«Deputat olanda adamlar mənə bir nifrətlə baxırdı…»
Əkrəm Əylisli: “Riyakarlıqdı: YAP-a sədaqətlisənsə, ağıllı hesab olunursan”
Yazıçı Əkrəm Əylisli ilə müsahibə onun 75 illiyinə təsadüf etsə də, söhbətimiz təkcə ad günü ilə bağlı olmadı. Deyəsən, ən azı elə bu yubiley barədə danışdıq.
– Bu düşüncənin oturuşmasının fəsadları nə ola bilər?
– Fəsadları hakimiyyətin süqutu ilə bitir, özü də fəlakətli. Əlbəttə, xalq üçün də pis qurtarır. Mən arzu edirəm ki, Azərbaycan hakimiyyəti “mən sabahın müxalifətiyəm, mən sabah müxalifət olanda sizlərə göstərəcəyəm, necə tənqid etmək olar” deyə biləcək səviyyəyə yetişsin.
– Bu fikirləri deməyə hakimiyyətə nə mane olur?
– Mənə elə gəlir ki, hakimiyyətpərəstlik mane olur.
– Uzun illərdir Sizi şəhərdə piyada gəzən görürəm, avtomobiliniz yoxdur?
– Avtomobili sevmirəm. Lap tutaq ki, maşınım oldu, nə edəcəyəm, onunla şəhəri gəzəcəyəm?
– Maşın arzusunda olan minlərlə insan var, rahatlıq naminə…
– Inanın mənə, ömrümdə belə şeylərdə gözüm olmayıb. Bəlkə də üstünlüyüm odur ki, mənə çox az şey lazımdır. Hakimiyyətdə oturanlar elə bilir ki, Əkrəm Əylisliyə çox şey lazımdır, çox böyük səhv edirlər. Mənə azca ürək rahatlığı, azca fərəh hissiyyatı, müsbət emosiya və azca insanların rəğbəti lazımdır, görəndə üzümə gülümsəsinlər, belə şeylərlə yaşaya bilirəm.
– Metroya düşürsünüzmü?
– Əvvəllər çox minirdim, amma 1 ildir düşmürəm “yerin altına”. Həm də metroyla hara gedəcəyəm, getməli yerim də yoxdur.
– Bax, fərəh hissindən danışdınız, sovet dövrüylə indiki zamanı müqayisə edəndə fərəh hissi tapırsınızmı? Yaxud o dövrdə görmədiklərinizi bu gün görəndə təəccüblənirsinizmi?
– Bu məsələyə subyektiv, kəndçi balası kimi baxsam beləydi: balaca Əkrəm Naibov Əylis kənd məktəbində oxuyanda inanırdı ki, bunun arxasında hökumət var, gedib yenə oxuyacaq. Və yolpulu tapıb kənddən çıxırdın, gəlib bir instituta daxil olurdun. Sən bilirdin ki, arxanda ata yerinə hökumət var, tələbə təqaüdü alırdın. Mən Əylis balası Əkrəm nəyin hesabına gəlmişəm Bakıya? Həyətimizdən bir az meyvə yığıb Konserv Zavodunun qəbul məntəqəsinə vermişəm və yolpulu alıb qatarla Bakıya gəlmişəm. Yəni ömrümdə heç kəsdən 1 qəpik də görməmişəm. Təsəvvür edin ki, tələbə yataqxanasında yerinin olduğunu və tələbə təqaüdü alacağını bilirsən, yəni gündə çörək yeyib çay içmək imkanın var, pendir-çörəklə də keçinə bilərsən və yatacaq yerin də məlum. Təəssüf ki, həmin o keyfiyyət bu gün yoxdur. Kiçik oğlumun 6 yaşı olanda “Gilanar çiçəyinə dediklərim” adlı yazımda yazmışdım: “Məndən sonra Əylisdən bir uşaq gələcək, o, bu şəhəri necə görəcək, bilmirəm, onun taleyinin də necə olacağını bilmirəm, ancaq bu yazımı ona həsr edirəm”. Indi düşünürəm ki, çox çətin Əylisdən kimsə gələr. Bəli, gözəl məktəb binası tikirlər, amma tədris yoxdur. Yəni sovet dövründəkindən qat-qat gözəl məktəb binaları var, amma sovet dövründəki kimi normal təhsil yoxdur. Şagirdə nə mənəvi, nə əxlaqi enerji verilir, uşaq gözünü açır görür ki, kimin pulu varsa, kefi kökdür. Amerika həyat tərzidir də, bilirsiniz, bizi çox çaşdırdılar. Mənə elə gəlir ki, Qərb bizi bərk aldatdı, ola bilər Siz fərqli düşünəsiniz. Qərbin yazıçıları aldatmadı, onlar burjuaziyaya da tüpürdülər. Hansı böyük sənətkarı götürsən, lap Amerikanın içində olsun, o, cəmiyyəti ifşa edib, naqis cəhətləri qabardıb. Amma siyasətçiləri bizi tovladılar.
– Bu günlərdə gənc şair Elnur Astanbəyli Belinskinin Qoqola məktublarından hissələr dərc etmişdi. Sezilir ki, rus yazıçılarının münasibətləri çox kəskin olub və bu, ictimai səciyyə daşıyıb. Azərbaycan yazıçıları arasında məktublaşma olmasa da, bir dialoq olubmu?
– Bizdə o səviyyədə olmur. Çünki o qədər yetişməmişik. Hələ vaxtilə deyirdim ki, bizim ən böyük xoşbəxtliyimiz odur ki, özümüzü ruslarla müqayisə edə bilirik. Halbuki, sənin özünü ruslarla müqayisə etməyin gülməlidir. Baxın, Tolstoya, görün o dünya ədəbiyyatında hardadır? 100 nəfərdir, yox, dünyada bir Tolstoy var. Ancaq bizim ruhumuzun, cəsarətimizin məğzində iki şəxs dayanır, biri Mirzə Fətəli, biri də Mirzə Cəlildir.
– Bəs Hüseyn Cavid?
– Mənə onun barəsində sual verməyin. Bəli, Cavidin taleyi pis olub. Bilirsiniz, Cavid mən deyən deyil, çünki o, ana dilində bir cümlə də yazmayıb. Onun yazdığı dil heç türk dili də deyil, sintetik bir dildə yazmayıb.
– Düzdür, Sizinlə Cavid barəsində qeyri-rəsmi söhbətimiz olub, ancaq istərdim onu bəyənmədiyinizin səbəbini açasınız…
– Ona görə ki, o mənim yazıçım deyil. Axundov Füzulini niyə bəyənmirdi? Çünki Füzulini antiədəbiyyat bir şeyə döndərmişdilər, meyxana kimi bir şey etmişdilər. Axundov da buna dözmürdü.
– Əkrəm müəllim, internetlə təmasınız necədir, bəhrələnə bilirsinizmi?
– Internetə bir şeyə görə təşəkkür edirəm ki, yerli və Rusiya mətbuatını oxuya bilirəm. Həm də məqalələrdəki, şərhlərə görə yaxşı şeydir internet. Amma o günləri Ramiz Mehdiyevin çıxışına telefonla münasibət öyrəndilər, onu oxuyandan sonra telefonla müsahibə verməməyə söz verdim.
– Nə üçün?
– Çünki mən demişdim Ziyalılar Forumunda yalnız 6 nəfərə təminat verirəm, bu, xeyli adamı incik sala bilər. Bax, forumdakı gözəl insanların könlünə dəymiş oluram da. Təsəvvür et ki, yuxudan oyanmısan, telefon zəng çalır, götürürsən, jurnalist sualını tezcə verir, qalırsan məəttəl…
– Həmyaşıdınız Vaqif Səmədoğlu sosial şəbəkələrdə olur, Sizdə belə maraq varmı?
– Vaqif oyunçudur da, indi özünə bir oyun tapıb. Siz Vaqifi mənim kimi tanıya bilməzsiniz. Vaqif həqiqətən şairdir və qəribədir ki, o, nədə şair olduğunu özü də bilmir. Azərbaycan dilində çox yaxşı yazmır, dil materialı çox zəifdir.
– Siz əsərlərinizi kompüterdə, yoxsa vərəqə yazırsınız?
– Əllə yazıram. Bilirsən, yazını ki, yazanda hərfi görməyəndə, onu bir 20 dəfə iyləməyəndə, ləzzəti olmaz. Mən kompüterdə bunları başa düşmərəm, gərək sözümü özüm yazam. Bu prosesdə vərdişin də rolu var, gözümü açandan əllə yazmağa vərdiş etmişəm.
– Çingiz Abdullayev bir dəfə demişdi ki, noutbukun üstünlüyü odur ki, sən uzun yol gedərkən də yaza bilirsən.
– Mən elə yaza bilsəydim, kef edərdim, sevinərdim. Bir daha deyirəm, vərdişin rolu danılmazdır. Çingiz cavan oğlandır, gözünü açıb onu görüb və varlığı onunla bağlıdır.
– Bəlkə bir az yenilikçi deyilsiniz?
– Yox, mən yeniliyə çox vurğunam. Ancaq kompüteri, yaxud noutbuku götürüb (əliylə göstərir) çık-çık edə bilmərəm (xeyli gülür).
– Yazı üslubunuz necədir, başlayan kimi dayanmadan yazırsınız, yoxsa günə bir səhifə və ya 10 səhifə yazırsınız?
– Yazı böyükdürsə, böhran keçirirəm. Yəni yazırsan, yazırsan, bir yerdə ilişirsən. Əksər hallarda növbəti fəsli yuxumda görürəm, çox gərgin olur. Məsələn, mənim “Ağ dərə” adlı bir yazım var, onu yazanda bir yerdə ilişmişdim, getmirdi, davamını gecə iki dəfə gördüm, ovqatını. Yuxuda ayrı mənzərə, şəkillər gəlir, amma ovqat onu gətirir.
– Şəhərdə piyada gəzirsiniz, bu gəzintidə insanlarla təmaslarınız olurmu və daha çox hansı məsələləri qabardırlar?
– Hər gün bu cür suallarla rastlaşırsan, yəni gündə bir adam öz dərdini deyir. Bir şey deyim, bu da mənim taleyim üçün çox qəribə məsələdir, hətta bir az ağlamsınandır, kədərlidir. Deməli, mən ki, deputat oldum, Ilahi, özümə qarşı bir nifrət gördüm, küçəyə çıxırdım, görürdüm ki, adamlar mənə bir nifrətlə baxır. Deyirdim, Ilahi, mən bu insanlara nə etmişəm?! Mənə də onların sevgisi lazımdır!
– Suala cavab tapdınızmı?
– Cavabı çox qəlizdir, gəlin, bunu yubiley münasibətiylə açmayaq.
– Elə bu yaxınlarda Gülər Əhmədova və sabiq rektor Elşad Abdullayev videosu ortaya çıxdı, bəlkə insanlar şüuraltı mandat satışını hiss etmişdi öz nifrətində?
– Mən bilmirəm də, gördüyüm insanlar çox müxtəlif idi. Amma bu camaatda mənə bir nifrət var idi, insanların simasına baxıb özümə deyirdim ki, onun gülüşünə bir ehtiyacım var. Görünür, insanlar kimlərəsə ümid bəsləyir, ürəyində məhəbbət “yuvası” qurub, sadəcə, həmin “yuva”nın uçurulmasını istəmirlər. Necə ki, quş yuvasının dağıdılmasını istəmir.
– Özünüz də təsdiqlədiniz ki, cəmiyyətdə böhran var. Mənəvi aşınma getdikcə dərinləşir, el diliylə desək, bizim axırımız necə olacaq?
– Bizim axırımız yalnız Azərbaycanın daxilində həll olunmur. Gələcəyimiz Azərbaycandan kənarda həll olunur. Azərbaycandan kənarda gözəl, sivil, mədəni görünmək üçün neft pulumuz var.
– Yəni neft pulu bizi mədəni göstərə bilir?
– Müəyyən hallarda bəli, heç bir halda inkar etmək olmaz. Ancaq biz hansı Azərbaycanın ehtiyacındayıq, həsrətindəyik? O Azərbaycanda ki, vətəndaş, insan sözünə, fikrinə görə zülmə düçar olmayacaq, aşağılanmayacaq. Azadlıq təkcə sözdə olmur, azadlıq o hissiyyatda olur ki, mən nə qədər azad insanam, mənim vətənim var və bu ölkə mənimdir, bax, bu hissiyyat olmalıdır! Bu da o zaman olur ki, sən həmin ölkədə sözünü, fikrini açıq deyə bilirsən, səmimi olursan.
– Azərbaycanlılar buna nail ola biləcəkmi?
– Məncə, mütləq olacaqlar. Ancaq hakimiyyət bu prosesi dayandırmaq cəhdi göstərsə, fəlakətə apara bilər.
– Hakimiyyət təmsilçilərindən tez-tez eşidirik ki, azərbaycanlıların demokratik cəmiyyət qurmaq potensialı yoxdur…
– Mən Azərbaycan cəmiyyətində gözəl potensial görürəm. Hesab edirəm ki, cəmiyyətimizdə nə qədər sağlam, aydın və gözəl insanlar var, bəlkə heç başqa ölkələrdə yoxdur, onların sayı çoxdur. Məni yandıran odur ki, bu qədər gözəl və sağlam qüvvə Azərbaycanın inkişafına sərf olunmur. Əksinə, bizim həyatımız siyasi sədaqətə hesablanır. Sən siyasi cəhətdən YAP-a nə qədər sədaqətlisənsə, bir o qədər ağıllı hesab olunursan. Məlum məsələdir ki, burda böyük bir riyakarlıq var. Bizim bütün cəmiyyətimiz həmin riyakarlığa qarşı getməlidir. Bu riyakarlığın kökünü kəsə bilsək, azərbaycanlılar gözəl millət olacaq.
Natiq Güləhmədoğlu