Tender qalibləri manatın devalvasiyasından sonra öhdəliklərini yerinə yetirə bilmirlər
Manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı bir sıra başqa problemlər də yaradıb. Qiymət artımının inzibati resurslarla qarşısının alınması hakimiyyətdaxilində ciddi narazılığa səbəb olub. Məmurlara məxsus firmaların yaranmış situasiyada qiymət artımına getmək istəyinin zorakı yollarla əngələnməsi iqtidar içində ciddi narazılıq yaradıb.
Amma narazılığın növbəti dalğası da yaxınlaşmaqdadır. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir. Bu isə oliqarxlar arasında ciddi narazılığa səbəb olub. Onlar tenderlərin öhdəlikləri ilə bağlı məsələlərə yenidən baxılmasını tələb edirlər.
Ərzaq təminatı, investisiya layihələrinin reallaşması ilə bağlı tenderlərin reallaşması ciddi sual altında qalıb.
Ekspertlər hesab edir ki, büdcə vəsaitlərinin xərcləndiyi iri istiqamətlərdən biri də məhz tender layihələridir. Tender layihələrinin reallaşması ilə bağlı narazılığın baş qaldırması onun mesajıdır ki, hökumət devalvasiya qərarını verməkdə tələsib. Hökumət devalvasiyanın fəsadlarını düzgün qiymətləndirərək ona uyğun addım atmalıydı. Ekspertlər o məqamı da vurğulayırlar ki, hökumət tender layihələri ilə bağlı da yaranmış problemi, bu yükün ağırlığını xalqın üzərinə qoymaq istəyir. Bu baxımdan düşünülür ki, dövlət ehtiyaclarının ödənilməsi üçün satınalmalarla məşğul olan şirkətlər düşdükləri ziyanı məhz sadə vətəndaşdan çıxacaq. Çünki bu şirkətlərin konkret olaraq hakimiyyətdə təmsil olunan şəxslərə məxsus olduğu gözəl bilinir. Həmin şirkətlər onsuz da bu layihələri şişirdilmiş qiymətlərlə həyata keçirməklə yanaşı, dövlət büdcəsindən aldıqları vəsaitləri silirdilər. Ekspertlər hesab edir ki, hökumət yaranmış vəziyyətdə bütün yükü xalqın üzərinə qoymaqdansa devalvasiyanın acı nəticələrinin bir hissəsini özü qarşılamalıdır. Amma bu addım da atıla bilər. Çünki tenderləri həyata keçirən şirkətlərin demək olar ki, hamısı məmurlara məxsusdur. Belə bir addımın atılması hakimiyyətdaxilində onsuzda tarıma çəkilən əsəbləri bir qədər də gərildə bilər.
Hikmət