Mərhumun anası haray çəkdi: «Bu, sizin də başınıza gələ bilər»
Rəsmilər cinayət işinin başlandığını dedi və… “dağdan yuvarlanıb” rəyinin əsasını qoydu
“Mən bütün analara üzümü tuturam, mənim fəryadıma cavab verin. Balamın qanının yerdə qalmasına imkan verməyin. Heç nə istəmirəm, bircə balamın bu hala qoyanlar tapılsın. Mənə desinlər, balamı niyə öldürüblər”. 3 aylıq əsgər oğlunu yanvarın 8-də torpağa tapşıran Samirə Qubadova bu sözləri “Azadlıq” vasitəsi ilə hər kəsə eşitdirmək istəyir.
Ananın dediyinə görə, oğlunun ölümü barədə xəbəri elə tabut həyətlərinə gələndə eşidib. Cəmi bir gün əvvəl isə o oğlu ilə günün müxtəlif vaxtlarında iki dəfə danışıb: “Günorta bir, axşam saat 8-9-da bir də danışdım. Dedi, ana, sabah səhər dağa qalxırıq, postda. Heç nədən şikayətlənmədi. Deməli, oğlum mənlə danışandan bir neçə saat sonra döyülərək öldürülüb.”
Samirə Qubadovanın oğlunun öldürülməsi ilə bağlı iddiası aşkar dəlillərə söykənir. Hərbi hissədən ölüm barədə göndərilən aktda yazılır ki, guya Qubadov ürək çatışmazlığından ölüb. Ana isə deyir ki, bu, uydurma və böhtandır: “Birincisi, mənim oğlum xəstə idisə, niyə əsgər aparırdılar. Dünən qohumlarım ”voyenkomat”a zəng ediblər ki, uşaq xəstə idisə, niyə əsgərliyə aparmısınız. Onlar da deyib ki, biz uşağı iki dəfə yoxlamışıq, heç nəyi yoxdur. Uşağınızın ölümünün səbəbin o tərəfdə axtarın, bizdə yox”.
Əsgərin yaxınları da deyirlər ki, ölümlə bağlı dərin düşünməyə ehtiyac yoxdur, çünki meyidin üzərində aşkar işgəncə əlamətləri olub. Onların “Azadlıq”a təqdim etdiyi fotodan görünür ki, Qubadovun sifətində, bədənində, ayaqlarında zədələr, qançırlar var və bunlar adi meyit ləkələri deyil.
Yəqin elə bu səbəbdən cənazəni gətirən hərbçilər onu açmağa imkan vermirmişlər. Lakin əsgərin yaxınları təkidlə onu açıblar və bəlli olub ki “ürək tutması” iz azdırmaq üçündür.
Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubadov ailənin tək övladı olub. Atasını erkən itirən Ceyhun anasının himayəsində böyüyüb. Oğul itkisini heç cür həzm edə bilməyən ana “bilsəydim oğlum erməni gülləsinə tuş gəlib, bu qədər yanıb tökülməzdim” deməyə güclə təpər tapdı. O, oğlunun qətlinin araşdırılması üçün sonacan çalışacağını və bu istiqamətdə bütün azərbaycanlı analardan kömək umduğunu da dilə gətirdi.
Mərhumun yaxınları söhbət zamanı ölkə telekanallarından da şikayətləndilər: “Bizim 2 gün davamlı zənglərimizə baxmayaraq heç bir kanal gəlib dərdimizi çəkmədi. Ümidimiz ANS-ə idi, onlar da dedilər Müdafiə Nazirliyi tapşırsa, gələcəyik”.
Müdafiə Nazirliyi: “Fakt üzrə cinayət işi qaldırılıb…”
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya bildirib ki, Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq araşdırması gedir.
PA rəsmisi Məhərrəm Əliyev: “…Məsələyə ədalətli yanaşılacaq”
Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri general-leytenant Məhərrəm Əliyev də fakta münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında deyib: “Mən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı ailəsinin iddiasını eşitdikdən sonra ilkin araşdırma apardım. Həm Müdafiə Nazirliyi, həm də əsgərin xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlamışam. Bu faktla bağlı artıq Müdafiə Nazirliyi tərəfindən də məlumat verildiyi kimi cinayət işi başladılıb”. General qeyd edib ki, ailəsinin əsgərin döyülüb öldürülməsi ilə bağlı iddiaları ciddi şəkildə araşdırılacaq və başladılan cinayət işinə nəzarət olunacaq. Onun sözlərinə görə, əsgər Ceyhun Qubadov dağlıq ərazidə xidmət edib: “Əsgərin xidmət etdiyi ərazi dağlıq zona olub. Burada müxtəlif versiyalar ola bilər. Ancaq hər şey başladılan cinayət işinin nəticəsində bilinəcək. Heç kimin şübhəsi olmasın ki, məsələyə ədalətli yanaşılacaq”.
Məhərrəm Əliyevin dediklərinə şübhə salmaq istəməsək də, “dağlıq ərazidə xidmət” amilinin vurğulanması istintaqın sonda “dağdan yuvarlanıb” nəticəsinə “gələcəyi” şübhələrini yaradır. Ölüm işində hərbi hissənin qərəzli mövqe tutması ən azı ölüm aktında “ürək tutması”nın göstərilməsidir. Əsgərin valideynlərini də daha çox ağrıdan bu məqamdır ki, ölümün real səbəbi gizlədilir. Onlar bildirir ki, əgər bu hadisədə komandanlığın məsuliyyəti yoxdursa, bu başqa bir əsgərin cinayətkar özbaşınalıqdırsa, valideynlərlə dürüst danışıb aydınlıq gətirmək olardı; saxta rəylər verməz, meyidi gizlincə baûsdırmağa cəhd göstərməzdilər.
Yanvarın 12-i, Fəvvarələr Meydanı, saat 16.00
“Azadlıq”ın əsgər ölümü ilə bağlı üzə çıxardığı son fakt sosial şəbəkədə də müzakirə edilməkdədir. Bir neçə fəal isə artıq “Facebook” vasitəsilə bu hadisədən çıxış edərək ölkədə əsgər ölümlərinə etiraz əlaməti olaraq aksiya təyin ediblər.
Aksiya yanvarın 12-i, saat 16.00-a Fəvvarələr Meydanına təyin edilib. Aksiya ilə bağlı dəvətdə yazılıb:
“Atəşkəs şaraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümü xəbərləri eşidirik! Ölümlərə səbəb olanlar cəzalandırılmır. Əgər biz bu haqsızlığa DUR deməsək heç kim deməyəcək! Etirazımızı bildirək! Fəvvarələr meydanındakı etiraz aksiyasına vicdanı, mənliyi olan hər bir azərbaycanlını dəvət edirik!
Etirazımızı sivil şəkildə edəcəyik və unutmayın, bu, siyasi aksiya deyil!
P.S. Aksiyanı heç bir təşkilat, partiya keçirmir”.
Natiq