"Nə hökm çıxarmağınızın mənim üçün əhəmiyyəti yoxdur; Heç bir hökm dilimi kəsə bilməz; Azad insan hər yerdə azaddır"
"Burada tək mən yox, insan haqları, demokratik dəyərlər mühakimə olunur"
Azərbaycanın görkəmli hüquqşünaslarından olan İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə iclası da əvvəlkilər kimi, vicdan məhbusunun bir sıra ciddi bəyanatları ilə yadda qaldı. İntiqam Əliyev bir daha bəyan etdi ki, bu cür məhrumiyyətlər, o cümlədən həbs, təcridxanada ona qarşı qanunsuz davranışlar və s. onu qorxuda bilməz.
Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində İntiqam Əliyevin işi üzrə keçirilən məhkəmə iclasını izləməyə gələnlər arasında çoxsaylı jurnalistlər, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrilə yanaşı, ölkənin ictimai-siyasi xadimləri, o cümlədən AXCP sədri Əli Kərimli və müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, Əbülfəz Qurbanlı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Namizəd Səfərov, Qurban Məmmədov, Müsavatın keçmiş başqanı İsa Qəmbər, və digər tanınmışlar vardı. Gələnlərin əksəriyyəti isə zalda yerdə olmadığına görə prosesdə iştirak edə bilmədi.
Məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov istəyirdi ki, iclası iş üzrə zərərçəkmiş qismində tanınan Gülşən Orucovanın ifadəsilə başlasın. O, İntiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) uzun illər mühasib işləyib. İndi məlum olur ki, HMC-nin bank hesabından bu illər ərzində Gülşən Orucovanın bacısı Əfsanənin bank hesabına ümumilikdə 119 min manat pul köçürülüb. Orucova iddia edir ki, İntiqam Əliyevin göstərişilə təşkilatın hesabından bacısının hesabına pullar köçürüb. Sonra isə həmin pulları çıxarıb elə İntiqam Əliyevin özünə verib. Hüquq müdafiəçisi isə bəyan edir ki, həmin köçürmələrdən də, vəsaitlərdən də onun xəbəri olmayıb. Əfsanə Orucovanın hesabına pul köçürülməsinə dair ödəniş göstərişlərində onun adından atılmış imzalar da saxtadır. Yəni həmin imzalar ona məxsus deyil. Elə bu səbəbdən İntiqam Əliyev xeyli vaxtdır ki, məhkəmədən ödəniş göstərişlərindəki imzaların ekspertizadan keçirilməsini tələb edir, lakin məhkəmə nədənsə, bu haqda vəsatətləri təmin etmir.
Dindirmə başlayanda İntiqam Əliyev və vəkili məhkəməyə müraciət edərək, vəsatətləri olduğunu bildirdilər. Əvvəlcə hakim buna əhəmiyyət vermək istəmədi və nəticədə onunla İntiqam Əliyev arasında mübahisə yarandı. Amma son nəticədə müdafiə tərəfi vəsatətləri səsləndirdi.
Vəkil Şəhla Hümbətova bildirdi ki, ittihamların mahiyyəti İntiqam Əliyevə aydın deyil. Cinayət Prosessual Məcəlləsi isə təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin izah olunmasını tələb edir: "Ona görə də xahiş edirik ki, ittihamların mahiyyəti izah olunsun".
"Heç bir azadlıqdan məhrumetmə hökmü mənim dilimi kəsə bilməz!"
İntiqam Əliyevin özünün vəsatəti isə məhkəmə iclasının daha böyük zalda keçirilməsi haqda idi: "Ötən iclasların birində vəsatət qaldırıb dedik ki, bu məhkəmə prosesinə ictimai maraq böyükdür. Çünki vətəndaş cəmiyyətini sıradan çıxarmağa hesablanmış prosesin tərkib hissəsidir bu məhkəmə. Sizlər ötən 20 ildə bu cür məhkəmə prosesləri vasitəsilə nə qədər vicdanlı insanları "zərərsizləşdirmisiz", nə qədər günahsız adam barədə ağır cəza hökmləri çıxarmısız. Əminəm ki, bu işdə də ittiham hökmü çıxaracaqsız. Bunu gözə almışam və nə hökm çıxarmağınızın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bir daha deyirəm, heç bir azadlıqdan məhrumetmə hökmü mənim dilimi kəsə bilməz!
Məni narahat edən odur ki, çoxsaylı insanlar bu məhkəmə prosesində iştirak etmək istəyirlər. Onlar bilməlidilər ki, inandıqları, etibar etdikləri vəkil ittihamda göstərilən qanunsuzluqları edib, yoxsa yox. Məhkəmə prosesinin böyük zalda keçirilməsi barədə ötən vəsatətimizdən sonra yalnız bir iclası orada keçirdiniz. Amma göründüyü kimi, yenə qayıtmısız kiçik zala. Həzərə almaq lazımdır ki, çoxsaylı insanlar əziyyət çəkib gəlir, məhkəmə prosesinin monitorinqini keçirmək, burada baş verənləri izləmək istəyənlər küçədə qalır, zala daxil ola bilmir. İnsanların prosesdə iştirakının məhdudlaşdırılması məhkəmənin açıqlığı prinsipinin pozuntusudur. Siz qərəzli şəkildə bu prosesi kiçik zalda keçirirsiniz…
Hakim:
– Kiməsə səlahiyyət verilibmi ki, məhkəmənin monitorinqini aparsın?
– Siz nə danışırsız?
– Heç kimə belə bir səlahiyyət verilməyib.
– Vay-vay-vay… Siz hələ bilmirsiniz ki, istənilən şəxs açıq məhkəmə prosesində iştirak edib, monitorinq apara bilər. Vaxtilə ATƏT-in məhkəmələrin monitorinqinə dair layihələri olurdu. Həmin hesabatlar bütün dünyada yayılırdı. Sonradan hökumətin gözü qorxdu…
– Əyləşin…
– Axı mən bilmədim ki, vəsatətim təmin olunur, yoxsa yox?
Məhkəmə ittihamın mahiyyətinin izah olunmasına dair vəsatəti təmin etsə də, prosesin daha böyük zalda keçirilməsinə "yox" dedi.
Gülünc həbslər və hökmlər
Bundan sonra hakim Rasim Sadıxov ittiham aktının nəticə hissəsini oxumağa başladı. Bir qədər oxumuşdu ki, İntiqam Əliyev davam etdirməyə ehtiyac olmadığını bildirdi: "İttiham aktında yazılanları özüm də oxuya bilirəm. Mənə verilən ittihamın mahiyyətini bilmək istəyirəm. Məsələn, qanunsuz sahibkarlıq deyəndə lisenziya tələb edən fəaliyyətlə belə bir icazə olmadan məşğul olmaq nəzərdə tutulur. Bizim işimiz hüquqi maarifləndirmə, təlim keçmək, qanunsuz və siyasi motivlərlə həbs olunan fəalların, jurnalistlərin hüquqlarının müdafiəsi, Avropa Məhkəməsinə şikayətlərin hazırlanmasından ibarət olub. İndi mənə izah edin ki, bizim fəaliyyətimizdə qanunsuz sahibkarlıq nədədir?
Hakim:
– Siz özünüz də dediniz ki, yüzlərlə insana hüquq təlimi keçmiş adamsınız…
– Bəli, mən Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin hakimlərinə, prokurorlara çoxsaylı təlimlər keçmişəm. Elə ona görə deyirəm ki, bu ittihamları anlamaq üçün hüquqi savad yetərsizdir. Siz mənə izah edin.
– Sizcə, hüquq müəlliminə ittihamların mahiyyətini izah etmək gülünc çıxmırmı?
– Əlbəttə, gülünc çıxır. Günahsız insanların siyasi motivlərlə həbsi də gülüncdür. Sizlərin həmin insanlar barəsində çıxardığınız hökmlər də gülüncdür. İnsanları, konkret Xədicəni bir ittihamla tutub, fiaskodan sonra başqa ittihamlar irəli sürmək də gülüncdür…
Bu yerdə hakim dözməyərək, məhkəmə prosesində fasilə elan etdi. Eyni zamanda, prosesi izləməyə gələnlərin də zaldan çıxarılması haqda göstəriş verib, çıxıb getdi…
"Bu, dəhşətli dərəcədə biabırçı haldır…"
Fasilədən sonra İntiqam Əliyev hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyasına yazılı şəkildə etiraz etdi. Hüquq müdafiəçisi etirazını bu məhkəmə heyətinin qərəzli olması, indiyədək müdafiə tərəfinin qaldırdığı çoxsaylı vəsatətlərin təmin olunmaması ilə əsaslandırdı: "Hazırlıq iclasında məndən məhkəmə tərkibinə etirazımın olub-olmadığını soruşdunuz. Etiraz etmədim. Çünki Azərbaycanda insan haqlarının durumuna, məhkəmələrin vəziyyətinə bələd olan hər kəs bu cür siyasi motivli proseslərin necə yekunlaşacağını yaxşı bilir. İşə baxan hakim bilmirsə ki, istənilən şəxs məhkəmələrin monitorinqini apara bilər, daha o məhkəmədən nə gözləsin insanlar?! Monitorinq hakimlərin səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilirsə, hökm bəri başdan bəllidir. Hakimin monitorinqlə bağlı dediyi məni şoka saldı. Bu, dəhşətli dərəcədə biabırçı haldır.
Onu da deyim ki, etirazımızın təmin olunmayacağını bilirik. Sadəcə, buradakı özbaşınalıqların, qərəzin rəsmi şəkildə qeydə alınması üçün etirazımızı vermək qərarına gəldik. Məhkəmənin audio-video yazısının aparılması haqda vəsatətimizi təmin etmədiniz. Ümumiyyətlə, birmənalı şəkildə siyasi motivli işlərdə məhkəmələrdə səs və görüntü yazısına imkan verilmir. İndiyədək mənim tərəfimdən Avropa Məhkəməsinə 200-ə yaxın şikayət göndərilib, onun az qala yarısı, siyasi motivli işlərlə bağlıdır. Ona əsaslanaraq deyirəm ki, siyasi motivli proseslərdə məhkəmə iclas protokolları saxtalaşdırılır, müdafiə tərəfinin sübutları, fikirləri protokollarda öz əksini tapmır.
Ofisimizdən götürülmüş sənədlərin qeydə alınmadan, torbalara doldurularaq aparılması çox kobud qanun pozuntusu idi. Vəsatət qaldırdıq ki, qanunsuz yolla əldə olunmuş sübutlar siyahıdan çıxarılsın. O vəsatətimiz də rədd olundu. Sənədlərin qanunsuz yolla, torbalara tökülüb aparılması artıq pis bir praktikaya çevrilib. Anar Məmmədlinin, mənim, "Azadlıq" radiosunun, Xədicənin işində. Bilirəm, bu adlar çəkiləndə xoşunuza gəlmir. Amma burada tək mən yox, insan haqları, demokratik dəyərlər mühakimə olunur. Hələ 2003, 2005, 2010-cu illərdəki həbslər zamanı deyirdik ki, indi sussaq, sabah növbə bizə də çatacaq. Mən siyasətçi deyiləm, amma bilirdim ki, gec-tez məni də tutacaqlar. Çünki insanların hüququnu müdafiə edirəmsə, onların şikayətlərini Avropa Məhkəməsinə çıxarıramsa, deməli, bu hökumət üçün düşmənəm. Elə vəkillər var ki, siyasi motivli işlərə çıxmağa, Leyla Yunus, Asif Yusifli, Xədicə İsmayıl, Seymur Həzi və başqa adamları müdafiə etməyə çəkinir. Bu cür adamlar kənarda durmaqla canlarını qurtardıqlarını düşünürlərsə, yanılırlar. Sən siyasətlə məşğul olmasan belə, əgər vicdanlısansa, deməli, bir gün növbə sənə də çatacaq. Necə ki, siyasətlə məşğul olmayan sahibkarlara, müəllimlərə növbə çatır. Hər gün Kürdəxanı təcridxanasına maşın-maşın adam gətirirlər.
"Mənim qızım, ancaq elə deməli idi…"
Ofisimizdən götürülən sənədlər arasında burada və Avropa Məhkəməsində apardığımız işlər də vardı. Əslində, həbsimin səbəblərindən biri də məni siyasi motivli, seçki şikayətlərilə bağlı işlərin müdafiəsindən uzaqlaşdırmaq idi. Amma başa düşmürlər ki, azad insan hər yerdə azaddır. Mən apardığım o işlərlə bağlı fəaliyyətimi onsuz da hər hansı yolla davam etdirəcəm. O işlərlə bağlı sənədlərin bəzilərini qaytarıblar, amma bir hissəsi bu günə qədər prokurorluqdadır. Məsələn, AXCP-nin qərargahının möhürlənməsilə bağlı Avropa Məhkəməsinə göndərilmiş şikayətdən tutmuş, xeyli seçki işlərinə qədər. Bu sənədlərin hələ də qaytarılmaması sübut edir ki, həbsimdə məqsəd həm də mənim vəkillik fəaliyyətimin qarşısını almaq idi.
Eyni zamanda, bu həbslər göz qorxutmağa hesablanıb. Amma proseslər göstərir ki, 20 il ərzində həyata keçirilən repressiyalara baxmayaraq, insanları qorxutmaq mümkün olmayıb. Mənim qızım həbsim barədə danışarkən deyib ki, "atamı həbslə qorxutmaq mümkün deyil". Belə bir övladım olmasıyla fəxr elədim. Qızım ancaq belə deməli idi! Seymur, Leyla, Xədicə, Asif və digərləri də belə deyir!
İndi isə 119 min məsələsi haqda. Bir daha deyirəm, o puldan bir manat mənə çatıbsa, dünyanın ən axırıncı adamı kimi ən ağır cəzanı çəkməyə hazıram. Məhkəmə niyə həmin köçürmələrlə bağlı banka sorğu göndərməyə razılaşmadı? İddia olunur ki, hesaba köçürüləndən sonra çıxarıb mənə veriblər. Bəs o pulların həmin bankdan çıxarılıb-çıxarılmaması barədə niyə arayış yoxdur işdə? Məhkəmə onu niyə almaq istəmir? İş materiallarından görünür ki, köçürülmüş pulların bir hissəsi hələ də oradadır. Deyirəm ki, köçürməyə dair ödəniş göstərişlərindəki imzalar mənə məxsus deyil. Niyə ekspertizaya göndərilmir? Bu barədə bütün vəsatətlərimiz rədd olunur. Deyirik ki, qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi barədə sorğu göndərib cavab alın, eləmirsiz. Nazirlikdən qrant müqavilələrinin qeydiyyat kitabının alınması haqda vəsatətimizi də rədd etdiniz. Vəkillərim həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdı, o da təmin olunmadı. Prokuror belə əsaslandırdı ki, ölkədən qanunsuz yolla qaça bilərəm. Bir daha deyirəm, bu ölkədən heç yerə qaçmaq fikrim yoxdur, əksinə, kimlərinsə bu ölkədən qaçdığı günü görmək istəyirəm. Bu gün siyasi sifarişlə həbsdə olan insanların hər birinin bu ölkəni tərk eləmək imkanı olub, amma bunu eləmək istəməyiblər.
Yaxşı hökumət ölkəyə 400-500 ədəd "Volvo" avtobusları gətirib turistləri gəzdirən deyil. Yaxşı hakimiyyət öz vətəndaşlarına hörmət edən, öz vətəndaşlarına yaxşı maaş verən, öz vətəndaşlarını yaxşı avtobuslarda daşıyan hakimiyyətdir".
Məhkəmə etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib.
"İnsan murdarlığının həddi-hüdudu yoxdur…"
Daha sonra Gülşən Orucova ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirib. O, prokurorun və vəkillərin sualların cavablandırıb. Vəkillərin suallarının əksəriyyətinə "xatırlamıram" cavabını verən Gülşən Orucovanın dindirilməsi zamanı bir sıra ziddiyyətlər ortaya çıxıb. Məsələn o, istintaqdakı ifadəsində bacısının adına hesab açılmasına razılaşmasının səbəbi kimi İntiqam Əliyevdən maddi asılılığının olmasını göstərib. Məhkəmədə isə bildirib ki, sosial fonda ödənişlər baxımından bacısına faydalı olacağını düşünərək, buna razılıq verib. Gülşən Orucova bu ziddiyyətlə bağlı vəkilin sualına aydınlıq gətirmək üçün bir neçə dəqiqə fikirləşsə də, ağlabatan cavab tapa bilməyib.
Dindirmə zamanı İntiqam Əliyevin keçmiş işçisinin hərəkətlərinə reaksiyası belə olub: "İnsan murdarlığının həddi-hüdudu yoxdur…"
Xatırladaq ki, "Azadlıq"ın ötən saylarından birində Gülşən Orucovanın Hüquq Maarifçiliyi Cəmiyyətilə yanaşı, çalışdığı digər təşkilatlardan da bacısının hesabına pul köçürməsi barədə məlumat dərc olunub, eyni zamanda, bu faktı sübut edən foto yayımlanıb.
Məhkəmə prosesi martın 3-də davam edəcək.
Aytən Məmmədova