"Azərbaycanın 24 illik müstəqillik tarixində insan haqlarına ən kəskin hücum həyata keçirilir"
"Human Rights Watch" insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber aprelin 6-da Avropa Birliyinə çağırış edib ki, Azərbaycan hakimiyyətinə təzyiqləri gücləndirsin.
"Azərbaycan 24 illik müstəqillik tarixində insan haqlarına ən radikal hücumu həyata keçirdikcə, Avropa Birliyi kənarda durub baxır. Buna son vermək lazımdır. Bu həftə AB-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Johannes Hahn Bakıya səfər edir və AB-nin yeni qətiyyət göstərməyə tam şansı var", – deyə o, yazır.
Denber qeyd edir ki, Azərbaycanda repressiyanın dərinləşməsinə baxmayaraq, AB tərəfdaşlığı irəli aparmağa meyllidir: "İllərdir AB Azərbaycanla münasibətinin çərçivəsi barədə danışıqlar aparıb. Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi 2009-cu ildə bitib. Ancaq danışıqlar uzandıqca və Azərbaycanda insan haqlarının durumu pisləşdikcə, AB-nin qətiyyəti də azalıb. Azərbaycan hökuməti aydın şəkildə bildirib ki, azad ticarət və viza liberallaşdırılması kimi üstünlükləri bitkin islahatlara bağlayan münasibətdə maraqlı deyil. Təəccüblü deyil ki, hökumət ölkədəki narazılara təzyiqi kəskinləşdirdikcə daha çox israr edirdi ki, insan haqlarına AB ilə münasibətlərdə yer yoxdur.
Hələlik bəlli deyil AB Bakının insan haqları islahatından imtinasıyla necə və vaxt məşğul olacaq. Ancaq şübhəsiz olan odur ki, cənab Hahn Bakıya səfəri zamanı AB-nin insan haqlarını müdafiə edənlərin yanında durmasını vurğulamalıdır. O, hökuməti təzyiqi dayandırmağa, ictimai tənqidi boğmağa deyil, gücləndirməyə yönəilk mühit yaratmağa çağırmalıdır. Hər şeydən öncə, o, Azərbaycanda günahsız yerə həbsə atılmış insan haqları fəalları və jurnalistlərin dərhal və qeyd-şərtsiz buraxılmasına çağırmalıdır".