Londonda 100 milyard barel ehtiyatı olan yataqlar tapıldı
İngiltərənin cənubunda böyük neft ehtiyatları tapılıb. Mütəxəssislər ehtiyatların həcmini 100 milyard barel həddində qiymətləndirirlər.
Neft yataqları Londonun Qetvik hava limanı yaxınlığında aşkarlanıb. Ötən il UK Oil & Gas Investments (UKOG) şirkəti Horse Hill adlanan bu sahədə axtarış qazması aparıb və indi nəticələr göstərir ki, ərazinin hər 2,5 kvadrat kilometrində 158 milyon barel xam neft yata bilər.
Şirkət ərazidəki neft ehtiyatlarının ümumən 100 milyard barel həcmində olduğunu açıqlasa da, onun 15 faizə qədərini çıxarmağın mümkünlüyünü bildirib. Çünki neftin əsas hissəsi 762 metrlə 914 metr arasındakı dərinlikdə yerləşir.
UKOG-un rəhbəri Stephen Sanderson tapıntının milli əhəmiyyət daşıdığını deyib.
Bu tapıntının təkcə İngiltərə üçün əhəmiyyətli olmadığı, gələcəkdə neftin qiymətinə, eləcə də Qərbə qarşı neft-qaz kartı ilə oynamağa alışmış Rusiya və Azərbaycan kimi avtoritar rejimlərin bu kartdan məhrum olmasına əlavə təsiri baxımından da önəm daşıdığı artıq sosial şəbəkələrdə müzakirəyə çevrilib.
UKOG-dan Britaniya mətbuatına ötürülən bu xəbər, həm də dünyaya yeni bir neft şoku kimi yayıldı.