Lamiyə Quliyevanın anası «Azadlıq»a danışdı
Kifayət Quliyeva: «Lamiyə hamilə olanda xəbər tutdum…»
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevanın anası Kifayət Quliyeva “Azadlıq” qəzetinə müsahibə verib. Kifayət Quliyeva əvvəlcə onun adından yayılmış müsahibədən danışıb:
– Mənə zəng edib deyirlər ki, bəs müsahibən yayılıb. Mən heç bir qəzetə, sayta müsahibə verməmişəm. Mənim adımdan istifadə ediblər. Aslan Aslanov özünü təmizə çıxarmaq üçün belə edib.
– Hesab edirsiniz ki, bu müsahibəni Aslan Aslanov təşkil edib?
– Özlərini təmizə çıxarmaq üçün belə ediblər. ANS qapıma gəlmişdi, heç onlara müsahibə vermədim. Aslan Aslanov bizim ailəyə zülm edib. Qızımı günahsız yerə həbs etdirib. Özünün, oğlunun əməllərini ört-basdır etmək istəyir.
– Kifayət xanım, deyirsiz ki, qızınızın heç bi günahı yoxdur. Amma Lamiyə qətldə təqsirləndirilir. Ümumiyyətlə, bu hadisə barədə nə deyə bilərsiz?
– Mənim qızımın günahı yoxdur. Aslan Aslanovun oğlu qızımın başına oyun açıb, onu bədbəxt edib. Danışa bilmirəm o hadisələr barədə, dərdim təzələnir, ürəyim ağrıyır. Mənim qızımın 13 yaşı olarkən onun oğlu qızımı bədbəxt edib.
– Siz bu hadisədən nə vaxt xəbər tutmuşdunuz?
– Bilirdim ki, Aslan Aslanovun oğlu qızıma gün verib işıq vermir. Lamiyə həmişə deyirdi: “Ana, bu məndən əl çəkmir. Məktəbdə saçımı yolur, qabağımı kəsir”. Axırda anasına zəng vurdum ki, bəs oğlunuz nə istəyir mənim qızımdan? Onun qabağını alın. Əl çəksin qızımdan. Dedim sənin oğlunun əlindən qızım məktəbə gedə bilmir. Lamiyəyə deyirdi ki, səni bədbəxt edəcəm, qoymayacam kimsə alsın. Anasına dedim, amma xeyri olmadı. Başqa yerə də şikayət edə bilmirdim. Kim idi Aslan Aslanovun oğlu barədə tədbir görən? Oğlanın özü də bizə təzyiq edirdi. Qapıya gəlib deyirdi ki, niyə mənim valideynlərimə deyirsiz.
– Lamiyəyə təcavüz olduğunu biləndə harasa müraciət etmişdinizmi?
– Mən ona təcavüz olduğunu bu oğlan öləndən sonra bildim. Buna qədər belə şeyin olduğunu bilmirdim. Amma, sən demə, belə bir hadisə də olubmuş. Qızımı bədbəxt ediblərmiş.
– Qətl hadisəsindən sonra sizin ailəyə qarşı hər hansı təzyiqlər oldumu?
– Əlbəttə. Lamiyəni tutdular. Orda onu döymüşdülər. Aslan Aslanov özü də dindirmişdi onu. Ona təzyiq olmuşdu. Sonra məni tutdular. Guya cinayəti bilib gizlətmişəm. Halbuki mənim xəbərim olmayıb bu məsələdən. Mən iki il zülm çəkdim. Rayondan çıxmağa qoymurdular. Nəzarətdə idim. Bazarda işləyirdim, ordan da çıxardılar. Aslan Aslanov bazarın yiyəsinə demişdi ki, ya o qadın çıxmalıdır, ya da bazar bağlanacaq. Mən dedim ki, heç kimin çörəyinə bais olmaq istəmirəm, ona görə də çıxdım. Sonra bacım oğlunu tutdular. Boynuna qoydular ki, guya Lamiyəni o bədbəxt edib. Mənim bacılarım, yeznələrim, qayınatam hamısı zülm çəkdi. Hamımız təzyiq altında idik. Bax, Aslan Aslanov başımıza bu oyunu gətirdi. Bizi bədbəxt elədi.
– Aslan Aslanovun Lamiyədən, sizdən nəsə tələbi var idimi?
– O istəyirdi ki, bu məsələ ört-basdır edilsin. Yəni oğlunun namus üstdə öldürülməsi bilinməsin. Ona görə bizim başımıza bu oyunu gətirirdi. Vüqar Əliyevin də atasını, anasını, xalalarını, dayısını, yeznəsini tutdurdu. Bizə zülm etdi. O qədər yerə şikayət elədik, ancaq nəticəsi olmadı. Hamı Aslandan qorxurdu.
– Aslan Aslanov mətbuata açıqlamasında bildirib ki, oğlunu qrup şəklində öldürüblər…
– Yalandı. Nə mənim, nə Vüqarın ailəsinin bu məsələdən xəbəri olub. Mənim qızım namusuna görə belə edib. Onun günahı yoxdur. Indi özünü təmizə çıxarmaq üçün belə danışır. Deyir mən heç kimi tutdurmamışam. Bəs məni, bacım oğlunu, Vüqarın atasını, anasını, xalalarını kim tutdurub? Bəs bizim başımıza bu oyunları kim gətirib? Bacımoğlu xəstəlik tapıb. Onun nə günahı var idi axı?! Təsəvvür edin, Aslan Aslanovun oğlu öldürüləndə polis şöbəsinə yüzə yaxın qız gətimişdilər.
– Niyə gətimişdirlər o qızları?
– Oğlanın bədbəxt etdiyi qızlar idi. Şübhələnirdilər ki, bu qızlardan hansınınsa yaxını onu öldürə bilər. Mən onda dəhşətə gəldim. Aslan Aslanov guya bilmirdi ki, oğlu nə işlə məşğuldur? Hamı deyir ki, onu kimsə öldürəcəkdi, ancaq sizin başınızda çatladı. Aslan Aslanov vaxtında oğlunun qabağını alsaydı, bu hadisələr baş verməzdi. Mənim balam da bədbəxt olmazdı.
– Lamiyə həbsxanada təzyiqlərə məruz qalıbmı?
– Lamiyənin qollarını görsəniz dəhşətə gələrsiniz. Doğram-doğramdı. Balama zülm elədilər. Hər dəfə bir bəhanə ilə “kars”a saldılar. Qurama ittihamlarla işinin üstünə iş gəldilər. Ona iş düşmürdü. Neçə dəfə istəyib ki, özünü öldürə. Ona həbsxanada çox təzyiqlər olub.
– Lamiyənin həbsxanada uşaq dünyaya gətirməsi barədə nə deyə bilərsiz?
– Onu deyə bilərəm ki, o öz istəyi ilə ana olub. Deyir, daha bezmişdim, mən də ana olmaq istəyirəm. Bununla bağlı hər hansı zorakılığa məruz qalmayıb.
– Bəs uşağın atası kimdir? Tanıyırsınızmı? Ümümuyyətlə, bunun necə baş verməsi barədə bilginiz varmı?
– Bu barədə danışmaq istəmirəm.
– Belə iddialar var ki, Lamiyə həbsxanada təcavüzə məruz qalıb. Bu nə dərəcədə əsaslıdır?
– Nə danışırlar, danışsınlar.
– Siz bu hadisədən nə vaxt xəbər tutdunuz?
– Hamilə olanda mənə dedi.
– Uşaq nə vaxt dünyaya gəlib?
– Indi 3 aylıqdır.
– Hamilə olanda soruşdunuz ki, bu necə baş verib, uşağın atası kimdir?
– Gəlin, dərinə getməyək. Bu barədə danışmaq istəmirəm. Dərinə getmək istəmirəm.
– Bəlkə sizə təzyiq edirlər ki, bu barədə danışmayasınız?
– Yox. Mən istəyirən uşağım sağ-salamat həbsxanadan çıxsın.
– Niyə bu barədə danışmaq istəmirisiz? Səbəbini bilmək olarmı?
– Danışmaq istəmirəm. Uşağımın həbsxanadan çıxmasını istəyirəm. Çıxsın, balasını böyütsün.
– Bu yaxınlarda Lamiyə ilə görüşmüsünüzmü?
– Bəli. Dünən (srağagün – red.) görüşmüşəm.
– Özü nə deyir baş verənlər barədə?
– Heç nə. Danışmaq istəmir bu barədə. Dediyini deyib. 5-ci gün məhkəməsidir. Ona sonradan 5 il 6 ay iş vermişdilər. Bu işlə bağlı məhkəmə olacaq.
– Lamiyənin azadlığa buraxılacağına ümidiniz varmı?
– Istəyirəm ki, çıxsın. Indi görək də… Mənim balamın günahi yoxdur. O, 12 ildir günahsız yerə zülm çəkir.
Akif