Nemət Əliyev: «Neftdən gələn gəlirlərin keçən ilin eyni dövrü ilə müqayisədə iki milyard azalması ciddi problemlərin yaşanacağını deməyə əsas verir»
Neft Fondunun 2015-ci ilin 1-ci rübü üzrə büdcə gəlirləri ilə bağlı rəqəmlər açıqlanmasa da, Neft Fonduna çatan mənfəət neftinin həcmi artıq məlumdur. Dövlət Neft Şirkətinin yaydığı aylıq məlumatların təhlili göstərir ki, bu ilin yanvar-mart aylarında Ceyhan limanı vasitəsilə satılan Azərbaycan neftinin 66%-i və ya 4,555 milyon tonu mənfəət nefti olaraq Dövlət Neft Fonduna çatıb.ÿ
Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev özünün “Facebook” səhifəsində məlumat yayıb. Iqtisadçının sözlərinə görə, ötən illərin rəqəmləri göstərir ki, Dövlət Neft Fondu Ceyhan limanı vasitəsilə mənfəət neftinin 95%-ni, digər kəmərlər vasitəsilə isə 5%-ni əldə edir. “Bu o deməkdir ki, 2015-in 3 ayında 4.8 milyon ton mənfəət neftindən əldə olunan gəlir Neft Fonduna daxil olub. Nəzərə alsaq ki, ilin birinci rübündə Azərbaycan nefti orta hesabla 55 dollara satılıb və bunun təxminən 8 dolları nəql, bank, gömrük, nəzarət-müşahidə xərcləri olub, deməli, Neft Fondunun 3 ay ərzində mənfəət neftindən təxminən 1.6 milyard dollar əldə etməsi gözlənir. Məlumat üçün deyim ki, ötən ilin 1-ci rübündə neftin orta qiyməti 108 dollara yaxın oluğu şəraitdə Fondun neft satışından gəlirləri təxminən 3.7 milyard dollar olmuşdu”.
Rəsmi məlumatlara istinad edən R.Ağayev daha sonra yazıb ki, 2014-ün 3 ayına nisbətən bu il Dövlət Neft Fondunun Ceyhan vasitəsilə satılan mənfəət neftinin həcmi təxminən 400 min ton (9%) azalıb. “Bir maraqlı detal da var: ötən ilin 3 ayında Ceyhandan ixrac edilən Azərbaycan neftinin 72%-i mənfəət nefti olaraq Dövlət Neft Fonduna çatmışdı (bu il 66%)”.
Amma məsələ burasındadır ki, Neft Fondunun 3 aya əldə etdiyi 1.6 milyard dolları Mərkəzi Bank təxminən bir ay ərzində manatın məzənnəsinin saxlanmasına xərcləyir. Nəticədə neft üzərində dayanan iqtisadiyyat bir qədər də itkiyə məruz qalacaq.
Iqtisadçı Nemət Əliyevin fikrincə, neftdən gələn gəlirlərin 3 ay müddət üçün iki milyarddan artıq azalması çox ciddi problemlərin yaşanacağını deməyə əsas verir. Bu xəbər Azərbaycan vətəndaşı, ölkəmizdə iş görmək istəyən xarici investorlar üçün şad xəbər sayıla bilməz. N.Əliyevin sözlərinə görə, 3 ay üçün neftdən gələn gəlir Neft Fondunda toplanmış maliyyə vəsaitlərinin artımının olmayacağına təsirini göstərir: “Neft Fondunun maliyyə vəsaitlərində artım olmayacaqsa, fondun idarəetməyə verilən vəsaitlərinin də artmasını gözləmək olmaz. Ötən ilin sentyabrından başlayaraq Neft Fondunda toplanan vəsaitlərin azalmasını müşahidə edirik. Əgər üç ay müddətində neftin satışından daxilolmalar bu şəkildə azalırsa, deməli, Fond vəsaitlərinin daha kəskin şəkildə azalacağını müşahidə edəcəyik. Neftin qiymətinin ucuzlaşmasının fonunda nefti hasil edən müəssisələrin gəliri kəskin azalacaq. Azərbaycanın mədən sənayesinin əsasını neft və qaz hasilatı təşkil edir. Bu ilin yanvar-fevral ayları ərzində bu sənayenin ümumi gəlirləri 1.7 milyard manat məbləğində azalıb. Bu çox böyük göstəricidir. Gəlirlərin kəskin şəkildə azalması bu müəssisə və təşkilatların mənfəətini kəskin azaldır. Mənfəətdən azalmalar varsa, bu, dövlət büdcəsinə ödəmələri aşağı salır. Neft gəlirlərinin bu dərəcədə aşağı düşməsi o gəlirlərin yüksək olduğu dövrdə digər sahələrə yatırım imkanlarını artırırdısa, bugünkü azalmanın fonunda bu imkanlar əldən çıxır”.
N.Əliyevin sözlərinə görə, neft gəlirlərinin azalması iş yerlərinin ixtisarı anlamına gəlir. N.Əliyev vurğuladı ki, gəlirlərin isə kəskin şəkildə aşağı enməsi dövlət büdcə gəlirlərinin formalaşımasına təsir edir. Bu isə onu deməyə əsas verir ki, proses davam etdikcə, bu sahədəki problemlərin miqyası daha da artacaq.
Xəyal