İndi də beynəlxalq aləmin tənqidlərini islamafobiya ilə əsaslandırmağa çalışırlar
Azərbaycan hakimiyyəti hər gün bir az da ifşa olunur, beynəlxalq aləmdə nüfuzunu itirir və Azərbaycanı uçuruma doğru aparmaqda davam edir. Daxili və xarici siyasətdə bu qədər bataqlığın yaranmasına baxmayaraq, hakimiyyət nəticə çıxarmaq əvəzinə, cılız arqumentlərə sarılıb. Uzun müddətdir ki, Azərbaycanla bağlı tənqidi hesabatları, beynəlxalq mətbuatın kəskin yazılarını, jurnalistlərin korrupsiya faktları ilə bağlı araşdırmalarını erməni lobbisinin sifarişi kimi təqdim edirdilər.
Demək olar ki, dünyanın hansı tərəfindən Azərbaycanla bağlı tənqidi fikir tirajlanırdısa, hakimiyyət təmsilçiləri “erməni lobbisindən maliyyələşənlər” arqumentini ortaya qoyurdular. Hətta vəziyyət o həddə çatdı ki, Barak Obamanı da erməni lobbisinin idarə etdiyini bildirdilər. Eyni zamanda ölkə daxilində müxalifətin fəaliyyətini də “erməni lobbisindən qrant alanlar” kimi tirajlayırdılar.
Amma bu “arqument” hər dəfə bir az da dəyərini itirirdi. Çünki, ölkə başçısından tumuş, millət vəkilinə qədər hər kəs “Ermənistan acından ölür” informasiyasını yayır, AzTV-lər Ermənistanda səfalətin pik həddə çatdığını tirajlayır. Yəni öz “arqument”lərini, özləri təkzib edirdilər. Hakimiyyət təmsilçiləri bəyan edirlər ki, acından ölən Ermənistan bütün dünyanı idarə edir, beynəlxalq təşkilatlara maliyyə yardımı ödəyir. Həm də hakimiyyət bu arqumentə sığınmaqla, xarici siyasətdə Ermənistana uduzmaqlarının etirafını etmiş olurdular.
Əslində isə beynəlxalq təşkilatların da, Qərbin də Azərbaycandan tələbi demokratiya, insan haqları məsələlərinə hörmət etməkdən ibarətdir. Bu gün də bütün dünya tələb edir ki, siyasi məhbuslar azad edilməlidir, repressiyalara son qoyulmalıdır və s.
Avropa oyunları öncəsi Azərbaycana qarşı beynəlxalq kampaniyanın başlamasını, boykot çağırışlarını da “erməni” arqumenti ilə əsaslandırmağa çalışırdılar. Amma son günlər hökumətimiz yeni “arqument” tapıb. Yuxarıda qeyd etdiyimiz kimi “erməni” arqumenti o qədər çiynənib ki, özləri də diksinməyə başlayıblar. Ona görə də “islamafob” arqumentinə “stavka” ediblər. Guya, Azərbaycana qarşı kampaniya, tənqidi fikirlər islamafob dairələrin fəaliyyətidir.
Ümumiyyətlə, Azərbaycan iqtidarının fəaliyyətinin hansı hissəsində islam sevgisi, islama hörmət hiss olunub? Islamafoblar Azərbaycan hakimiyyətini niyə hədəf seçməlidilər ki?
Təbii ki, dünyada islamafob qüvvələr var. Amma Almaniyanın, Fransanın, Ingiltərənin, ABŞ-ın nüfuzlu nəşrlərinin, beynəlxalq təşkilatların faktlara söykənən yazılarını, haqlı tənqidlərini, islamafobiya ilə əlaqələndirmək absurddur. Çünki, yazılanlar həqiqətdir və Azərbaycan xalqı da buna şahidlik edir. Korrupsiyadan tutmuş, siyasi məhbuslara qədər bütün iradlar reallığı əks etdirir.
Əksinə, hakimiyyətin atdığı addımlar islamafobların xoşuna gəlir.
Belə ki, müsəlman ölkəsi sayılan Azərbaycanda hicablı xanımlar məktəbə buraxılmır, azan verilişinə qadağa qoyulur, namaz qıldığına görə insanlar işdən çıxarılır, dini verilişlər televiziyalardan yığışdırılır və ölkənin ən nüfuzlu ilahiyyatçıları şərlənərək həbs edilir. Bütün dünya bilir ki, Hacı Tale, Hacı Abgül, Hacı Mövsüm və digərləri haqlı söz söylədiklərinə görə həbs olunub və siyasi məhbus siyahısındadılar. Hökumət təmsilçilərinin həyat tərzində də islami dəyərlərin təzahürü hiss olunmur. Daha dərinə getsək, daha dəhşətli faktlarla qarşılaşa bilərik.
Yəni hakimiyyətin “islamafob” arqumenti, “erməni” arqumentindən də biabırçıdır. Hökumət “yaxşı eləyirəm” deyə cavab versə, daha məntiqli alınar. Çünki, normal düşüncəyə sahib olan istənilən şəxs başa düşür ki, hakimiyyət vətəndaşa hörmət, korrupsiyadan imtina etməmək üçün, ölkənin sərvətlərini talamaq üçün, hakimiyyət kürsüsünü əbədi zəbt etmək üçün bütün dünya ilə düşmən olub.
Bəli, baş verənlər dövlətin və millətin mənafeyini ifadə etmir. Belə olsaydı, Rusiyanın himayəsinə sığınmazdılar.
Bir sözlə, hakimiyyət bu çılpaq həqiqətləri etiraf etmək, nəticə çıxarmaq əəvəzinə yeni “ideya”lar istehsal edir. Amma ermənini sevindirmək də, islamafob mövqedən çıxış etmək də hakimiyyətin siyasətində əks olunur.
Akif