzun illərdir ölkənin real müxalifətinə qarşı apardığı qarayaxma kampaniyasınnın, müxtəlif təxribatların heç bir nəticə vermədiyinin əyani sübutudur.
Emil