“2014-2015-ci illərin “yanvar-fevral” göstəricilərinin təhlilinə görə ümumi kapital yatırımı ölkə üzrə 7% azalaraq 1,7 milyard manata düşüb”. Bu məlumatla tanınmış iqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev özünün facebook səhifəsində çıxış edib.
N.Əliyev yazır ki, statistik göstəricilərə görə, ümumi azalmanın 34%-i istehsal sahələrini, 66%-i qeyri-istehsal sahələrini tutub. Bu göstərici “emal” sənayesi üzrə 57,4%, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” üzrə 57,7%, “tikinti” üzrə 29%, “kənd təsərrüfatı” üzrə 14,5%, “təhsil” üzrə 59,1%, “əhaliyə səhiyyə, sosial xidmətlər göstərən sahələr” üzrə 41,4% azalıb.
“Adını çəkdiyimiz bu fəaliyyət sahələrində 2,5 milyon nəfərə yaxın insan çalışır. Neft qiymətlərinin və gəlirlərinin kəskin düşməsinə baxmayaraq kapitalın çox hissəsi-52,6%-i yenə də neft sektoruna yönəlib. İnvestisiyaların hər 100 manatından “emal sənayesi”nə 70 qəpik, “aqrar sektor”a 2 manat 60 qəpik, “təhsil”ə 1 manat 40 qəpik, “peşə, elmi-texniki fəaliyyət”ə 3 qəpik düşüb. Ötən ilin dekabr ayı ilə müqayisələr daha ağır mənzərə üzə çıxarır. Məlum olur ki, bu ilin fevral ayında sosial-iqtisadi sahələrə kapital yatırımı dekabr ayında olduğundan “1,9 milyard manat” və ya 2,9 dəfə az olub. Qeyri-neft sektoru üzrə bu göstərici “4,3 dəfədən çox” düşüb. Bu ilin 2 ayı ərzində üst-üstə kapital qoyuluşu tək dekabr ayında qoyulan kapitaldan 1,2 milyard manat və ya 42% az olub. Bütün bu nəticələr Azərbaycan hökuməti üçün ciddi siqnal olmalıdır. Dövlətin maliyyə vəsaitlərinin, büdcə vəsaitlərinin xərclənməsi üzərində ciddi monitorinq qurulmalı, hər qəpiyin uçotu aparılmalıdır. Maliyyə maxinasiyalarının iştirakçısı olmuş(olan), bu sahədə ad çıxarmış(çıxaran) məmurlar, vəzifəli şəxslər "kontrola" götürülməlidir. Dövlət satınalmaları sahəsində tam şəffaflıq təmin olunmalıdır. Xam neftin satışına cəlb olunmuş bütün aralıq-broker firmaların fəaliyyətinə son verilməlidir-dövlət neft şirkətinin satış idarəsi işçilərinin imkanları səfərbər olunmalıdır. Bütün istiqamətlərdə hər cür monopol fəaliyyətə son verilməli, korrupsiyaya qarşı genişmiqyaslı mübarizə başlanmalıdır. Dövlət Neft Fondunun vəsaitləri hesabına ölkə sahibkarları, kəndlilər-torpaq sahibləri ucuz kredit resursları ilə təmin olunmalıdır. Sahibkarlıq fəaliyyətinə hər cür əsassız müdaxilələrə son qoyilmalıdır…”, – deyə N.Əliyev yazıb.