«Mc Donald’s»ın rəhbəri öz oğlunun ölümündə onu günahlandıraraq, layiqli cəza almasını istədi
«Məni yandıran odur ki, Sənanı heç bir şəraiti olmayan Sabunçu xəstəxanasına aparıblar, Ilhamı isə Istanbula…»
Səbail Rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu, 1998-ci il təvəllüdlü Ilham Əsgərli təqsirləndirilən məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə baxılır. Bu iş üzrə onunla yanaşı, Əhliman Süleymanov da mühakimə olunur. Onların hər ikisinin barəsində məhkəmə yekun qərar verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, icra başçısının oğlu yol qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Dünən məhkəmədə prosesində prokuror ittiham aktını elan edərkən məlum olub ki, Ilham Əsgərli hadisə zamanı sürücülük vəsiqəsi olmadan avtomobili idarə edirmiş. Hadisə isə ötən il sentyabrın 29-da baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi yük maşını ilə toqquşub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişib.
Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan hər iki maşının sürücüsü – Ilham Əsgərli və Əhliman Süleymanov onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməyib.
Hadisə nəticəsində dünyasını dəyişmiş Sənan Mirzəyevin atası Maqsud Mirzəyev də dünən məhkəmədə ifadə verib. Qeyd edək ki, Maqsud Mirzəyev “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəridir. O, ifadəsində bildirib ki, hadisə baş verən gün Nyu-Yorkda olub və bir neçə saat sonra xəbər tutan kimi Bakıya qayıdıb: “Həmin gün Sənan evdə olub və heç hara çıxmaq fikri olmayıb. Ilham Əsgərli telefonla zəng edərək, onu Şüvəlana – ”Paint-ball" oynamağa dəvət edib. Sənan isə bildirib ki, sürücüsü yoxdur və buna görə evdən çıxa bilməz. Amma Ilham deyib ki, mən səni öz sürücümlə gəlib aparacam. Bundan sonra Ilham Əsgərli iki sürücüsü ilə bizim evimizə gəlib, Sənanı da götürüb gedib. Sənana da məhz maşını sürücü idarə etdiyi üçün icazə verilib. Yolda sürücünün biri işi çıxdığı üçün gedib. Mənim bildiyimə görə, o biri sürücü də yolda Ilham Əsgərlinin istəyilə idarəetməni ona verib. Nəticədə Ilham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib".
Maqsud Mirzəyev ən çox narazı qaldığı məsələni də açıqlayıb: “Məni yandıran odur ki, Sənanı Sabunçu xəstəxanasına aparıblar, amma Ilhamı və sürücünü ”Semaşko"ya. Ilhamı oradan da təcili olaraq Istanbula müalicəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. Sənanı normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı. Oğlumu təcili yardım maşınında aparıblar. Həmin maşında heç nəfəs aparatı da olmayıb. Heç olmasa, vaxtında bizə xəbər verə bilərdilər. Biz isə saatlar sonra xəbər tutmuşuq. Saat 6-dan sonra qayınanam zəng etsə də, telefona cavab verən olmayıb. Bir neçə saatdan sonra özünü təqdim etməyən şəxs telefona cavab verərək, Sabunçu xəstəxanasına gəlmələrini istəyib. Qayınatamla qayınanam ora gedəndə xəstəxanada heç kim olmayıb. Süpürgəçi onlara birbaşa morqa getməli olduqlarını deyib. Normal xəstəxanaya yerləşdirilsəydi, bəlkə də indi sağ idi. Mən hadisədən sonra 3-4 dəfə o xəstəxanada olmuşam, orada xəstəyə yardım etmək üçün normal avadanlıq yoxdur. Əgər oğlum normal bir xəstəxanaya yerləşdirilsəydi, yardım göstərilsəydi və bundan sonra dünyasını dəyişsəydi, ürəyim rahat olardı ki, lazım olan edilib. Ilhamın sürücüsü deyib ki, Sabunçu bizim səviyyəmizə uyğun deyil. Belə çıxır ki, Sabunçu xəstəxanası mənim oğlumun səviyyəsinə uyğun olub, amma Ilham Əsgərlinin səviyyəsinə yox? Ona görə də oğlumun ölümünə səbəb olanlara layiqli cəza verilməsini istəyirəm".
Qeyd edək ki, Ilham Əsgərlinin həmin vaxt maşında olan və xəsarət alan sürücüsü Pərvin Fətullayev də zərərçəkmiş qismində tanınıb. O, ifadəsində deyib ki, yolda özünü pis hiss etdiyinə görə idarəetməni Ilhama verib. Pərvin Fətullayev həmçinin onun özünün də hadisədən sonra Sabunçu xəstəxanasına aparıldığını bildirib.
Bu iş üzrə məhkəmə prosesi aprelin 15-də davam edəcək.
Aytən Məmmədova