Gündəmi zəbt edən məhbus qadın azad oluna bilər; Vüqar Əliyevin xanımı və anası «Azadlıq»a nələr danışdı?
Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib.
Dünən 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.
Işə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq.
Bu arada Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov “Lamiyə işi”ndə barəsində yazılanlara münasibət bildirib. O, ANS-ə açıqlamasında bildirib: “Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu Barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.
Vüqar Əliyevin xanımından keçmiş icra başçısına cavab
Aslan Aslanovun oğlunun ölümündə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynurə Əliyevadan keçmiş icra başçısına cavab gəlib. Aynurə Əliyeva “Azadlıq”a bildirib ki, Aslan Aslanovun iddiaları əsassızdır: “Aslan Aslanov deyir ki, oğlumu qrup şəklində qətlə yetiriblər. Əslində isə özü də bilir ki, oğlu Lamiyə Quliyeva tərəfindən qətlə yetirilib. Amma Aslan Aslanov bu işə görə Lamiyə və Vüqarla yanaşı bir qrup günahsız adamı həbs edib. Bunlar Vüqar Əliyevin atası, anası, xalaları, yeznəsi, dayısı və Lamiyə Quliyevanın anasıdır. Bu adamların heç bir təqsiri yoxdur. Bundan başqa bir nəfərin ölümünə görə kiməsə ömürlük həbs cəzası verilməsi təcrübəsi yoxdur. Yəni, Azərbaycan qanunlarında belə bir şey yoxdur”.
Aynurə Əliyeva daha sonra bildirib ki, Aslan Aslanov vəzifə səlahiyyətlərindən istifadə edərək, həmçinin Səfər Əbiyev və başqa məmurların dəstəyindən yararlanaraq oğlunun qətlinə görə iki ailəyə divan tutub: “Səfər Əbiyev Aslan Aslanovun həmin o ölən oğlunun kirvəsidir. Aslan Aslanov ona güvənərək belə addımlar atırdı. Mənim qayınatama Bayıl türməsində məhkəmə keçirilib. Oradakı hakim Səfər Əbiyevin adamı idi və işi Aslan Aslanova sərf edən şəkildə aparırdı. Aslan Aslanov indi deyir ki, yaramızı təzələməyin. Bəs 12 ildir Vüqarın Lamiyənin ailəsinə divar tutursan, onlar neyləsin? Oğlunun ölümünə görə günahsız adamları həbs etdirmisən, işgəncə verdirmisən, bəs bunları niyə demirsən?”
Aslanov bizim ailəyə divan tutdu
Vüqar Əliyevin anası Məlahət Ismayılova da baş verənlər barədə “Azadlıq”a danışıb. O, bildirib ki, Aslan Aslanovanın oğlunun qətlində Vüqar Əliyevin təqsiri olmasa da, keçmiş icra başçısı öz məqsədləri naminə onu ömürlük həbs etdirib: “Onun Şəmkirdə düşmənləri var idi. Vüqardan bu işdə həmin adamların adlarını çəkməyini istəyirdi. Vüqarı tutmaqla ürəyi soyumadı. Həyat yoldaşımı, məni, bacılarımı, qardaşımı, yeznəmi tutdurdu. Bir cinayətə görə bir ailəni məhv edərlərmi? Özü də yenə deyirəm ki, mənim oğlumun heç bir təqsiri yoxdur”.
Məlahət Ismayılova Lamiyə Quliyevanın Vüqar Əliyevlə tanışlığından da danışıb: “Onlar bizdən bir küçə o tərəfdə yaşayırdılar. Oğlum da qızı görüb, bəyənib. Gəldi evdə dedi, biz də nişan apardıq. Onun başına gələnlərdən xəbərimiz olmayıb. Bir müddətdən sonra Vüqar bilmişdi ki, Aslan Aslanovun oğlu bu qızın başına oyun gətirib. Qız özü danışıb Vüqara. Sonra da belə hadisə oldu. Amma Aslan Aslanov gördü ki, oğlunun namus üstdə öldürülməyi ona ləkə gətirir, bizim ailəyə divan tutdu. Bizi tutmaqla ləkələmək istədi. Amma mən həbs olunmağımı ləkə hesab etmirəm. Başım ucadır. Çünki nə mənim, nə oğlumun heç bir təqsiri yoxdur. Amma Aslan kişi hərəkəti eləmədi”.
O biri oğluma da tələ qurmuşdular
Məlahət Ismayılova deyib ki, Ruslan Aslanovun qətli ilə bağlı araşdırma aparılarkən Şəmkir polisinə xeyli sayda qız gətirilib: “Bilirdilər ki, qız üstdə öldürüblər. Ona görə Ruslanla əlaqəli olan qızları gətirib dindirirdilər. Bu hadisənin ilk günlərində olub. Sonra bildilər ki, Lamiyə öldürüb. Qız özü də açıq dedi ki, mən öldürmüşəm buna görə. Amma sonra Aslan Aslanov Vüqarı tutdurdu ki, işi başqa səmtə yönəltsin”.
Vüqar Əliyevin anasının sözlərinə görə, Aslan Aslanov vəzifədə olduğu müddətdə onların ailəsi həmişə təhlükədə olub: “Fürsət gözləyirdi ki, bizim ailədən birinə nəsə eləsin. Təsəvvür eləyin, yeznəm bir mübahisə etmişdi. Onu tutdurdu 2 il iş verdirdi. Taksi sürən qardaşımı narkotiklə tutdurdu. Bu işləri Aslan Aslanovun qardaşı Elsevər Aslanov həyata keçirirdi. Bu yaxınlarda da həmin Elsevər o biri oğluma bir oyun qurmuşdu. Onu Gəncəyə çağırtdırdılar, qurğu qurmuşdular. Amma biz qoymadıq. Yoxsa onu da tutacaqdılar”.
Lamiyə rəisin telefonu ilə zəng eləyib dedi ki…
Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinə gəlincə, Məlahət Ismayılova onun tam həqiqəti dediyinə inanmır: “Mən özüm türmədə olmuşam. Ora quş-quşluğu ilə uçub girə bilməz. Bu hansısa məhbusla necə görüşüb ki? Mən inanmıram bu deyilənlərə. Ona təzyiq edə bilərlər. Bu məsələ də araşdırılmalıdır. Heç əlaqəmiz də yoxdur onlarla. Əvvəllər bir-iki dəfə yanına getmişdim. Sonra getmədim.
Sizə bir məsələni danışım. Mən “Günəbaxan” verilişinə çıxmaq istəyirdim. Başımıza gələnləri danışmaq üçün. Lamiyənin anası Kifayətə zəng elədim. Dedim gəl sən də çıxış elə. Uşaqlarımızı bəlkə xilas edə bildik. O da əvvəl qızı ilə danışdı. Inanırsız, bir gündə 4 dəfə mənə zəng elədi. Həbsxananın rəisinin telefonu ilə. Dedi ki, mənə heç nə lazım deyil, heç nə danışmaq lazım deyil, anamı şantaj eləmə. Dedim Lamiyə səni orada öyrədən rəisdir. Yoxsa sən məhbus ola-ola rəisin telefonu ilə necə zəng edirsən? Kimsən ki, rəis sənə telefon verir. Dedim Lamiyə səni rəis öyrədir, rəisə də bu işi Aslan tapşırıb. Amma nə dedimsə qoymadı verilişə çıxmağa”.
Məlahət Ismayılova ümid edir ki, bu iş yenidən araşdırılacaq və oğlunun təqsirsizliyi üzə çıxacaq: “Oğlumun təqsiri yoxdur, ədalətlə araşdırsınlar üzə çıxacaq bu. Günahsız yerə 12 ildir həbsdədir. Ümid edirik ki, ədalət yerini tapacaq və Vüqarı azad edəcəklər”.
Sonda qeyd edək ki, bəzi media orqanları Lamiyə Quliyevanın həbsxanada süni mayalanma ilə uşaq dünyaya gətirdiyi barədə məlumat yayıb. Özü də bunu Ombudsmanın yaydığı xəbər kimi təqdim ediblər. Lakin Ombudsman dərhal yayılan məlumatı təkzib edib.
Akif