İdxal 43.45 faiz çoxalıb, ixrac isə 38.2 faiz azalıb
Vahid Məhərrəmov: «Məmurlar Azərbaycanda kənd təsərrüfatının, qida sənayesinin inkişaf etməsində maraqlı deyillər»
Azərbaycana yeyinti məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35.82% artaraq 220,9 milyon dollar təşkil edib. Yeyinti məhsullarının idxalının yarısını və ya 109,015 milyon dollarını buğda idxalı təşkil edib.
Ət idxalı iki dəfə artıb
Bu ilin yanvar fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,45 dəfə artaraq 3,95 milyon dollar, meyvə-tərəvəz idxalı 2,18 dəfə artaraq 11,82 milyon dollar, buğda idxalı 2,11 dəfə artaraq 109,015 milyon dollar, kərə yağı idxalı 1,65 dəfə artaraq 4,88 milyon dollar, süd idxalı 8,9% artaraq 1,33 milyon dollar təşkil edib. Bitki və heyvan mənşəli yağların və şəkərin idxalı isə azalıb.
Daha bir statistik rəqəm Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi ilə bağlıdır. Məlum olub ki, bu ilin son iki ayı ərzində xarici ticarət əməliyyatlarının 4,04 milyard ABŞ dolları təşkil edib.
Xarici ticarət əməliyyatları 18.65% azalıb
Xarici ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 18.65% azalmışdır.
Yanvar-fevral aylarında Azərbaycanın idxalının həcmi 1,71 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 43.45% çoxdur.
Yanvar ayında 574, 22 milyon dollarlıq, Fevral ayında isə 1,13 milyard dollarlıq mal idxal olunub.
2015-ci ilin ilk 2 ayı ərzində Azərbaycanın ixracı 2,334 milyard ABŞ dolları təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 38.2 % azdır. Bu ilin yanvarında 1,24 milyard dollarlıq, fevralında isə 1,06 milyard manatlıq mallar ixrac olunub. Iki ayda xam neft ixracı 38,2% azalıb.
Yanvar-fevralda Azərbaycanın xarici ticarət əməliyyatlarının saldosu 627,4 milyon dollar təşkil edib.
Bir maraqlı rəqəmi də qeyd edək ki, bu ilin yanvar ayı ərzində büdcə xərcləri 2014-cü ilin eyni ayına nisbətən 26.8 faiz azaldılıb. Ötən il ilə fərq təkcə bir ay üzrə 466 milyon manat təşkil edir.
“Idxalda maraqlı qüvvələr var”
Ekspert Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanın ixracının kəskin şəkildə azalması təsadüfi deyil. Ekspertin sözlərinə görə, buna səbəb idxalda maraqlı qüvvələrin olmasıdır. Idxalı nəzarətdə saxlayan dövlət məmurlarının olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, onlar Azərbaycanda kənd təsərrüfatının, qida sənayesinin inkişaf etməsində maraqlı deyillər: “Bu məmurlar ölkəyə daha çox mal, məhsulun gətirilməsində maraqlıdır. Onlar gətirilən məhsulun satışından gəlir əldə edirlər. Baş verənlər, qəbul olunan qərarlar onu deməyə əsas verir ki, bunlar kənd təsərrüfatının daha da pis duruma düşməsinə çalışacaqlar. Çünki bunların marağı yalnız idxal ilə bağlıdır. Hətta yeni kənd təsərrüfatı naziri gəldikdən sonra biz müşahidə edirik ki, kənd təsərrüfatında ciddi geriləmələr var. Amma bunlara görə heç bir irad tutulmur. Əksinə, bu sahəyə daha çox maliyyə vəsaiti ayrılır. Görünür, burada məqsəd tamamilə başqadır”.
V.Məhərrəmovun fikrincə, bir məqama da xüsusi diqqət yetirməyə dəyər. Son dövrlər ölkəyə kəsim üçün gətirilən iri heyvanların sayının artdığını deyən ekspert vurğuladı ki, eyni zamanda bu məhsulun dəyəri də artıb: “Ümumi götürəndə ölkəyə həm diri heyvanların, həm də ət idxalı artıb. Manatın devalvasiyasında ixrac yönümlü iqtisadiyyatın yaradılması ilə bağlı gətirilən arqument sadəcə olaraq bəhanədir. Azərbaycan o qədər kənd təsərrüfatı məhsulu istehsal etmir ki, onu ixrac edə bilsin. Bizdə yeganə erkən yayda, yazın sonlarında bəzi tərəvəz məhsulları və faraş kartof ixrac edilir. Bir də alma, xurma və nar ixrac olunur. Ümumilikdə götürəndə Azərbaycan keçən il 290 milyon dollar dəyərində məhsul ixrac edə bilib. Bu isə olduqca cüzi bir rəqəmdir”.
“Azərbaycanın idxaldan asılılığı 50 faizi keçib”
Ixracın müqabilində ölkəyə idxalın qat-qat artıq olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, ölkəyə yarım milyard dollar dəyərində buğda, un, taxıl məhsulları idxal olunub. Eyni zamanda 200 milyon dollar civarında şəkər idxal olunur. Ekspertin sözlərinə görə, halbuki bu məhsulu Azərbaycan daxildə istehsal etmək imkanına sahibdir: “Ölkəyə bitki yağının istehsalı üçün xammal idxal olunur. Eyni zamanda Azərbaycan yağ məhsullarını da idxal edir. Bütün bu rəqəmləri nəzərə alanda Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalı ilə ixracı arasında kəskin fərq yaranır. O da nəzərə alınmalıdır ki, ölkəyə idxal olunan malın, məhsulun dəyəri bilərəkdən endirilir. Burada bir məqsəd vergidən yayınmadır. Digər bir məqsəd isə odur ki, məhsulun dəyərini azaldırlar ki, idxalnan ixrac arasında olan fərq ört-basdır edilsin. Əslində götürəndə Azərbaycanın idxaldan asılılığı 50 faizi keçib. Bu isə olduqca təhlükəli bir haldır. Bizim ərzaqla təminatımız, demək olar, təhlükəli həddədir”.
Azərbaycanda kənd təsərrüfatının getdikcə gerilədiyini deyən ekspert bildirdi ki, bu da ölkənin idxaldan asılılığını artırır.
Xəyal