Təşkilatın vəsaitini bacısının hesabına köçürən mühasib onun əməllərini yazan jurnalistləri təhqir etdi
İntiqam Əliyev: «Bu, məhkəmə yox, məzhəkədir; həbsimin səbəblərindən biri Avropa Məhkəməsinə göndərdiyim şikayətlərdir»
Ölkənin ən görkəmli hüquqşünaslarından biri olan vicdan məhbusu Intiqam Əliyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclasında qalmaqal yaranıb. Buna Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş, ötən illər ərzində təşkilatın bank hesabından bacısının hesabına dəfələrlə pullar köçürmüş, indi isə hüquq müdafiəçisinin üzünə duran Gülşən Orucova və onun nümayəndəsi Nemət Əliyevin səsləndirdiyi nalayiq ifadələr səbəb olub. Amma bundan əvvəl Intiqam Əliyevin vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Vəkil Fəxrəddin Mehdiyevin vəsatəti Intiqam Əliyevin barəsindəki həbs-qətimkan tədbirinin ləğv edilərək, onun şəxsi zaminlik qətimkan tədbirilə əvəzlənməsi haqda olub. Vəkil bildirib ki, ölkənin bir sıra nüfuzlu şəxsləri, o cümlədən Arzu Abdullayeva, Gültəkin Hacıbəyli, Iradə Cavadova, Ənnağı Hacıbəyli, Yalçın Imanov, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Qurban Məmmədov və digərləri birgə müraciət imzalayaraq, Intiqam Əliyevə görə zamin durmağa hazır olduqlarını bəyan ediblər. Fəxrəddin Mehdiyev həmin müraciəti məhkəməyə də təqdim edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Digər vəkil Şəhla Hümbətova Ədliyyə Nazirliyi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsindən bir sıra sənədlərin alınmasına dair vəsatət qaldırıb. Vəkil bildirib ki, prokurorluq əməkdaşları Intiqam Əliyevin ofisindən heç bir qeydiyyat aparmadan, torbalara doldurub apardıqları sənədlərin bir hissəsini bugünədək özündə saxlayır. Həmin sənədlər nə Intiqam Əliyevin vəkillərinə qaytarılıb, nə də cinayət işinin materiallarına daxil edilib.
“Müdafiəmizi qurmaq üçün həmin sənədlərə ehtiyacımız var. Bununla əlaqədar prokurorluğa müraciət eləmişəm, cavab gəlib ki, ofisdə axtarış zamanı götürülən sənədlərin bir qismi maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunub. Bir qismi isə prosessual hərəkətlər aparıldığına görə saxlanılıb. Əgər Intiqam Əliyevin işi üzrə istintaq başa çatıb, artıq məhkəmə gedirsə, onunla bağlı yeni bir cinayət işi yoxdursa, hansı prosessual hərəkətlərdən söhbət gedə bilər? Sənədləri verməmək faktiki bizi müdafiəsiz qoymaqdır. Ona görə də xahiş edirik, məhkəmə özü müraciət edib, Intiqam Əliyevlə bağlı istintaq orqanında qalmış sənədləri alıb bizə versin”, – deyə Şəhla Hümbətova bildirib.
Məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov deyib ki, istintaq dövründə sənədlərin bir qismi vəkil Cavad Davadova qaytarılıb. Bu haqda iş materiallarında sənəd də var. Indi müdafiə tərəfinin alınmasını istədiyi sənədlərə gəlincə, hakim bildirib ki, həmin sənədlərin konkret siyahısı məhkəməyə təqdim olunmalıdır. Yalnız bundan sonra məhkəmə həmin məsələyə baxacaq.
Vəkil Cavab Cavadov buna cavab olaraq deyib ki, prokurorluq əməkdaşları sənədləri ofisdən heç bir qeydiyyat aparmadan torbalara doldurub aparıblar. Bu səbəbdən ortada konkret siyahı yoxdur.
Intiqam Əliyev də öz növbəsində məlumat verib ki, prokurorluğun qaytardığı sənədlər onun Avropa Məhkəməsində apardığı işlərin az bir qismi olub: “Bizim sizə konkret siyahı təqdim edə bilməyimiz üçün gərək istintaq orqanı da o sənədlərin qeydiyyatını aparıb, siyahı əsasında götürəydi. Hörmətli hakim, sizin bu məsələyə gülə-gülə münasibət bildirməyiniz də önyarğılı olduğunuzu göstərir. Burada gülməli nə var? Mən də sizin apardığınız bu məhkəməyə gülə bilərəm. Çünki hesab edirəm ki, bu, məhkəmə yox, məzhəkədir. Istintaq artıq başa çatıb, mənə aid sənədləri niyə hələ də saxlayırlar? Deyirsiniz ki, 101 sənəd qaytarılıb. Məlumat üçün deyim ki, mənim Avropa Məhkəməsində apardığım işlərin əksəriyyəti, o cümlədən seçki şikayətlərilə bağlı 40-dan artıq iş kommunikasiya mərhələsindədir. Bunların arasında Əli Kərimlinin, Isa Qəmbərin, Ənnağı Hacıbəylinin, Xaliq Bahadırın və digərlərinin seçki şikayətləri var. 2010-cu ilin seçki şikayətlərilə bağlı heç bir sənəd qaytarılmayıb. Bizə qaytarılanlar da köhnə, lazımsız sənədlərdir. Qaytarılan işlərin də içindən bir sıra sənədlər götürülüb. Məsələn, Bəybala Əbilin 2007-ci ildə verdiyi qaz şikayəti üzrə sənədləri qaytarıblar, amma 2010-cu il parlament seçkiləri üzrə sənədləri saxlayıblar. Onu da deyim ki, həbsimdən sonra Avropa Məhkəməsinin sədri Bakıda səfərdə olarkən Zakir Qaralovla görüşüb və deyib ki, bu adamın Avropa Məhkəməsində apardığı işlər üzrə sənədlərin məsələyə nə aidiyyəti var, onları qaytarın. Bundan sonra dediyim kimi, köhnə işləri qaytarıblar, təzələri, aktual olanları yox. Bu da bir daha sübut edir ki, mənim həbsimin arxasında siyasi motivlər dayanır. Həbsimin əsas səbəblərindən biri məhz Avropa Məhkəməsinə göndərdiyim şikayətlərdir. Bu cür davranış o deməkdir ki, istintaq orqanı, məhkəmə mənim əl-qolumu bağlayıb, özü də top-tüfənglə silahlanıb, deyir, gəl, dalaşaq…”
Vəkil Şəhla Hümbətova məhkəmədən eyni zamanda, Ədliyyə Nazirliyindən reyestr kitabının, “Unibank”dan isə mühasibin bacısı Əfsanə Orucovanın bank hesabına daxil olan və çıxarılan vəsaitlərlə bağlı tam məlumat alınmasını istəyib.
Digər vəkil Cavad Cavadov vəsatəti əsaslandırarkən bildirib ki, Gülşən Orucova bacısının hesabına Intiqam Əliyevin tapşırığı ilə pullar köçürdüyünü, həmin pulların dərhal da çıxarılacaq hüquq müdafiəçisinin özünə qaytarıldığını iddia edir. Iş materiallarında Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından Əfsanə Orucovanın hesabına köçürülmüş pulların çıxarıldığını sübut edən faktlar yoxdur. Əfsanə Orucovanın hesabına daxil olan vəsaitlərlə bağlı arayış isə natamamdır, eyni zamanda da şübhəlidir. Çünki o sənədi istintaq orqanı özü bankdan almayıb, Orucova bacıları gətirib təqdim edib. Həm də o arayışda bütün köçürmələr öz əksini tapmayıb.
Vəkilinin vəsatətlərinə münasibət bildirən Intiqam Əliyev deyib ki, istintaq orqanı ittihamda Hüquq Maarifçiliyi Cəmiyyətinin həyata keçirdiyi bir sıra qrant layihələrinin qeydiyyatdan keçmədiyini yazıb. Halbuki, bu, həqiqətə uyğun deyil: “O qrant müqavilələrinin qeydiyyatdan keçdiyini sübut edən sənədləri istintaq orqanı götürüb, nə bizə qaytarır, nə də məhkəməyə göndərdiyi iş materiallarına əlavə edib. Ona görə də biz həmin sənədlərin surətlərinin Ədliyyə Nazirliyindən alınmasını istəyirik. Qrant müqavilələrinin qeydiyyat sənədini ”yox etməklə" bu gün xeyli adamı təzyiq altında saxlayırlar. Hazırda onlarla təşkilatın fəaliyyəti dondurulub. Onların bir qisminin rəhbəri ölkəni tərk edib, qalanlar – ölkədən çıxışına qadağa qoyulanlar da cinayət təqibi altındadır. Deyirlər ki, ya sus, ya da bu yolla səni həbs edəcəyik".
Müdafiə tərəfinin bu vəsatətləri də təmin olunmayıb.
Ardınca Əfsanə Oracova zərərçəkmiş qismində ifadə verib. Deyib ki, Intiqam Əliyevin onun bacısı Gülşənə təklifilə adına bankda hesab açıblar. Həmin hesaba Hüquq Maarifçiliyi Cəmiyyətindən köçürülən pulları isə çıxarıb Gülşənə verib, o da Intiqam Əliyevə aparıb.
Ifadəsindən sonra o, dövlət ittihamçısının suallarını cavablandırarkən prokuror ondan hesabına Media Hüququ Institundan da pullar köçürüldüyü haqda soruşub. Orucova bacılarının müdafiəçisi olan Nemət Heydərov prokurorun sualına sərt şəkildə etiraz edib. Hakim də prokurorun bu sualını çıxarıb.
Hakimin bu cür davranışı Intiqam Əliyevin etirazına səbəb olub:
– Möhtəşəm oyun gedir burada! Əla oynayırsız…
Hakim:
– Bizim aktyorluq məharətimiz buradakı bir yoldaşa çata bilməz. Hər dəfə Leyla Yunusun, başqalarının adını çəkir…
– Hansı yoldaşın? Mən deyirəm ki, siz oyun oynayırsız. Indi siz də o yoldaşın adını çəkin. Mən yenə deyirəm, Leyla Yunus, Xədicə Ismayıl, Tofiq Yaqublu, Ilqar Məmmədov…
– Əyləşin, əyləşin…
Daha sonra vəkillərlə sual-cavab zamanı Əfsanə Orucova deyib ki, onun “Unibank”da bir hesabı olub, onu da 2009-cu ildə Intiqam Əliyevin təklifilə açıblar. Lakin iş materiallarında olan və vəkillərin məhkəməyə təqdim etdiyi sənəddən aydın olub ki, onun 2007-ci ildə açılmış başqa bir hesabı da var. Əfsanə Orucova bu ziddiyyəti heç cür izah edə bilməyib. O, ümumiyyətlə, sualları cavablandırmaqda çətinlik çəkib. Hətta yaxınlığında olan nümayəndəsi Nemət Heybətovun pıçıldamaları da ona yardım etməyib.
Bacısının çətin vəziyyətdə qaldığını görən Gülşən Orucova sualları cavablandırmağa cəhd göstərib. Hakimin buna şərait yaratması isə müdafiə tərəfinin kəskin etirazına səbəb olub.
Gülşən Orucova bu məqamda məhkəmə zalındakı jurnalistləri hədəfə alıb: “Burada bəzi üzdəniraq jurnalistlər var. Atasından-anasından xəbərsizlər məni tanımadan barəmdə nə gəldi yazırlar…”
Orucovanın dedikləri jurnalistlərin kəskin etirazına səbəb olub və onlar hakimdən bu təhqirlərin qarşısını almağı tələb ediblər. Bu yerdə Orucovanın nümayəndəsi Nemət Heybətov mədəni insanların dilinə gətirməyəcəyi nalayiq ifadələr səsləndirib. Nəticədə qalmaqal yaranıb və hakim məhkəmə iclasını yarımçıq dayandırıb.
Məhkəmə prosesi martın 17-də davam edəcək.
Aytən