«Mənə qarşı baş verənlər İlham Əliyevin təşkilatçılığı, Ramiz Mehdiyevin göstərişilə həyata keçirilib»
“Azadlıq” qəzetinin şöbə müdiri, peyklə yayımlanan “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin məhkəməsi başa çatdı. Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfova əvvəlcədən gözlənildiyi kimi, onun barəsində ittiham hökmünə imza atdı. Uzun illərdir hökuməti öz məqalələrilə sərt şəkildə tənqid edən Seymur Həzi CM-nin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq" maddəsilə təqsirli hesab olunaraq, 5 il azadlıqdan məhrum edildi. Onun şüşə butılka ilə vurduğu iddia olunan Məhərrəm Həsənova isə 6 ay həbs cəzası verildi…
Amma hökmdən əvvəl Seymur Həzinin vəkili Adil Ismayılov müdafiə nitqilə çıxış etdi, jurnalistin özü də son sözlə çıxış etdi.
“Seymur barəsində yeganə ədalətli qərar bəraət hökmü olmalıdır”
Vəkil Adil Ismayılovun müdafiə nitqi kifayət qədər geniş idi. Müdafiəçinin çıxışını ixtisarla təqdim edirik:
“Bu iş üzrə müdafiə çıxışı etmək çox asan və asan olduğu qədər də çətindir. Asandır, ona görə ki, Seymur Həziyevə qarşı irəli sürülmüş xuliqanlıq ittihamı məhkəmə prosesində araşdırılmış sübutlarla, hətta ittiham tərəfin şahidlərinin məhkəmədə verdikləri ifadələrlə, mülayim desək, təkzib edildi. Bu sübutlara obyektiv qiymət verilsə, məhkəmənin Seymur Həziyev barəsində çıxaracağı yeganə ədalətli qərar bəraət hökmü olmalıdı.
Normalda mən məhkəmədə araşdırılmış sübutları sadalamaqla, istintaqın yol verdiyi kobud qanun pozuntularını məhkəmənin diqqətinə çatdırmaqla, xuliqanlıq işləri üzrə Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarına istinad etməklə, Həziyev barəsində bəraət hökmü, qanun pozuntusuna yol vermiş istintaqçılar barəsində isə xüsusi qərar çıxarılmasını xahiş etməli idim. Amma təəssüf ki, bu sıradan bir məhkəmə prosesi deyil. Onu fərqləndirən isə Seymur Həziyevin müxalifətçi – AXCP-nin aparıcı simalarından biri olmasıdır.
“Bu hadisə əvvəlcədən kimlərinsə planlaşdırıdığı əməliyyatdır”
Hörmətli hakim, hörmətli dövlət ittihamçısı! Bu prosesdə siz Azərbaycan dövlətini təmsil edirsiniz. Dövlət başçısı Ilham Əliyev dəfələrlə vurğulayıb ki, “bu gün Azərbaycan dövləti çox qüvvətlidir, müxalifət isə zəifdir”. Müxalifətçilər də bizim dövlətimizin vətəndaşlarıdır. Belə olan təqdirdə mən başa düşməyə çətinlik çəkirəm ki, niyə bu qüvvətli dövlət öz zəif təbəələrini müdafiə etmək əvəzinə, əksinə, məhkəmənin, prokurorluğun vasitəsilə öz qüvvəsini onlara nümayiş etdirməyə çalışır? Mən dövlətimi sevirəm və məhz buna görə də bu gün onun vətəndaşının hüquqlarını qorumağı özümə borc bilirəm. Bu həm də sizin dövlətinizdir, məhkəmə prosesləri sizə də dövlətimizi ümumiyyətlə, istəyib istəmədiyinizi və nə dərəcədə istədiyinizi nümayiş etdirmək imkanı verir. Indi qərar sizindir, buyurun göstərin.
Keçən iclasda dediyim kimi hələ məhkəmə prosesi başlayana kimi Seymur Həziyevin heç bir cinayət törətmədiyi ən azı, müdafiə tərəfi olaraq bizə aydın idi. Israrlı təkidlərimizin nəticəsi olaraq hadisədən 20 gün sonra nəhayət ki, Məhərrəm Həsənov Seymur Həziyevlə üzləşdirildi və Seymurun bizə, istintaqa danışdıqlarının həqiqət olmasına bir daha inandıq. Həqiqət isə bundan ibarətdir ki, Məhərrəm Həsənov Seymur Həziyevi tanımır. O, internetdən və “facebook”dan ümumiyyətlə, istifadə etmir və çox güman ki, edə də bilmir. “Facebook” söhbəti sadəcə olaraq Seymuru dava-dalaşa təhrik etmək üçün bəhanə rolu oynayıb. Onunla Həziyev arasında olan münaqişə əvvəlcədən kimlərinsə planlaşdırıdığı əməliyyatdır. Əməliyyatın məqsədi Seymur Həziyevi həbs etmək olub və gördüyünüz kimi kobud qanun pozuntularına yol verilməklə də olsa, məqsədə nail olunub.
Seymur Həzi və “facebook”un yaradıcısı Zukerberq…
Hesab edirəm ki, çıxışımda səsləndirdiyim fikirləri deməsəydim də, siz Seymur Həziyevin əməlində cinayət tərkibi olmadığını bilirsiniz. Bu hadisədə Seymurun əməli cinayətdirsə, bu hadisənin təşkilatçıları və icraçısı Məhərrəm Həsənovu kənara qoyuram, Seymurdan daha böyük “cinayətkar” Ceyranbatanda yaşayan məchul qızdı. Hansı ki, o olmasaydı, Məhərrəm Həsənov Ceyranbatana gəlməyəcəkdi… Seymura su satan dükanın sahibidi. Hansı ki, o olmasaydı, Seymurun əlində şüşə su butulkası olmayacaqdı. “Facebook”un yaradıcısı və sahibi Mark Zukerberqdi. Hansı ki, o olmasaydı, Seymurla Məhərrəmin yolları ümumiyyətlə, kəsişməyəcəkdi. Amma razılaşın ki, hadisələrin təsadüfi axarı zəminində baş vermiş bu işə görə sadaladığım adamları məhkum etmək sizə qəribə gəldiyi kimi, Seymur Həziyevin bu gün əli qandallı müqəssir kürsüsündə oturması mənə də qəribə gəlir. Ona görə də Seymur Həziyev barəsində bəraət hökmü çıxarmağınızı xahiş edirəm".
“Bu, Xeyirlə Şərin mübarizəsidir”
Seymur Həzi məhkəmədə son sözünü deməyə hazırlaşarkən hakim Şövkət Nəcəfova ona xəbərdarlıq etdi:
– Xahiş olunur, yalnız ittiham üzrə danışın.
Seymur Həzi:
– Mən sizi başa düşürəm, amma xahişinizə əməl edə bilməyəcəm. Çünki bu mənim son sözümdüsə, icazə verin, fikirlərimi çatdırım, nədə özümü günahkar bilirəmsə, o istiqamət üzrə özümü müdafiə edim. Bu, mənim müstəsna hüququmdur. Yox siz də Kürdəxanı təcridxanasının axtarış-baxış hissəsinin işçiləri kimi aparıb, onların son sözümün yazısını əlimdən aldığı kimi davranacaqsınızsa, onda elan edin ki, mənə son söz verilmir. Ya mənə söz verin, ya da verməyin. Mənə məhdudiyyət qoymayın.
– Buyurun.
– Doğrusu, məhkəmədə son söz deyib-deməməklə bağlı xeyli düşündüm. Çünki hər şey ortadadır, mən danışıb kimə nəyi izah edəcəm? Amma bir neçə məsələ məni vadar elədi ki, bu çıxışı eləyim. Bu, şəxsən mənim üçün təsadüfi bir məhkəmə prosesi deyil. 1937-ci ildə mənim babalarım 15 dəqiqəlik məhkəmədə mühakimə olunaraq, son sözlərini də demədən güllələniblər. Sonradan Əliyevlərin dövründə də bu cür repressiyalarla üzləşmişik. Mən bir vətəndaş, siyasətlə məşğul olan şəxs, nəhayət, o babaların nəvəsi olaraq, ətrafımda baş verənlərə biganə qala bilməzdim. Bu, iqtidar-müxalifət qarşıdurması deyil. Bu, Xeyirlə Şərin mübarizəsidir. Biz adil olanın, haqqın, dövlətin tərəfindəyik. Mən də bu mübarizənin içində olduğuma görə özümü xoşbəxt sayıram. Məhbəsdə olan dostlarım – Intiqam Əliyev, Leyla Yunus, Xədicə Ismayıl, Asif Yusifli, NIDA-çılar və s. ləyaqətli insanlarla birgə mübarizəmizin nəticəsinə inanıram.
“Azərbaycanda mənəviyyatın, əxlaqın buzlaşması prosesi gedir”
Məsələ açıq-aşkardır, iki yol var: sürünmək və dik gəzmək. Sürünənlər heç vaxt yıxılmırlar. Biz isə sürünməyi yox, dik gəzməyi seçmişik. Əgər mən başqa yol seçsəydim, özümü indiki qədər rahat hiss eləyə bilməzdim.
Bir hədis danışmaq istəyirəm. Yaqub Peyğəmbərin bədənini yara basır, nə eləyir, çarəsi olmur. Allaha yalvarır ki, ya Rəbbim, mən ki Peyğəmbərinəm, niyə mənə bunu rəva görürsən. Allah deyir ki, sən zalım hökmdarın qarşısında məzlumu qorumadın…
Bu həm də mənəviyyat məhkəməsidir. Neçə il həbsdə olacağım məni qorxutmur, bu haqda heç düşünmürəm də. Allahdan istədiyim yalnız şərəfli ömür yaşamaqdır. Bu gün Azərbaycan hökuməti cinayətkarlığı, narkomaniyanı stimullaşdırmaqla məşğuldur. Bu gün Azərbaycan həbsxanaları qan ağlayır. Ölkədən üç ton heroin çıxarılır, bilinmir ki, kimindir, kim buraxıb. Buna görə heç kim cəzalandırılmır. Amma bədbəxtin birini bu heroinin 0,1 qramına görə tutub həbsxanaya salırlar. O adamların bir çoxu bu bəlaya yoluxdurulub, bəziləri həyatını itirmək təhlükəsilə üz-üzədir. Mən bütün bunlara necə biganə qalım?
Kim necə istəyir, elə də yaşasın, mənə aidiyyəti yoxdur – bu, meşşan təfəkkürüdür. Bu cür adamlar yemlənməkdən və döllənməkdən başqa heç nə bilmirlər.
Bu gün Azərbaycanda mənəviyyatın, əxlaqın buzlaşması prosesi gedir. Biz buna qarşı mübarizə aparırıq.
“Biz istəyirik ki, Azərbaycan insanı boynunu bükməsin…”
Biz neyləmişik ki, bura düşmüşük? Bunun cavabı çox sadədir. Biz istəyirik ki, məktəbdə uşaqlarımız rüşvət almağı və verməyi öyrətməsin, müəllimlər saxtakarlıqla yox, öz işilə məşğul olsun. Hamilə qadınlar, xəstələr, qocalar başqa ölkələrin xəstəxanalarının qapısında boyunlarını bükməsinlər. Azərbaycan insanı ahıl vaxtında elə pensiya alsın ki, heç kimin qarşısında boynu bükük dayanmasın. Həbsxanada məcburən Azərbaycan telekanallarına baxıram. Minlərlə insan televiziyaya çıxıb, müalicə olunmaq üçün pul dilənir. Bəs səhiyyəyə ayrılan milyonlar hara gedir? Bu hökumət milyonları daşa-divara, mərmərə xərcləyir, insanlar pulsuzluq üzündən ölür. Azərbaycanın bu qədər sərvətinə rəğmən, ölkədə nə həkim var, nə müəllim var. Ölkəni böyük bir mərmər qəbiristanlığına çevirməyə nə ehtiyac var?
Bəzən insanlar fikirləşirlər ki, bu hakimiyyət əbədidir. Amma tarix göstərib ki, bu cür rejimlər əbədi olmur. Tarixdə belə quruluşlar, sistemlər çox olub. Amma xalqlar onlara qalib gəliblər. Avropa ölkələrini misal göstərə bilərəm. Bizim xoşbəxtliyimiz ondadır ki, biz artıq bu yolun böyük bir hissəsini gəlmişik. Əliyevlər hakimiyyəti Elmar Hüseynovu öldürdü…
“Milyonlarla rüşvət hesabına o kürsüdə oturub qanun qəbul edənlər…”
Hakim:
– Sizin hakimiyyətlə nə işiniz var, ittihamdan danışın…
– Siz səbrli olun, ittihamdan da danışacam.
– Mən səbrliyəm, amma sizə xəbərdarlıq edirəm, ittihamdan danışmasanız…
– Azərbaycanda mənim ağzımı yumacaq, sözümü kəsə biləcək adam yoxdur.
– Mən sizi xəbərdar edirəm…
– Siz bu məhkəmə prosesi boyunca bir dəfə Məhərrəm Həsənovu qaldırıb, həqiqəti araşdırmamısınız, ittihamın saxtalığını üzə çıxarmaq üçün heç bir addım atmamısınız, indi məndən ittiham üzrə danışmağımı istəyirsiz. Əgər siz ittihamı boş şey hesab edirsinizsə, elə də boş şey hesab edirəm. Bunu keçən dəfə də demişdim, bir daha təkrar edirəm ki, xanım olmağınız mənim üçün əsas şərt oldu ki, bu məhkəmədə özümü kifayət qədər nəzakətli apardım. Əgər təcridxanada son sözümün də yazısını əlimdən alırlarsa, yaxınlarımla görüşə icazə verilmirsə, Quba hadisələrinin möhtəşəm qəhrəmanı Əhəd müəllim Ibrahimov mənim işimdə dövlət ittihamçısı qismində ortaya çıxırsa, deməli, məsələ aydındır. Mən heç kimlə, hətta mübarizə apardığım adamlarla da intriqa aparmıram. Çünki bizim ideyalarımızın yanında onlar çox cılız görünür. Əgər Azərbaycanda qanunları qəbul edənlərin milyonlarla rüşvət hesabına o kürsüdə oturduğu konkret sübut-dəlillərlə ortaya çıxırsa, o qanunlardan nə danışmaq olar?
Hakim:
– Sizi bir daha xəbərdar edirəm, ittihamdan danışın.
– Biz ağcaqanad öldürmürük, bataqlıq quruduruq. Azərbaycan hökuməti…
– Hökumətdən yox, özünüzdən danışın. Biz sizi fikirlərinizə, prinsiplərinizə görə ittiham etmirik. Sizə də, əqidənizə də hörmət edirik…
– Siz niyə hökumətin əvəzindən danışırsız, onları müdafiə edirsiz? Siz dövləti yox, hökuməti təmsil edirsinizsə, o başqa məsələ…
– Biz kimlərinsə prinsipləri yox, konkret hadisəni mühakimə edirik.
– Onda icazə verin, kosmosdan, qalaktikadan danışım…
– Yox, icazə vermirəm.
“Məndən Ramiz Mehdiyev haqda yazmamağı tələb etmişdilər”
– Qəribə yanaşmanız var, bu ittihamı mənə Ilham Əliyev ünvanlayıbsa, mən kimdən danışmalıyam? Bu hadisənin təşkilatçısı Ilham Əliyevdir. Mənim onunla şəxsi-qərəzim…
– Ilham Əliyev Azərbaycan dövlətinin başçısıdır, bütün dünyadakı milyonlarla azərbaycanlının pərəstiş elədiyi adamdır.
– Mən sizin zövqünüzə heyran qaldım. Ikincisi, bütün azərbaycanlıların adından, şəxsən mənim adımdan danışmayın. Ittihama gəlincə, Məhərrəm Həsənov nə məni tanımır, nə mənimlə düşmənçiliyi yoxdur. Onu hansı səbəbdən, hansı şəraitdə bu işə bulaşdırıblarsa, Allah o adamların cəzasını verəcək. Mən ona kiçik qardaşım kimi yanaşıram və onu bağışlayıram (bu yerdə Məhərrəm Həsənov “çox sağ ol, Allah köməyin olsun” deyə Seymura təşəkkür edir).
Mən “Azərbaycan saatı” proqramında, “Azadlıq” qəzetində hökuməti ifşa edirdim. Həbsimin səbəbi də budur.
Mənə 2011-ci ildə müvəqqəti saxlama təcridxanasında işgəncə vermiş adamla bağlı çoxsaylı şikayətlərim olmuşdu, amma onu cəzalandırmadılar. Həmin adamı mən Leyla Yunusun həbsində gördüm.
Azərbaycan hakimiyyəti fikir adamına hüquq bərabərliyi çərçivəsində yox, cinayətkar kimi baxır. Hələ həbsimdən əvvəl oğurlandığım zaman məndən Ramiz Mehdiyevdən yazmamağı tələb etmişdilər. Mənə qarşı bu son hadisə Ilham Əliyevin təşkilatçılığı, Ramiz Mehdiyevin tapşırığı ilə baş verib. Necə ola bilər ki, hadisədən heç saniyələr keçməmiş orada polislər peyda oldu? Bu işin arxasında duran hakimiyyət mənim yazdığım fikirləri həzm edə bilmədi. Məni bu yolla susdurmaq qərarı verdilər. Mən hələ xaricdə olanda dostlarım yazmışdı ki, gəlmə, səni tutacaqlar. Mən isə gəldim. Azərbaycandan niyə qaçmalıyam? Mən həbsimi gözləyirdim. Ramil Usubova məktubumda da yazmışdım ki, məni həbs eləmək üçün arxamca bir dəstə adamı töküb izlətdirməyə ehtiyac yoxdur. Çağırın, özüm gəlim.
Bu gün biz Azərbaycanda hər kəsin rahatlığı uğrunda mübarizə aparırıq. Hamının ailəsi, uşağı var. Deyəsən, bir bizik ki, heç nəyimiz yoxdur, nə anamız var, nə qohum-əqrəbamız, qılıncımızı götürüb, hamının taleyi uğrunda mübarizəyə qalxmışıq.
Bu məhkəmədən heç bir ədalət gözləmirəm. Hamıya rahat yata biləcəyi bir ölkədə yaşamağı arzulayıram!
***
Vəkil Adil Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, hökmü ədalətsiz hesab edir və apelyasiya şikayəti veriləcək.
“Seymur bəy hakimə və prokurora çox acı anlar yaşatdı”
AXCP sədri Əli Kərimli tanınmış jurnalist və partiyanın Rəyasət Heyətinin üzvü Seymur Həzi barəsində çıxarılan məhkəmə hökmünə münasibət bildirib. O, özünün facebook səhifəsində yazır:
“Bu gün (29 yanvar – red.) Seymur Həzini 5 il müddətinə azadlıqdan məhrum etdilər. Cinayət işinin qurama olduğu, sifarişlə hazırlandığı heç bir şübhə doğurmur. Seymur bəy özü də, dostları da, AXCP rəhbərliyi də hətta həbsdən bir neçə gün öncədən bilirdilər ki, o, həbs olunacaq. Seymur bəy vəkili ilə də həbsdən əvvəl danışıbmış. Bu gün məhkəmədəki son sözündə də açıq şəkildə bildirdi ki, onu “Azərbaycan saatı”ndakı, çıxışlarına, “Azadlıq” qəzetindəki yazılarına, siyasi fəaliyyətinə görə şəxsən İlham Əliyevin tapşırığı ilə həbs ediblər. Seymur bəy məhkəmədə son sözünü deyən zaman hakimə və prokurora da çox acı anlar yaşatdı. Özünü müdafiə etmədi, məhkəmədən ədalət istəmədi, korrupsioner, kriminal rejimə ittiham oxudu.
Biz əqidə dostları Seymur bəyi tanıdığımızdan bugünkü çıxışından da təəccüblənmədik. Sadəcə olaraq, onunla növbəti dəfə fəxr etdik. Fəxr etdik ki, millətimizin belə savadlı, cəsur, mübariz oğlu var. Əminəm ki, dostlarımız hakimlərin təyin etdiyi qədər uzun bir müddətdə həbsdə qalmayacaqlar. Allahın köməyi ilə Seymur bəyin və bütün vicdan məhbuslarının azadlığa çıxmasına nail olacağıq.
Seymur bəyin mərd valideynlərinə ayrıca minnətdar olmaq lazımdır. Etiraf etmək lazımdır ki, cinayət törətməmiş övadı haqqında 5 il müddətinə həbs olunmaq hökmünü eşitmək heç bir valideyn üçün asan deyil. Amma bu mərd, məğrur ata-ana bugünkü amansız hökmü soyuqqanlı tərzdə, mətanətlə qarşıladılar. Hakim kökmü elan edəndə mənim fikrim onlarda idi. Mən onların üzündə peşmançılıq, acizlik, sınıqlıq hiss etmədim. Əksinə, bunu görməmək mümkün deyildi ki, bu məğrur insanlar övladları ilə fəxr edirlər. Və onlar haqlıdırlar. Həm də şanslıdırlar ki, məhz Seymur bəy kimi savadlı, yetkin, iradəli, mənəviyyatlı bir oğul böyüdüblər”.
Aytən Məmmədova