«Heç bir iqtisadi əsas yoxdur ki, ondan nəticə çıxararaq deyək, qiymətlər artmayacaqdır»
Nemət Əliyev: «Manatın devalvasiya prosesi dollarla öhdəliyi olan şəxsləri məcbur edir ki, qiymətləri qaldırsınlar»
Manatın dəyərinin 34 faiz aşağı düşməsi ilə bağlı ölkədə yaranan ajiotaj davam etməkdədir. Hazırda marketləri ərzaq məhsulları ilə təmin etməli olan topdansatış şirkətləri fəaliyyətlərini dondurublar. Yaranmış qeyri-müəyyən vəziyyət üzündən bir sıra məhsulların qiyməti manatın məzənnəsinin düşməsinə uyğun olaraq artıb. Amma hökumət bahalaşmanın qarşısını almaq üçün iqtisadi tədbirlər görmək əvəzinə bahalaşmanın qarşısını inzibati yollarla almağa çalışır. Dövlət başçısının bu istiqamətdəki xəbərdarlığı hakimiyyətin böhranın qarşısını hansı yollarla almaq istədiyini ortaya qoydu.
Bəs bu cür siyasətə üstünlük verilməsi nə dərəcədə düzgündür və bu effekt verə bilərmi?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, dövlət başçısının manatla bağlı mesajı hələ də “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayan insanların ümidlərinə son qoydu. N.Əliyevin sözlərinə görə, bu mesajdan sonra bir daha aydın oldu ki, manatın devalvasiya qərarının arxasında şəxsən dövlət başçısının özü dayanıb: “Indi artıq manat devalvasiya olunub. Mərkəzi Bank məzənnə müəyyənləşdirərək manatı kəskin ucuzlaşdırıb, dollar 34 faiz civarında bahalaşdırılıb. Hazırda da baş verənlərin fonunda dövlət başçısı bəyan edir ki, dövlət müəssisələrinə süni şəkildə qiymət artımının qarşısını almaq göstərişi verilib. Əvvəlla onu qeyd edək ki, manatın devalvasiyası fonunda baş verən qiymət artımı süni bahalaşmadır. Bu süni bahalaşmanı da dövlət başçısının göstərişi ilə Mərkəzi Bank yaradıb. Bütün bunlardan sonra necə iddia etmək olar ki, süni bahalaşmanın qarşısı alınacaq”.
Mərkəzi Bankın qəbul etdiyi bu qərarın yeni situasiya yaratdığını deyən N.Əliyev vurğuladı ki, sahibkarlar da yeni situasiyaya uyğunlaşmaq məcburiyyətindədirlər. Qiymətlərin bahalaşmasının bir zərurət olduğunu söyləyən N.Əliyev bildirdi ki, 2014-cü ildə Azərbaycanın idxalı 9.2 milyard dollar olub. Bu, köhnə məzənnə ilə 7.2 milyard manat olardı. Amma Mərkəzi Bankın qərarından sonra ölkəyə idxal olunan mal dəyərini dəyişərək 9.2 milyard manat olur: “Bu hesabla bəlli olur ki, ölkəyə idxal olunan malın dəyəri 2 milyarddan artıq artıb. Bu, 34 faizdən çox artım deməkdir. Mən bunu 2014-cü ilin göstəriciləri əsasında deyirəm. Idxal olunan malların ümumi əmtəə dövriyyəsində payı isə təxminən 40 faizdir. Yalnız dollarla idxal olunan malın manata konvertasiyası ölkə üzrə ümumi əmtəə ticarət dövriyyəsində 11 faizdən çox artım əmələ gətirir. Yəni qiymətləri artırır. Ona görə də qiymət artımı olmayacaq deyərək, insanları aldatmaq əbəsdir. Bu, sabun köpüyü effekti yaradır. Bu qiymət artımı məcburidir”.
N.Əliyevin sözlərinə görə, bahalaşmanın digər sahələrə də təsir etməyəcəyi barədə deyilənlər yanlış yanaşmadır. Çünki qiymət artımının 40 faizlik idxal mallarından sonra, 60 faizlik daxili istehsala da təsiri qaçılmazdır. Çünki, bu malları ölkə daxilində istehsal edənlər özləri həm də istehlakçıdırlar: “Onlar həm vətəndaş kimi istehlakçıdırlar, həm də bir sahibkar kimi özlərinin istehsal etdikləri məhsullarda idxalın payı var. Deməli, bu kəsimin də dollarla hansısa öhdəliyi mövcuddur. Manatın devalivasiya prosesi dollarla öhdəliyi olan şəxsləri məcbur edir ki, qiymətləri qaldırsınlar. Dollar şəklində banklardan kredit götürmüş adamlar hər 100 manatda 34 manat itkiyə getdikləri kimi, ölkə daxilində istehsal ilə məşğul olan zümrə də bu qədər itkiyə məruz qalıb. Onlar həmin itkilərini bərpa etməlidirlər. Yəni inzibati yolla qiymətlərin bahalaşmasını saxlamaq mümkün deyil. Dövlət başçısı yanvarın 10-da Nazirlər Kabinetinin iclasında manatın sabitliyini uğurlu iqtisadi siyasət, əhalinin rifah halını yaxşılaşdıran amil kimi dəyəndirdi. Amma üstündən bir müddət keçən kimi məlum oldu ki, dövlət başçısı manatın devalvasiyasında maraqlı olub. Bir ay əvvəl tamam başqa əsaslandırma ortaya qoyulurdusa, indi tam başqa mövqedən çıxış olunur. Heç bir iqtisadi əsas yoxdur ki, ondan nəticə çıxararaq deyək ki, qiymətlər artmayacaqdır”.
N.Əliyevin fikrincə, müvafiq dövlət qurumları süni qiymət artımına qarşı mübarizə aparmalıdırlar. Bu qiymət artımını yaradan isə Mərkəzi Bankdır. “Gərək Mərkəzi Bankı dələduzluqda ittiham etsinlər. Iqtisadiyyata külli miqdarda ziyan vurduğuna görə onun cəzasını versinlər. Amma bir halda ki, bunu etməyəcəklər süni qiymət artımına rəvac verən inhisarçıları, vergidən yayınanları cəzalandırsınlar”, deyə N.Əliyev vurğuladı.
Xəyal