Baş prokurorun səlahiyyət müddəti başa çatır; onun 4-cü dəfə bu posta təsdiqlənməsi sual altındadır
Aprel ayının 25-də baş prokuror Zakir Qaralovun səlahiyyəti müddəti başa çatır. Xatırladaq ki, Zakir Qaralov bu vəzifə 2000-ci il aprelin 25-də təsdiq olunub. Yəni, o artıq 3-cü beşillikdir ki, baş prokuror postundadır. “Azadlıq”a daxil olan məlumatlara görə, bu dəfə Azərbaycanın baş prokuroru dəyişə bilər. Bildirilir ki, “yuxarılar” həm Zakir Qaralovun artıq 15 ildir bu vəzifədə olması, həm də səhhətindəki problemləri əsas onun 4-cü dəfə baş prokuror vəzifəsinə təsdiqlənməsini məqsədəuyğun hesab etmirlər. Lakin hələlik bununla bağlı qərar verilməyib. “Sadəcə müzakirələr gedir. Heç Zakir Qaralovu əvəzləyəcək şəxs də bəlli deyil”, – deyə qaynağımız bildirir.
Qeyd edək ki, aprelin 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevin də səlahiyyət müddəti başa çatır. Bəzi məlumatlara görə, Ramiz Razyevin postuna namizədlər sırasında Bakı Apelyasiya Məhkəməsinin sədri Iman Nağıyev, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis aparatının dövlət qurulucuğu üzrə qanuvericilik şöbəsinin müdiri Lətif Hüseynovun adı hallanır.
Aprel ayında daxili işlər naziri Ramil Usubovun da bu vəzifədə olmasının 21 illiyi tamam olur. Beləliklə Ramil Usubov ən çox vəzifədə qalan məmur kimi rekorda imza atır. Bəzi məlumatlara görə, hakimiyyət olimpində onun da artıq vəzifəsinə əlvida deməsini düşünürlər. Lakin Ramil Usubov seçki ilində istefaya göndəriləcəyi inandırıcı görünmür. Mümkündür ki, parlament seçkilərindən sonra Ramil Usubov və bir çox məmurlar işdən çıxarılsınlar.
Deputat Vahid Əhmədov isə moderator.az saytına müsahibəsində bildirib ki, Avropa Oyunlarından sonra ciddi kadr dəyişikləri ola bilər: “Ehtimal edirəm ki, Birinci Avropa Oyunlarından sonra cənab prezident tərəfindən daha ciddi struktur və kadr islahatlarına imza atılacaq”.