“Adamlar Afrikaya gedirlər, çünki orada daha yaxşı investisiya mühiti, daha yaxşı siyasi mühit var”
“Financial Times”: “Burada siyasi sülalə feodal hakimiyyəti ilə müqayisə edilir”
“Financial Times” qəzeti 19 avqust tarixli sayında Azərbaycanda neft sektoru və səhm bazarı ilə bağlı məqalə dərc edib. “Azadlıq” radiosu məqalənin ixtisarla tərcüməsini təqdim edib.
Məqalədə xarici investorları cəlb etmək baxımından Azərbaycandakı mühitin Afrika ölkələrindən də pis olduğu bildirilir.
Qəzet Rusiyanın tanınmış investisiya banklarından birinin Azərbaycanla bağlı rəyinə yer verib: “Burada hər yerdə korrupsiya var və Azərbaycanın neft resurslarının böyük sərvət gətirəcəyinə dair vədlər əsasən yerinə yetirilməmiş qalır”. Moskvanın investisiya bankı olan Renaissance Capital bu post-sovet ölkəsini bir cümlə ilə belə ifadə edir”.
“Financial Times” Azərbaycana sərmayə yatırmaqdan çəkindirən səbəblər içərisində ölkədəki siyasi sistemi də göstərib. “Burada siyasi sülalə əsasən feodal hakimiyyəti ilə müqayisə edilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Azərbaycana sərmayə qoymamaq üçün bu kimi səbəblər tapmaq çox asandır”, – deyə məqalədə bildirilir.
İsveçin inkişaf etməkdə olan bazarlar üzrə eksperti, «East Capital»ın nümayəndəsi Aivaras Abromavicius “Financial Times”a deyib ki, öz səhmlərini Azərbaycana qoyan kimisə tanımır.
Qəzet yazır ki, Azərbaycanın neft-qaz sənayesinə Dövlət Neft Şirkəti, BP və Total kimi transmilli şirkətlər nəzarət edir. Ona görə də ciddi səhm bazarının olmaması ölkənin sürətli inkişafından başqa cür yararlanmaq istəyən səhm menecerlərini açıq-aydın çəkindirir.
Səhm sərmayəsi imkanları ancaq özəl sektorda mümkündür. Bu sahədə isə Afrika bazarları daha çox diqqət çəkib.
Bu barədə qəzetə danışan investisiya meneceri, “Sturgeon Capital”ın təsisçisi və icraçı direktoru Klemente Kapello deyib ki, adamlar Afrikaya gedirlər, çünki orada daha yaxşı investisiya mühiti, daha yaxşı siyasi mühit var.
“Financial Times” yazır ki, 2010-cu ildə Cənubi Afrikada Dünya Kubokunun keçirilməsi Afrikada dəyişiklik anlayışı formalaşdırdığı kimi, Bakıda keçirilən «Eurovision 2012» Mahnı Yarışması da bu baxımdan bir təkan rolunu oynadı. Ancaq «Eurovision» həmçinin neqativ reklama səbəb oldu. “Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu” bu imkandan istifadə edərək pozulan insan haqlarına diqqət çəkdilər.
Qəzetə görə, Azərbaycana kapital qoymağa maraqlı olan sərmayəçilər üçün başqa bir problem odur ki, neft gəlirlərinin sayəsində şirkətlərə adətən kapital lazım olmur. İnvestorlar ona görə də başqa bir şey təklif etməlidirlər. “Silk İnvest”in təmsilçisi Daniel Brobi qəzetə deyib ki, Azərbaycan şirkətləri masa üzərinə kapital qoya bilərlər, onların istədikləri şey bazarı tutmaq və formalaşdırmaq üçün məsləhətdir. “Bu, əməkdaşlıqdır, sərmayəçilər öz partnyorlarını seçəndə ağıllı addım atmaq istəyirlər. Onlar siyasi əlaqələri olan şəxslər sarıdan narahatdırlar” – deyə, Brobi bildirib.