Samir Əliyev: «Müəyyən qrup insanlar külli miqdarda dollar alaraq onu ya ölkədən çıxarır, ya da başqa məqsədlər üçün istifadə edir»
Azərbaycanda son bir neçə gündür ki, valyutadəyişmə məntəqələrinin qarşısında izdiham yaşanır. Bu üzdən bir sıra valyutadəyişmə məntəqələri fəaliyyətini dayandırıb. Eyni zamanda banklarda da vətəndaşların izdihamı yaşanır. Əmanətçilər ya vəsaitlərini geri götürür, ya da onu manatdan dollara keçirirlər. Artıq bu prosesin kütləvi xarakter aldığını desək, yanılmarıq.
Bu arada isə “Bizim Yol” qəzeti dünənki sayında maraqlı məlumat dərc edib. Məlumata görə, aprelin 8-i günorta saatlarında Mərkəzi Bank bütün kommersiya banklarına təlimat göndərərək Azərbaycan manatı ilə kredit verməyi qadağan edib. Bu barədə bank sektorundakı mənbənin məlumat verdiyi bildirilir. Mənbə qeyd edib ki, təlimat aldıqdan sonra müştəri xidmətləri hazırladıqları kredit müqavilələrini təxirə salmağa məcbur olublar. “Bizdə olan məlumata görə, Mərkəzi Bankın bu addımının əsas səbəbi yaxın günlərdə manatın yenidən ucuzlaşacağı ilə bağlıdır. Artıq bir neçə gündür ki, valyutadəyişmə məntəqələrində dollar qıtlığı hiss olunur. Əhali əlindəki manatı dəyişməyə cəhd edir, amma məntəqələr vətəndaşların dollar tələbatını qarşılaya bilmir. Dünən əksər valyutadəyişmə məntəqələrində 100 dollar 107 manata dəyişdirilib. Bu günlərdə manatın 20 faizə qədər dəyər itirəcəyi ehtimal olunur”.
Xəbərlə bağlı dünən gün ərzində Mərkəzi Bankın mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Mərkəzi Bankın kommersiya banklarına manatla kredit verilməsini dayandırması barədə təlimat verməsi qanunvericiliyə ziddir. MB-nin yalnız dollarla kredit verilməsini dayandırılması barədə göstəriş verə biləcəyini deyən S.Əliyev vurğuladı ki, MB-nin belə bir göstəriş verməsi mənim üçün inandırıcı deyil. Bir neçə gündür dollarla bağlı yaşanan panikaya gəlincə, S.Əliyev baş verənlərin səbəblərinə dair maraqlı fikir səsləndirdi: “Hiss olunur ki, müəyyən qrup insanlar belə bir panika yaratmaqda maraqlıdırlar. Belə görünür ki, əsas səbəb də bu cür panika yaradaraq böyük pulların dollara çevrilməsidir. Hələlik bu proseslərin arxasında dayanan insanların hansı təbəqədən olduğu bilinməsə də, böyük pullara sahib müəyyən qrup insanlar var ki, onlar prosesdə aktiv iştirak edirlər. Bu prosesləri idarə edən şəxslər məmurlardan, oliqarxlardan və ya biznes adamlarından ola bilər. Onlar külli miqdarda dollar alaraq onu ya ölkədən çıxarırlar, ya da başqa məqsədlər üçün istifadə edirlər”.
S.Əliyevin sözlərinə görə, devalvasiyadan sonra müəyyən dövr üçün valyutadəyişmə ilə bağlı sakitlik yaranmışdı. Amma hazırda yaşananlar ya dolların ölkədən çıxarılmasına, ya da başqa məqsədlər üçün istifadə olunmasına xidmət edir.
Xəyal