Xalq "Talana son!" dedi; Etiraz aksiyalarının davamlı olacağı bəyan edildi
Milli Şuranın bahalaşmaya etiraz olaraq aprelin 5-nə təyin etdiyi “Talan son” mitinqi uğurla baş tutdu. "Məhsul" stadionunda keçirilən aksiyada minlərlə insan (təşkilatçıların məlumatına görə, 10 min nəfər) qiymət artımına, hakimiyyətin talançılıq siyasətinə etiraz etdi.
Mitinq ənənəvi olaraq Azərbaycan himni ilə açıq elan edildi.
“Azərbaycanda sosial partlayış olacaq”
Ilk çıxış edən AXCP sədri Əli Kərimli oldu. Əli Kərimli çıxışında mitinqin qiymət artımına etiraz olaraq ikinci aksiya olduğunu xatırlatdı: “Martın 15-də keçirilən mitinqində Azərbaycan hökumətindən məsuliyyət, talana, soyğunçuluğa son verməsini tələb elədik. Amma çox təəssüf ki, hər zaman olduğu kimi Azərbaycan hökuməti xalqın səsinə, tələbinə biganə qaldı. Bir sıra kosmetik addımlardan başqa ciddi tədbirlər görmədi. Bu gün də həmin korrupsiya, monopoliya davam edir. Bu gün də Azərbaycan hökuməti öz soyğunçuluğunu davam etdirir. Bir haldaki onlar yalana və talan son qoymayıblar, biz də mübarizəmizə son qoymamalıyıq. Bu mübarizə də 15 martın davamıdır”.
Əli Kərimli bildirdi ki, hakimiyyət xalqın gerçək maraqlarına yabançı olduğunu hər addımı ilə sübut edir: “Bunlar Azərbaycan xalqının arzusu ilə yaşamırlar. Görün ölkədə insanların nə qədər ağır problemləri var. Bu günlərdə məlum oldu ki, təkcə Bakı şəhərində min nəfərdən artıq ağır ürək xəstəsi əməliyyat üçün növbədədi. Ürək əməliyyatları 7-10 min manat arası başa gəlir. Ona görə də bu adamlar həmin əməliyyatları edə bilmirlər. Ölümlərini gözləyirlər. Təsəvvür edin ürək əməliyyatı gözləyənlər, edə bilməyənlər və onun doğmaları necə yaşayar? Bu yalnız bir xəstəlikdən olan statistikadır. Azərbaycanda hal-hazırda ağır xəstəliklərə mübtəla olmuş on minlərlə insan var. Təəssüf ki, onlar özləri və əzizləri müalicə oluna bilmirlər. Amma belə bir vəziyyətdə respublika sarayının qarşısını artıq bağlayıblar. Bir ay qalıb, amma bunlar indidən öz gül bayramlarına hazırlaşırlar. Bu süni bayrama yenidən on milyonları xərcləmək istəyirlər. Insanlar həyatları uğrunda mübarizə aparıb çarpışırkən, olum-ölüm sualı qarşısında qalmışkən, 15 ildir hansı haqla ölkənin yüz milyonlarını bu mənasız bayrama sərf edirlər?
Bu gün Qarabağ qazisi məyusdu, qəm içindədi. Yəqin ki, “Azərbaycan saatı”nda baxdınız, Tərtərdən olan Qarabağ qazisi birbaşa Ilham Əliyevə müraciət edirdi. Deyirdi ki, sizin siyasətiniz məni özünü öldürmək həddinə çatdırıb. Bu ölkədə canını, qanını qurban vermiş Qarabağ qazisi müalicə oluna bilmir. Bu ölkədə şəhid valideynləri qüssə içindədir. Onlar övladlarının qan pulunu ala bilmirlər. Amma Azərbaycanın sərvətləri hansısa futbol klublarına gedir. Mən indi soruşuram ki, Azərbaycanın milli sərvətlərini, qazisinin, veteranının, sadə azərbaycanlısının, şəhid ailəsinin boğazından kəsib Avropanın futbol klublarına, “Lans”a, “Atletiko Madrid”ə, başqa klublara peşkəş eləyən bir hökumət bizə lazımdırmı?".
Əli Kərimli daha sonra əlavə etdi ki, Azərbaycan hakimiyyəti hər addımda özünü ifşa edir: “Son günlərdə sosial şəbəkələrdə bir neçə dəfə ifşa olundular. Məlum oldu ki, ”Azal" öz monopolist mövqeyindən istifadə edib Azərbaycandan olan bütün təyyarə biletlərini eyni məsafayə, məsələn, Tiflisdən olan biletlərdən 2-3 dəfə baha satır. Məlum oldu ki, Azərbaycana gətirilən ərzaq monopolistlərin əlində olduğuna görə gətirildiyi qiymətdən 3-4 dəfə baha satılır. Məlum oldu ki, Azərbaycanın öz torpaqlarından çıxan benzini, dizel yanacağını Azərbaycandan xaricə, bizə satdıqlarından 2-3 dəfə ucuz satırlar.
Son on ildə biz Azərbaycanda çox şeyin saxtasını gördük. Azərbaycan hökuməti saxtakar olduğuna görə hər şeyin saxtasını Azərbaycan xalqına təqdim elədi. Saxta parlament, saxta məhkəmələr, saxta müxalifət, saxta mətbuat, saxta seçkilər. Indi də gəlib çıxıblar saxta olimpiadaya. Uzun müddət xalqı aldatdılar ki, guya Azərbaycanda Avropa Olimpiadası keçiriləcək. 8 milyard xərclənəndən sonra dedilər ki, bu sadəcə ilk Avropa Yay Oyunları olacaq. Sonda da məlum oldu ki, ilk Avropa oyunları 2017-2018-ci ildə Berlində və Qlazqoda keçiriləcək. Bizim 8 milyardımızı yeyəcək oyun sadəcə saxtakarlıqdı".
AXCP sədri daha sonra bildirdi ki, ölkədə iqtisadi vəziyyət daha da acınacaqlı olacaq: “Bu günlərdə Iranla böyük 6-lıq ölkələri arasında anlaşma qəbul olundu. Indi artıq hökumət də etiraf edib ki, daha uzun müddət neftin qiymətinin qalxmasını gözləmək lazım deyil. Hələ xeyli müddət neft ucuz olaraq qalacaq. Azərbaycan hökuməti də iqtisadiyyatı məhv edib, iqtisadiyyatımız da neftdən asılı olub. Indi özləri gələn il üçün neftin qiymətini 50 dollardan planlaşdırırlar. Azərbaycanın gəlirləri azalacaq. Əgər hər şey indiki kimi davam etsə, əgər xalq hamılıqla etiraz etməsə, o zaman indiki kimi böhran davam edəcək. Işsizlik artacaq, müəssisələr bağlanacaq. Monopoliya, korrupsiya olduğu kimi qalacaq. Devalvasiya dəfələrlə artacaq. Və günün birində artıq dözə bilməyən xalq partlayacaq, Azərbaycanda sosial partlayış olacaq. Biz bunu istəmirik. Biz deyirik ki, gəlin can atdığımız o Avropa mədəniyyətinə uyğun olaraq dövlətimizi addım-addım islahatlara məcbur edək, xalqı eşitsin. Amma o özbaşına olmayacaq. Çünki Azərbaycanı idarə edənlər demokratik idarəetməyə hazır və qadir deyillər. Yalnız bir halda biz onları islahatlara məcbur edə bilərik. Hamılıqla təşkilatlanmaqla, etiraz aksiyaları keçirməklə, Azərbaycanı böhranın dibinə düşməsini gözləmədən, devalvasiyanın həddini aşmasını gözləmədən, Azərbaycan xalqının tamamən yoxsulluğun dibinə yuvarlanmasını gözləmədən hökuməti islahatlara məcbur eləmək lazımdı. Hökuməti buna məcbur eləmək üçün hamılıqla əlimizi bu daşın altına qoymalıyıq.
Bu gün bizim əsas tələbimiz sosial tələblərdir. Amma o da var ki, Azərbaycan vətəndaşlarının sosial vəziyyətini düzəltməyinin də, Azərbaycanda demokratik islahatların yolunu açmağın da yolu Azərbaycan xalqının azadlığından, ilk növbədə siyasi məhbuslarımızın azadlığından keçir".
“Xalqımız oğru hakimiyyətlə, oğru məmurlarla üzbəüzdür”
Milli Şuranın Koordinasiya Mərkəzinin Eldəniz Quliyev isə çıxışına aksiyalarda say məsələsinə toxunmaqla başladı: “Hakimiyyət hər dəfə mitinqə gələnlərin sayını alver predmetinə çevirir. Amma mən qəti sürətdə elan edirəm ki, bu gün bura torlaşanlar Azərbaycan xalqının döyünən ürəyidir, vuran nəbzidir. Biz bir şeyi anlamalıyıq ki, xalqımız oğru hakimiyyətlə, oğru məmurlarla üzbəüzdür. Problem düşündüyümüzdən də qəlizdir. Bunlar əvvəl bizim mənəviyyatımızı, dəyərlərimizi oğurlamağa başladılar. Sonra dəyər daşıyıcılarını, dindarlarımızı, sonra azad sözümüzü oğurlamağa başladılar. Jurnalistlərimizi, ziyalılarımızı həbs elədilər. Indi isə artıq cibimizə girirlər. Birbaşa hər birimizin cibimizə girirlər. Hər bir xalqın öz ruzisi olur. Bu gün hakimiyyət xalqın ruzisini də oğurlamağa cəhd göstərir. Tarixdə görülməyib ki, hər hansı bir hakimiyyət öz xalqını nifrətlə idarə eləsin, nifrətlə qalib gəlsin. Milli Şura olaraq bunlara göstərəcəyik ki, nifrətlə xalqı idarə etmək olmaz. Bu xalq sevgiyə layiq xalqdır”.
“Hakimiyyət xalqın gələciyini düşünürsə tez bir zamanda islahatlara başlamalıdır”
Daha sonra söz alan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Azərbaycanın iqtisadi böhran içində olduğunu bildirdi: “Bu gün Azərbaycan dərin iqtisadi böhran vəziyyətindədir. Faktiki olaraq, ölkədə iqtisadiyyat yoxdur. Neft-qazın xarici ölkələrə satılmasından və texnikadan tutmuş diş çöpünə qədər hər şeyi ölkəyə idxal etməklə iqtisadiyyat qurmuşduq. Indi nələr baş verdi. Neftin qiyməti ucuzlaşdı. Artıq dünyada neft öz aktuallığını itirir. Belə məlum olur ki, Azərbaycana artıq neft pulları gəlməyəcək. Beləliklə də bizim anoloqsuz inkişaf nağıllarımız sona yetdi.
Belə bir şəraitdə baş bankir Elman Rüstəmov Milli Məclisdə çıxış edərək bildirdi ki, devalvasiyaya uğrayan əslində bizim manat deyil, devalvasiyaya uğrayan neftdir. Xeyr, devalvasiyaya uğrayan Azərbaycan iqtisadiyyatıdır. Bu gün Azərbaycanda real iqtisadiyyat yoxdur. Niyə Azərbaycana yüz milyardan artıq vəsait gəldiyi bir vaxtda bu vəsaitlər lazımsız layihələrə, səkilərə, mərmərlərə xərcləndi? Niyə həmin dövr ərzində böyük müəssisələr, zavodlar, fabriklər qurulmadı, iş yerləri açılmadı ki, bu gün də insanlar acıncaqlı vəziyyətdədirlər?
Dəyərli dostlar, belə bir vəziyyətdə hansı addımlar atılmalıdır? Təbii ki, Azərbaycan hakimiyyəti təcili islahatlara başlamalıdır. Iqtisadiyyat liberallaşmalıdır. Insanlara, sahibkarlara bizneslə məşğul olmaq üçün şərait yaradılmaldır. Korrupsiyanın qarşısı alınmalıdır. Inhisarçılıq siyasətinə son qoyulmalıdır. Ölkədə müstəqil məhkəmə olmalıdır ki, sahibkarlar bu ölkəyə inansınlar və pul yatırsınlar.
Təəssüf ki, biz bu addımların atıldığını hiss etmirik. Korrupsiya ilə mübarizə aparıldığını görürsüzmü? Hakimiyyət bu islahatları həyata keçirmək əvəzinə dua edir ki, neftin qiyməti yenidən qalxsın və bu siyasəti davam etdirsin. Ancaq bu mümkün deyil. Iran-Qərb anlaşmasından sonra xüsusilə mükün deyil. Nəhayət hökumət etiraf etdi ki, büdcədə neftin qiyməti 50 dollardan hesablanacaq.
Sizcə, müəllimi həkimi 150-200 manat maaş alan bir ölkədə 8 milyard Avropa Yay Oyunlarına xərcləmək düzgündürmü? Belə bir misal var: “Düzəlmişdi hər yaramız, qalmışdı saqqal darağımız”.
Azərbaycan hakimiyyəti xalqın gələciyini düşünürsə tez bir zamanda hüquqi siyasi islahatlara başlamalıdır. Azad seçki mühiti yaradılmaldır. Bütün bu islahatlar həyata keçirilməsə ölkənin gələcəyi sual altındadır. Bunun üçün isə hamılıqla meydana gəlməliyik və hakimiyyəti islahatlara məcbur etməliyik. Mən eyni zamanda, bütün siyahi məhbsularımızın azadlıq tələb edirəm və “talana son” deyirəm".
“Əcdadlarımızın təkcə ruhu ilə deyil, həm də sümüyü ilə alver edirlər”
Çıxış edən AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi: “Çox təəssülər olsun ki, biz hər şeyin satıldığı bir ölkənin vətəndaşlarıyıq. Torpağımız və suyumuz, dövlət vəzifələri və parlamentdəki mandatlar satılıb və satılır. Bir tikə çörək, dünyanın malı üçün vicdan və namuslarını satanlar oğruya çevrilirlər. Işverənlərə, şilləvuranlara çevrilirlər, indi də də profil oğurlayıtlar. Iş elə həddə çatıb ki, indi də xalqın məzarlıqlarını satırlar. Ölülərmizin, əcdadlarımızın təkcə ruhu ilə deyil, həm də sümüyü ilə alver edirlər. Bu dözülməzdir. Xalq artıq bu baş verənlərə baş əyməməlidir. Əziz həmvətənlər, çox sevindirici haldır ki, Azərbaycan təkcə bu günün insanlarından ibarət deyil. Bu gün bu meydanda 20-25 il fasiləsiz müddətə fasiləsiz müddətə mübarizə aparan, Azərbaycana istiqlal qazandıran, bu gün isə azadlığımız, demokratiya uğrunda mübarizə aparan yüzlərlə şəxs var. Mən bu insanların qarşısında baş əyirəm və əmin edirəm ki, uğrunda apardıqları azad Azərbaycana sahib olacaqlar. Bu gün yüz minlərlə Azərbaycan vətəndaşları müxtəlif səbəblərdən sizin sıranıza qoşulub bu meydanda ”talana və yalana son" deyə bilmirlər. Amma, onların ürəyi bu gün burada döyünür və tədricən o insanların hər biri sizin sıranızda dayanıb haqqı ədaləti tələb edəcəklər. Biz bu insanlarla birlikdə bu yola Azərbaycan xalqını sevərək çıxdıq. Bütün məhrumiyyətlərə, bütün əzablara sinə gərdik və xalqiməza olan dərin inamımızı heç vaxt itirmədik. Bu gün həmin inamın ifadəsidir ki, bu meydanda minlərla insan bu rejimə “yox” deyir.
Əziz həmvətənlər, bizim apardığımız mübarizə, geniş mənada, artıq siyasi çərçivədən çıxır. Bu bir ləyaqət, şərəf uğrunda gedən mübarizədir. Bu gün biz haqq söz dediyinə görə həbsxanalara salınan vicdan məhbuslarımızın azadlığı, ailəsini dolandıra bilmədiyinə görə intihar edən Qarabağ qaziləri uğrunda mübarizə aparırıq. Mənim qənaətimcə, bu gün Azərbaycan xalqının bu cür faciələrə məhkumluğunun əsas səəbəbi “bizim işimiz Allaha qalıb” məfkurəsidir.
Əziz həmvətənlər, Allah bizə şüur və fiziki güc verib. Bizə bol nemət verib və bu nemətlərdən necə istifadə etməyin yolunu göstərib “Qurani-Kərim” verib. “Qurani Kərimdə” Allah buyurur: “Mən o kəslərə yardım edirəm ki, onlar öz vəziyyətlərini dəyişməyə çalışırlar”. Dünyanın heç bir xalqı mübarizə aparmadan azad olmayıb. Allah yalnız mübarizə aparan, haqqın yanında durub zülmkarlara qarşı mübarizə aparanları sevir. Biz insan olmaq uğrunda mübarizə aparırıq. Mən sizə əmin edirəm ki, bu xalq öz haqqına qovuşacaq. Bu mübarizədə varsızsa eşq olsun sizlərə!"
“Heç bir ölkədə zülmkar diktator sona qədər davam gətirə bilməyib”
Milli Şura Koordinasiya Mərkəzi üzvü Oqtay Gülalıyev çıxışında siyasi məhbuslara diqqət çəkib: “Bu gün Azərbaycan siyasi məhbuslarının sayına görə dünyada liderlik edir. Bu hakimiyyət onu ifşa edən kimliyini üzə çıxaran insanları şərləyib, həbs edir onlara divan tutur. Bu baş verənlərə ”yox" deməliyik. Bu hakimiyyət təkcə bizim mülkümüzü sərvətlərimizi talamır, eyni zamanda, milli-mənəvi dəyərlərimizi talayır. Öz haqqına sahib çıxan, başqalarının hüquqlarını müdafiə edən insanlara qarşı təqiblər baş verir. Bu hakimiyyət üçün ən arzuolunmaz şəxs öz haqqına sahib çıxan insanlardır. Çünki onlar bilir ki, bu gün haqqına sahib çıxan insan sabah dövlətinə sahib çıxacaq. Bu hakimiyyət istəyir ki, manqurt bir xalq yetişdirsin. Biz buna “yox” deməliyik! Bu hakimiyyət haqqını tələb edən insanları sevmədiyi üçün onları həbsdə saxlayır. Mən sizin diqqətinizi Ilham Əliyvin bir neçə gün öncə imzaladığı əfv sərəncamına yönəltmək istəyirəm. Bu siyahıya daxil olan 100 nəfərin 59-u ən ağır cinayətlərdə ittiham olunmuş insanlardır. Bu hakimiyyət ən ağır cinayət törədəni, insanların həyatına qəsd edən, onları yaralayan, başqasının əmlakını oğurlayan, xüsusi mülkiyyətə ziyan vuran, insan alveri ilə məşğul olan cinayətkarları azadlığa buraxır, amma şərləyərək həbs etdiyi siyasi məhbusları azadlığa buraxmır.
Dəyərli dostlar, bu hakimiyyət həm də qisasçılıq nümayiş etdirir. Qeyd etdiyimiz kimi ən ağır cinayətkarı azadlığa buraxır, bəzilərinə hətta vəzifə, şöhrət ordeni verir. Amma bütün həyatını xalqımızın azadlığı, demokratiya uğrunda, sizlərin hüquqları uğrunda mübarizə aparan Ilqar Məmmədov, Tofiq Yaqublu, Leyla Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Hacı Taleh, Abgül Süleymanov, Hacı Mövsüm Səmədov, Pərviz Həşimli, Seymur Həzi, Asif Yusifli, Babək Ədalətli Taleh Xasməmmədov və adını çəkmədiyim digər insanları həbsə atır. Budurmu humanistlik?!
Biz hesab edirik ki, Azərbaycanda siyasi amnistiya verilməli, həbs şərtləri dəyişilməli, günahsız insanlar azadlığa buraxılmalıdır. Bu hakimiyyət Leyla Yunusu ona görə həbs edib ki, o daha insan hüquqları uğrunda mübarizə aparmasın. Xədicə Ismayılı hakim ailənin biznesini araşdırdığına görə həbsə atıblar. Əli Kərimlinin qaynı Elnur Seyidovu həbs etməklə AXCP sədrindən qisas almağa çalışırlar.
Dəyərli dostlar, hər zülmət gecənin bir nurlu sabahı var. Dünyanın hələ heç bir ölkəsində zülmkar diktator sona qədər davam gətirə bilməyib. Azərbaycanda da diktator məğlub olacaq. Heç kəsin buna şübhəsi olmasın. Bunun üçün sadəcə haqqımıza sahib çıxmalıyıq".
“Bu vətən öz vətəndaşı üçün qürbətə çevrilib”
Daha sonra AXCP Gənclər Komitəsinin üzvü Emil Səlimov çıxış etdi: “Bu gün bizi bu meydana toplaşmağa vadar edən ciddi səbəblər var. Vətəndaşı olduğumuz bu məmləkətdə hansı çirkinlər baş verir?! Nələr eşidirik, nələr görürük? Uzun illərdir bu vətəndə hömranlıq edənlər bu millətlə necə davranırlar?! Xalqla bu təhqiramiz münasibətin sonunun yaxşı qurtarmayacağını heç mi düşünmürlər?!.
Aparılan məqsədli siyasətin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşı öz doğma vətənində xoşbəxtlik tapa bilmir. Bu gün Azərbaycan insanı öz nicatını, öz uğurunu, öz qazancını qürbətdə axtarmağa məcbur edilibdir. Çünki çoxdandır ki, bu vətən öz vətəndaşı üçün qürbətə çevrilib. Bu gün yüz minlərlə gənc evsizlikdən işsizlikdən ailə qura bilmir. Hər il minlərlə gənc ailələr sosial Problemlər ucbatından dağılılır. Bütün bunlar Azərbaycan hakimiyyətinin vecinə belə deyil.
Ölkənin gələcəyini müəyyənləşdirən gənclər üçün nədir bu hakimiyyətin təhsil siyasəti?! Əgər yürüdülən siyasət orta məktəbləri bazara çevirmək, cəmiyyətin ən nüfuzlu təbəqəsinin nümayəndəsi hesab olunan müəllimi 150-200 manat maaşla alçaldıb, seçkilərin saxtalaşdırılmasında alətə çevirməkdirsə biz belə siyasət istəmirik, biz bu siyasətə “dur” deyirik!
Siz bu gün ən ali dəyərlərə layiq olan müəllimi peşəkar saxtakara çevirdiniz. Cəmiyyətdə müəllim nüfuzunu öz nufuzunuza bərabər etdiniz. Budurmu sizin təhsil siyasətiniz?! Bu gün minlərlə tələbə təhsil haqqını toplaya bilmir, yataqxanalarla təmin olunmalı olduğu halda kirayələrdə sürünür. Azərbaycan hakimiyyəti on milyonlarla vəsaiti xarici futbol klublarına bəxşiş edərkən, bu gün Azərbaycan tələbəsi təhsil haqqını ödəyə bilmədiyi üçün Universitet bitirə bilmir, ali təhsildən məhrum edilir. Budurmu sizin gənclərə göstərdiyiniz qayğı?!
Axı təkcə təhsil problemi yaşamırıq. Bu gün səhiyyədə , orduda hansı vəziyyətin hökm sürdüyü gün kimi aydındır. Vətənin keşiyində duran əsgərlərimiz uçun nədir dövlət qayğısı?!"
“Azərbaycan hakimiyyəti dünyada yalanın böyük istehsalçısına çevrilib”
Sonda söz Milli Şuranın sədri Cəmil Həsənliyə verildi. Cəmil Həsənli çıxışında hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirdi: “25 il ərzində bir çöp belə istehsal edə bilməyən Azərbaycan hakimiyyəti dünyada yalanın böyük istehsalçısına çevrilib. Dəyərli dostlar, sevgili gənclik, niyə mən sizə xitab edirəm, çünki bu meydanın ab-havası, bu meydanın ruhu bu gün burda iştirak edən yaşlı insanlarımızın da gənclik duyğularını coşdurmaqdadı. Eşq olsun Azərbaycan gəncliyinə!
Mən dəfələrlə demişəm, bir də təkrar edirəm, bu ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. Bu ölkədə neft var. Neft pulları gəldikcə, neft pullarını sağa-sola dağıtdıqca bunlar elə bilirdilər ki, ölkə idarə edirlər. Bunlar elə bilirdilər iqtisadiyyat qururdular. Bir gecənin içində manatın faciəsi hökumətin hansı faciənin içərisində olduğunu, millətimizin hansı böyük fəlakətin içərisində olduğunu bir daha ortaya qoydu. Millət öz iradəsini nümayiş elətdirməlidi. Millət yalana, talana, soyğunçuluğa, dərəbəyliyə, haqsızlığa, ədalətsizliyə, dinsizliyə son deməlidi. Bir anlığa yüz il bundan qabaq baş vermiş bir hadisəyə diqqət yetirək. Böyük mütəfəkkir, işıqlı adam, yeni Azərbaycanın ideya müəllifi Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd Ağaoğlunun yekun sözü var. O dəfn mərasimində iştirak edənlərə baxaraq əlini Həsən bəy Zərdabinin cənazəsinə uzadır və deyir: “Ey müqəddəs ruh, ey ali insan, sən ki, gedirsən o dünyaya, tutarsan babalarımızın yaxasından, soruşarsan a kişilər, bu vətəndi bizim üçün qoymusuz. Vəzifəlisi rüşvətxor, alimi rüşvətxor, məmuru rüşvətxor, beş altı ziyalısı var, onlar da bir biri ilə didişir”.
Deyirdi ki, kəndlərimiz viranə, əkin yerlərimiz dağıdılmış, yetərli bir iqisadiyyatımız yox. Üzərindən yüz ildən artıq bir vaxt keçib. Nə dəyişdi? Bu gün bu insalar ona görə burdadılar ki, öz millətinin haqqını hüququnu müdafiə etsinlər və özündən sonra abad bir vətən qoysunlar. Ey gənclik, Əhməd Ağaoğlunun bu sözlərini eşit, yadında saxla. Bu millətin tarixini sən yazacaqsan, bu millətin taleyini sən müəyyən edəcəksən.
Əziz vətəndaşlar, 25 ildir ki, ölkəmiz müstəqilliyə qovuşub. 25 ildir ki, bu müstəqillik ölkəni müstəqil talamaqçün, ölkəni müstəqil şəkildə soymaqçün bir qrup adamın əlində vasitəyə çevrilib.
Sevgili millət, yeridilən siyasətin nəticəsi göz qabağındadır. Bu gün Azərbaycanda 2 milyon 400 mina adam kredit əsarətinə düşüb. Ona görə ki, ölkədə verilən kreditlər kredit kimi verilmir, əsarət aləti kimi verilir. 25- 30 fazirlə kredit alıb nəyi inkişaf elətdirmək olar. Ölkənin kənd rayonlarında demək olar ki, elə bir ailə yoxdur ki, kredit əsarətinə düşməsin. Xüsusilə 21 fevraldan, şənbə surprizindən sonra insanların bu kredit faizlərini ödəmək imkanı yoxdu. Azərbaycan vətəndaşı düçar olduğu bəladan xilas yolu kimi, cərrahiyə əməliyyatı keçirmək üçün kredit götürür. Azərbaycan vətəndaşı əvvəlki borclarını bağlamaqdan ötrü kredit əsarətinə düşür. Bu gün ölkəni bu vəziyyətə salanlar bir anlığa düşünməlidir. 25 il əvvəl Azərbaycan xalqı ona görə müstəqil olmuşdu ki, bir qrup harın nazirin, vəzifəli şəxsin əsarətinə düşsün? Ona görə də vətəndaş nə qədər ki, bu siyasətə yox demir, nə qədər ki, öz taleyinə özü hakim olmur, nə qədər ki, öz hökumətini özü təyin etmir belə də olacaq. Ona görə də hər biriniz təşkilatçı olun. Bu xalqı bu zülmətdən qurtarın. Müstəqil olmaq hələ azad olmaq demək deyil. Görünür Azərbaycan xalqı azad olmaqdan ötrü özəl bir mübarizə yolu keçməlidir. Bu mübarizənin önündə gedən sizlərsiniz.
Yalana, talana, haqsızlığa, ədalətsizliyə yox deyə bildiniz. Burada Əli bəy dedi mitinqlərimiz davamlı olacaq. Növbəti mitinqlərin vaxtını biz sizə bildirəcəyik. Və növbəti mitinqlərimizin hədəfi, Azərbaycan xalqının haqqının, hüququnun müdafiəsi istiqamətində nə etmək mümkün olarsa, hamısı bu mitinqlərdə deyiləcək".
Bəyim Həsənli