Çıxış yolu kimi manatın ucuzlaşdırılması göstərilsə də, bu addımın da öz riskləri var
Samir Əliyev: «Devolvasiya olacaqsa, əhalidə manata inamsızlıq artacaq ki, bu da qiymətləri qaldıracaq, inflyasiyanı sürətləndirəcək»
Hakimiyyət təmsilçilərinin bəyanatlarına rəğmən manat dollara nisbətdə mövqelərini çətinliklə qorumaqdadır. Manatın hələlik duruş gətirməsi isə Mərkəzi Bankın (MB) valyuta ehtiyatlarını xərcləməsi hesabına başa gəlir. MB manatı sabit saxlamaq üçün yanvar ayında 1 milyard 077 milyon dollar itkiyə məruz qalıb. MB-nin məlumatına görə, yanvarın 31-i üçün valyuta ehtiyatları 12 milyard 680 milyon dollar təşkil edib. Bu isə dekabr ayı ilə müqayisədə 7,8 faiz azalma deməkdir. Qeyd edək ki, ötən ilin dekabr ayında MB-nin valyuta ehtiyatları 13,758 milyard dollar təşkil edib.
Qeyd edək ki, MB-nin pul ehtiyatları indiki həddində sonuncu dəfə 2013-cü ilin iyun ayında olub. 2014-cü ilin iyul ayında 15,193 milyard dollara yüksəlməklə ən pik həddinə çatıb. Keçən ilin ikinci yarısından etibarən neftin ucuzlaşması, dolların bahalaşması, habelə Rusiya rublu ətrafında baş verən proseslər manata qarşı təzyiqləri artırıb. Nəticədə ötən ilin sentyabr ayından başlayaraq pul ehtiyatlarımızın “əriməsi”ni müşahidə etməkdəyik. Beləliklə, son 7 ayda MB-nin pul ehtiyatları 2,5 milyard dollar azalıb. Ən böyük “ərimə” isə dekabr və bu ilin yanvar ayında baş verib. Bu isə öz növbəsində MB-nin ümumi aktivlərinə də (valyuta ehtiyatları+qızıl + qiymətli kağızlar) təsir göstərib. Belə ki, 2014-cü ilin məlumatına görə, bankın beynəlxalq aktivləri 17,7 milyard dollardan 15,9 milyard dollara qədər düşüb.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15 faizdən çoxunu itirib: “Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb. Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Buna səbəb bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması nəticəsində devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Dövlət Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddətli təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə, avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payının dolların xeyrinə azalması müşahidə edilir”.
S.Əliyev hesab edir ki, ehtiyatın azalmasına həm də valyuta ehtiyatında olan avro və funt sterlinqin dollara nisbətən ucuzlaşması da səbəb olub: “Ötən ay avro 6,3 faiz, funt sterlinq isə 3,3 faiz ucuzlaşıb. Hər iki valyutanın dollara nisbətdə ucuzlaşması Mərkəzi Bankın valyuta ehtiyatının azalmasını şərtləndirib. Proqnozlaşdırdığımız kimi 2015-ci ildə manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyəti hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. Istənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələ ki, proseslər manatın zərərinə işləyir”- deyə Samir Əliyev vurğulayıb.
Bəs yaranmış situasiyada çıxış yolu nədən ibarətdir? Manat devolvasiyaya uğradıqdan sonra hansı proseslər yaşana bilər? I.Əliyev son çıxışında Azərbaycanın ehtiyatlarının 50 milyarddan çox olduğunu bildirib. Amma bu ehtiyatın hansı hissəsi böhrandan çıxmağa sərf edilə bilər?
S.Əliyev bildirdi ki, Azərbaycanın ehtiyatları əsasən Mərkəzi Bankın valyuta ehtiyatlarında və Neft Fondunda toplanıb. Neft Fondunun aktivləri ilə bağlı son məlumatın keçən ilin oktyabr ayına aid olduğunu deyən S.Əliyev bildirdi ki, NF-nin büdcəsi 1.5 milyard manat kəsirlə qəbul edilib. Buna da səbəb neftin qiymətinin büdcədə 90 dollardan götürülməsidir: “Hesablamalara görə Neft Fondunun büdcəsində 4-5 milyard kəsir olacaq. Həmin çatışmayan vəsaiti Neft Fondu aktivlərindən götürəcək. Düzdür, 2009-cu ildə böhran ilə əlaqədar büdcədəki bəzi layihələr ixtisara getdi. 2014-cü ildə də yeddi faiz ixtisar olundu. Bu il də belə düşünülür ki, əsas xərclər saxlanılmaqla bəzi investisiya xərcləri azaldılacaq”.
S.Əliyev bildirdi ki, əgər neftin qiyməti indiki səviyyədə qalarsa, ciddi maliyyə çətinliyi olacaq: “Neftin qiymətinin qalxması bir qədər vəziyyəti düzəldə bilər. Amma bu ehtimalın reallaşacağı az güman edilir. Bəlli olan odur ki, biz həm Mərkəzi Bankın, həm də Neft Fondunun aktivlərinin azalmasını müşahidə edəcəyik”.
S.Əliyevin sözlərinə görə, çıxış yolu manatın devolvasiyası olsa da, bu da özündə bir sıra riskləri gizlədir: “Mən həmişə devolvasiyanın tərəfdarı olmuşam. Çünki iqtisadiyyatı, ixracı stimullaşdırmağın başlıca yolu məhz budur. Amma bu il devolvasiyaya getmək və sonra manatın kursunu saxlamaq bir qədər çətin məsələdir. Devolvasiya olacaqsa, əhalidə manata inamsızlıq artacaq. Hazırda əmanət qoyuluşunda dollarlaşma prosesi gedir. Devolvasiyadan sonra bu proses daha da sürətlənəcək. Manatdan imtinanın artması isə qiymətlərin qalxmasına və inflyasiyaya təsir edəcək”.
Xəyal