“Yeni Müsavat” qəzetinin veb-redaktoru (musavat.com saytının redaktoru) Xalid Kazımlı Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına dair partiya Divanının qərarına münasibət bildirib. Rəhbəri olduğu saytda dərc etdirdiyi yazıda o, bu qərar görə Müsavatı bolşevizmdə ittiham edib. Onun yazdığını təqdim edirik:
“Müsavatda baş verən hadisələrə, partiyanın daxilində gedən söz-söhbətlərə həsr etdiyim “Bolşevik ritorikası” başlıqlı yazım 4 ay öncə, oktyabrın 13-də “Yeni Müsavat”da dərc olunub, hazırda Musavat.com saytının elektron arxivində də var.
İqtisdçı alim Qubad İbadoğlunun partiyadan çıxarılmasına dair yazı yazmaq istərkən o yazını açıb baxdım və gördüm ki, 4 ay öncə yazılmış yazıdan bir neçə sətir və abzas iqtibas eləmək yerinə düşər.
4 ay öncə yazmışdım: “Ölkəmizin siyasi arenasının ən böyük problemlərindən biri də budur – demokratların bolşevizmi.. Hazırda özlərini bu vaxtadək maksimum səbatlı, təmkinli aparan, həmişə hər cür polemikadan sonra mütləq uzlaşma nöqtələri taparaq eyni tavan altında birləşən müsavatçıların sırasında da bolşevizmə yuvarlananlar, qazandıqları nisbi üstünlükdən istifadə edərək azlıqda qalanları imkanları çatdığı qədər cəzalandırmaq istəyənlər var”.
Budur, çoxluq azlıqda qalanları inzibati yolla ram etmək xətti götürdüyünü ortaya qoydu. Bolşevizm ritorikası təkcə ritorika olmaqla qalmadı, sözdən əmələ keçdi və başqanlığa namizəd olmuş ikinci şəxs partiyadan kənarlaşdırıldı.
Aydın məsələdir, azad seçki olan yerdə mütləq alternativ namizdələr, rəqabət, toqquşan maraqlar, çəkişən qruplar olacaq. Belə bir durumda tərəflərdən hər hansı birinin məğlubiyyəti həzm etmələri çətin olur. Xüsusilə də əgər seçkilərdə mübahisəyə səbəb olacaq nəsə olubsa (adətən nəsə olur), söz-söhbət, intriqa qaçılmazdır.
Bu məsələdə kimin haqlı, kimin haqsız olmasına zərrəcə toxunmadan yalnız onu demək olar ki, partiyadaxili seçkidən sonrakı ziddiyyətlərin yumşalmasına, gərginliyin azalmasına nail olmaq qalib gələn tərəfin üzərinə düşən vəzifəydi. Ancaq olmadı.
Seçkidən dərhal sonra qalib tərəfin ritorikası məğlub tərəfinki qədər sərt idi. Bu barədə 4 ay öncəki yazımda belə qeydlər var:
“Sosial şəbəkələrdə, mediada gedən müzakirələrdə bu açıq-aydın görünür. Hətta bu cür şərhlərə rast gəlirik: “Onları … qovmaq lazımdır”; “Hamısını layiq olduqları yerə göndərmək lazımdır”; “Bu təklifləri açıq şəkildə təhlil edib, təpələrinə vurmaq lazımdır” və sair və ilaxır.
Qovmaq, rədd etmək, təmizləmək, təpələrinə vurmaq – budur bolşevizm”.
Sanki illərlə partiyanı böyüdən, populyarlaşdıran şəxslərin bir neçə ayın içində partiyadan uzaqlaşdırılması uğur gətirəcəkdi. İlk olaraq Səxavət Əlisoy partiyadan çıxarıldı, sonra Əlövsət Talışxanlı, Ənvər Əhməd, Kamil Xəlilbəyli çıxarıldı, Hikmət Hacızadə, Məmməd Zeynalov özləri getdi, gedənlərə görə nə qədər yetkin və gənc siyasi fəal özləri istefa verdilər, indi Qubad İbadoğlu kənarlaşdırıldı.
Son 4 ayda Müsavatdan bu və ya digər səbəblərdən (istefa, çıxarma) özündən deyən bir partiyanın rəhbər strukturunu təşkil edə biləcək sayda siyasətçi, funksioner, fəal ayrılıb.
Vaxt vardı, başqa partiyalarda fəaliyyət göstərən şəxslər fərd-fərd, qrup-qrup Müsavata gəlirdilər, yanlarınca, ardlarınca fəallar gətirirdilər. İndi gedirlər və istər-istəməz özləri ilə adamlar aparırlar. Hətta istəməsələr belə, kimlərsə, onlara görə gedir. Beləcə, partiya zəifləyir.
Bunu “partiyanın təmizlənməsi” kimi qələmə vermək olar. Amma bu təmizlənmə deyil. Köhnə vaxtlarda bolşeviklər belə şeyləri uğurla ediblər. O vaxt bircə partiya vardı və o hakim partiyaydı, dövləti, cəmiyyəti idarə edirdi, ona daxil olmaq üçün müraciət edənlərin sayı-hesabı yox idi. Həm də bolşeviklər partiyadan çıxarıdqlarını yox edir, tam zərərsizləşdirirdilər, qarşı düşərgəyə adlamalarının, düşmən olmalarının qarşısını birdəfəlik alırdılar.
Ancaq indi bu partiyadan çıxarılan funksioner asanlıqla başqa bir partiyaya keçir, əzəli rəqiblərə qoşulur, ya da özləri partiya yaradır, rəqibə çevrilir, açıq və qətiyyətli mübarizə aparır.
4 ay öncə yazmışdım: “Siyasi uğur, idarəetmə mandatı qazanmağın tək yolu insanları öz ətrafına cəmləməkdir, hər xoşuna gəlməyəni qovmaq deyil”.
Hər şeyə rəğmən dözmək, gərginliyi tədricən yumşaltmaq lazım idi.
Bir də kimisə partiyadan çıxararkən əsas bir şeyə diqqət etmək lazımdır: o şəxs partiyaya faydalıdır, yoxsa partiya o şəxsə? İndiki halda partiyanın ehtiyac duyduğu kadrlar, funksionerlər çoxdur və əldə olanlar da asanlıqla itirilirsə, geridə kim qalacaq?”.
Yazıya rəy bildir:
{fcomment}