«Index on Censorship» təşkilatı martın 15-də Milli Şuranın Bakıda keçirdiyi etiraz mitinqindən yazır. Müəllif Milana Knezeviç qeyd edir ki, Avropa Oyunlarına 87 gün qalmış azərbaycanlılar ölkədə insan haqlarının pis hala gəlməsinə, həbslərə, eləcə də ölkədə manatın devalvasiyasından sonra qiymət artımına etiraz səslərini ucaltdılar.
Avropa Oyunlarına çəkilən xərclər də etirazçıların diqqətindən kənarda qalmayıb. Oyunlara 5.4 milyard funt-sterlinq ayrılacağı bildirilir, təşkilat komitəsinin sədri Simon Clegg oyunların indiyədək Azərbaycanda «ən fantastik şou» olacağını vurğulayır.
Müəllif Azərbaycanın idmançıların bütün xərclərini üzərinə götürməsinə də toxunur: «Bu ilin yayında Torontoda keçiriləcək Pan Amerika Oyunlarının təşkilat komitəsinin sədri deyir ki, bunsuz qalib gələ bilməzsən. Ancaq anlaşılan odur ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmək riskini üzərinə götürmək istəyən yeganə ölkə olub və heç kəslə də yarışmayıb. «Index» Avropa Oyunları Komitəsinə müraciət edərək bu oyunlarla bağlı sənədləri, şəhərin qonaqlama planlarını, büdcəni istəyib. Bizə bildirdilər ki, Avropa Oyunları ilə bağlı yeganə sənəd ev sahibi olan şəhərlə müqavilədir və bu sənəd də ictimaiyyət üçün deyil».
«Azərbaycan hakimiyyəti bir müddət müxtəlif cəbhələrdə PR savaşı aparıb, hər şeyə pul xərcləyib – Bakının gözəlləşdirilməsindən tutmuş, parıltılı jurnallara, «Eurovision» kimi beynəlxalq meqa-tədbirlərə qədər».
Müəllif eyni zamanda ölkədə jurnalist Xədicə İsmayılın, hökumətin digər tənqidçiləri Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Seymur Həzi və digərlərinin həbsdə yatdığını qeyd edir.
«İnsan haqları qrupları xəbərdarlıq edib ki, «Eurovision» kimi Avropa Oyunları da insan haqları pozuntularını «yumaq», dünyaya Azərbaycanın «təmizlənmiş» versiyasının təqdimatına xidmət edə bilər. Ancaq aprelin 5-nə daha bir etiraz aksiyası planlaşdırılır. Görünür, hökumət tənqidçiləri və adi insanlar buna imkan verməməyi qət ediblər».