Əli Kərimli: “Ölkənin hər yerini Heydər Əliyevin portret və heykəlləri ilə bəzəməyin geridəqalmışlıq olduğunu deməli, özləri də bilirlərmiş”
“Öz xalqımıza rəva gördüklərini avropalılara rəva görmədilər; Bu davranışın arxasında gizlənmiş fikir ondan ibarətdir ki, bizim xalqımızı saymırlar, onun rəyi ilə maraqlanmırlar”
Bakıda mərhum prezident Heydər Əliyevin portretləri, deyəsən, yığışdırılmağa başlayıb. “Azadlıq” radiosu xəbər verir ki, artıq Qaraşəhərdə, Nobel prospektinin kənarında onun uzun illərdir asılmış portreti dirək qarışıq götürülüb. Eləcə də Nizami rayonunda, metronun Qara Qarayev stansiyası yaxınlığındakı portret də gözə dəymir. Səbəb? Bu bir təsadüfdür, yoxsa Avropa Oyunları ərəfəsində portretlərin sayı azaldılır?
Xətai rayon İcra Hakimiyyətində adını söyləməyən xanım “Azadlıq” radiosuna çox qısa cavab verib: «O cür göstəriş veriblər, biz də yerinə yetirmişik».
Nizami rayon İcra Hakimiyyətindən Cavid Qafarov deyib ki, portreti metronun «Qara Qarayev» stansiyası yaxınlığında onlar yerləşdirməyiblər, buna görə də onun niyə götürülməsi haqda sualı da cavablandıra bilməyəcək. O bizi təsərrüfat idarəsinə yönləndirir. Gün ərzində dəfələrlə zəng etsək də, idarədə dəstəyi qaldıran olmur.
Xəzər rayon İcra Hakimiyyətindənsə bildiriblər ki, portretlər günün, küləyin, yağışın altında qaldığından rəngi solur, ona görə də vaxtaşırı onları dəyişməli olurlar. «Yeniləmək məqsədilə götürülüb. Yerinə yenisi qoyulacaq, başqa məqsəd yoxdur».
Səbail rayon İcra Hakimiyyətində sektor müdiri İsrafil Kərimov Heydər Əliyevin Bakının mərkəzindəki bannerlərinin yerində olduğunu, birinin də tərpədilmədiyini deyib. «Bu bannerlərin dəqiq sayı var. Bu günlərdə təftiş olunub, mən də orda iştirak etmişəm. Elə şey yoxdur. Səbail böyük rayondur. Dəqiq ünvan desəniz, araşdırardıq».
Nəsimi rayon İcra Hakimiyyətindən də eyniməzmunlu cavab verilib.
Bununla belə, icra hakimiyyətləri dəqiq cavab üçün Bakı şəhər İcra Hakimiyyəti ilə danışmağı məsləhət görüblər. Paytaxtın icra hakimiyyətinin mətbuat xidməti isə dəstəyi qaldırmayıb.
***
Xəbərə AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində münasibət bildirib. AXCP lideri bu tədbiri Avropa Oyunları ilə bağlı Bakıya gələcək əcnəbilərin gözündən pərdə asmaq cəhdi kimi qiymətləndirib:
“Ölkənin hər yerini Heydər Əliyevin portret və heykəlləri ilə bəzəməyin geridəqalmışlıq olduğunu deməli, özləri də bilirlərmiş. Avropa Yay Oyunları ərəfəsində Heydər Əliyevin paytaxtdakı bir neçə portretini götürüblər.
Nəhayət, ağıllarına gəlib ki, aeroport yolunu ayda bir dəfə təmir etməklə, məşhur brend mağazaları yolların üstündə yerləşdirməklə, mərkəzi küçələrdəki binaların fasadlarını üzləməklə avropalıları aldatmaq mümkün olmayacaq. Bakıya ayağını basan istənilən avropalı təkcə Heydər Əliyevin foto və heykəllərinin, onun adına olan muzey, mərkəz və parkların sayından başa düşəcək ki, yaxşıca qrimlənmiş Şərq despotluğunun qonağıdır.
Portretləri yığışdırmağa gərək utanmasınlar. “Xalq elə bilər ki, geri çəkilirik” kimi bir kompleksdən də sıxılmasınlar. Daha cəsarətlə bu işi davam etmək lazımdır. Normal ölkədə heç kimin şəxsiyyəti bu qədər bütləşdirilə bilməz. Gördüyünüz kimi, mən şəhərin şəxsiyyətə pərəstiş simvollarından gec də olsa, təmizlənməsini təqdir edirəm.
Amma bu fotoları seyrəltmək prosesində də rejimin anti-xalq mahiyyəti növbəti dəfə üzə çıxdı. Öz xalqımıza rəva gördüklərini avropalılara rəva görmədilər. Və bu davranışın arxasında gizlənmiş fikir ondan ibarətdir ki, bizim xalqımızı saymırlar, onun rəyi ilə maraqlanmırlar. Hesab edirlər ki, bizim xalqla məhz bir padşahın öz riəyyəti ilə davrandığı kimi davranmaq olar. Avropalıların qarşısına isə bəzənib-düzənib, eyiblərimizi gizlədərək çıxmalıyıq. Çünki onların rejim haqda nə düşünmələri önəmlidir.
Qoy, rejim Oyunlara hazırlaşsın. Biz də xalq olaraq papağımızı qarşımıza qoyub fikirləşək: Niyə hökumət düşünür ki, bizimlə istədiyi kimi davrana bilər? Biz nə zaman onlara belə düşünmək üçün əsaslar verdik?”.