Ekspertlərə görə, iqtidarın bu addımı münasibətlərin yaxşılaşması ilə nəticələnməyəcək
Fevralın 3-də “Vaşinqton Tayms” qəzetinin təşkilatçılığı ilə Konqresin Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir” – başlıqlı tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə məruzə ilə çıxış etiblər.
Maraqlıdır ki, son zamanlar ABŞ-a qarşı təbliğat kampaniyası aparan hakimiyyət bu dəfə fərqli mövqedən çıxış edib. Əgər hakimiyyət bir müddət əvvəl Əli Həsənovun dili ilə “ABŞ və Avropa Birliyi ilə münasibətlərimiz kritik həddədir” bəyanatını verərək, münasibətlərin artıq “qırmızı xəti” keçdiyini etiraf edib.
Amma Vaşinqtondakı tədbirdə Azərbaycan hakimiyyətinin təmsilçisi Səməd Seyidov bəyan edib ki, Azərbaycan üçün beynəlxalq münasibətlər məxsusi əhəmiyyət daşıyır.
Seyidov həmçinin bildirib ki, strateci baxımdan ABŞ-ın regionda əvvəlkinə baxanda “dostları həddindən azdır”. “Bax buna görə biz regiona daha böyük diqqət, daha geniş strateji yanaşma görmək istərdik”,- deyə o vurğulayıb.
Ekspertlər hesab edir ki, bu tipli çıxışlar Azərbaycan hakimiyyətinin ABŞ-a münasibətdə kəskin mövqe dəyişikliyi ilə bağlı deyil. Hakimiyyət ABŞ-la münasibətləri öz ssenarisinə uyğun tənzimləməyə çalışır. Belə hesab edirlər ki, Cənubi Qafqaz regionunda ciddi maraqları olan ABŞ-la əlaqələr Azərbaycanda hakimiyyətdə olan siyasi qüvvənin köklü maraqlarına ciddi təhlükə törətməyəcək səviyyədə davam edə bilər. Müxtəlif zamanlarda və müxtəlif yerlərdə sınaqdan çıxarılmış diplomatik variant tətbiq olunur. Uzun müddət ərzində sərt anti-ABŞ kampaniyası aparılır və bununla da ABŞ Azərbaycan hakimiyyətinin istəyinə uyğun olaraq enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqla kifayətlənir. Bu variantın tətbiqinin uğun gətirmək ehtimalı azdır. Yaxın illərin tarixi təcrübəsi göstərir ki, yalnız bu iki sahədəki əməkdaşlıq ABŞ-Azərbaycan arasında uzun müddətli sabit münasibətlər qurulması üçün çox az olub. Tam əsasla demək olar ki, Azərbaycan hakimiyyətinin bu addımı münasibətlərin yaxşılaşması ilə nəticələnməyəcək.
Xəyal