AXCP sədri həbsdə olan yazar, partiyanın Rəyasət Heyəti üzvünü özünə müavin təyin etdi
AXCP sədri Əli Kərimli partiyada yeni təyinatla bağlı sərəncam verib. Sərəncamla partiyanın Rəyasət Heyətinin üzvü, həbsdə olan tanınmış jurnalist, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Seymur Həzi AXCP sədrinin müavini təyin olunub.
Seymur Həzi 1982-ci ildə Beyləqanda doğulub. Bakı Dövlət Universitetini şərqşünas ixtisası ilə bitirib. Magistr dərəcəsi və fəlsəfə üzrə aspirantura təhsili alıb. 2008-2009-cu illərdə hərbi xidmətdə olub.
Seymur Həzi yeniyetmə yaşlarından ictimai-siyasi fəaliyyətə meyl edib. 1998-ci ildən AXCP-nin üzvüdür. Sıravi üzvlükdən AXCP Gənclər Komitəsinin sədri və Rəyasət Heyətinin üzvlüyünədək yüksəlib.
Seymur Həzi AXCP-nin fəaliyyətində, eləcə də ölkə çaplı ictimai-siyasi hadisələrdə hər zaman fəal iştirakı ilə seçilib. Partiya quruculuğu işlərində, kütləvi aksiyaların təşkilində fərqlənib, müəyyən dövrlərdə müxalif birliklərin işində yaxından iştirak edib.
Seymur Həzi intellektual mübarizə müstəvisində də hər zaman fərqlənib. Dövrünün bir neçə populyar nəşrlərində çalışıb, 10 ildən artıqdır “Azadlıq” qəzetində işləyir. Hazırda bu qəzetin siyasət şöbəsinin müdridir. O, həmçinin “Azərbaycan saatı” televiziya proqramının ərsəyə gəlməsində mühüm rol oynayıb, proqramın aparıcılarından biri kimi populyarlığını artırıb.
Seymur Həzi siyasi fəaliyyətinə və jurnalist kimi tənqidi məqalələrinə görə, hakimiyyətin hədəf aldığı şəxslərdən birinə çevrilib. 2011-ci ildə ona hücum təşkil edilib və ağır bədən xəsarəti yetirilib, İlham Əliyev və başqa yüksək vəzifəlilərlə bağlı tənqidi məqalələrini dayandırmaq tələbilə hədələnib. Lakin Seymur Həzi siyasi və peşə fəaliyyətini əvvəlki kimi davam etdirib, mövqeyindən geri çəkilməyib. Nəhayət, 2014-cü ilin avqustunda əvvəlcədən hazırlanmış təxribatla onu həbs ediblər. Bu il yanvarın 29-da Abşeron Rayon Məhkəməsi Seymur Həzinin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Seymur Həzi məhkəmə prosesində və həbsdə olduğu ötən müddətdə də ictimai-siyasi mövqeyindən zərrə qədər geri çəkilmədiyini nümayiş etdirib, müttəhim kürüsüsünü belə son sözü ilə İlham Əliyev hakimiyyətini mühakimə üçün tribunaya çevirib.
Seymur Həzinin həbsi beynəlxalq və yerli demokratik ictimaiyyətin ciddi etirazına səbəb olub. Nüfuzlu beynəlxalq insan haqları təşkilatları onun qanunsuz və siyasi sifarişlə həbs edildiyini vurğulayan və ona azadlıq tələb edən bəyanatlarla çıxış ediblər. Yerli demokratik qüvvələr də oxşar bəyanatlar veriblər. Bundan başqa, ölkənin sosial şəbəkə fəalları son həftəni “Seymur Həziyə azadlıq” həftəsinə çeviriblər.