Ekspert ət və süd məhsullarının qiymətində artım proqnozlaşdırır
Vahid Məhərrəmov: «Azərbaycanda kifayət qədər meyvə-tərəvəz, kənd təsərrüfatı məhsullarının ehtiyatı yoxdur»
Ölkədə bahalaşma dalğası barədə verilən proqnozlar yavaş-yavaş özünü doğruldur. Gündəlik tələbat mallarının qiyməti bir müddətdir ki, qismən artımla özünü göstərirdi. Yeni ildən başlayaraq əsasən, ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Bu bahalaşmanı yeni ilin gəlişilə süni qiymət artımı kimi xarakterizə etmək olarmı?
Qiymətlər artsa da, bu hələlik rəsmən etiraf edilməyib. Belə olan halda, qiymətlərdə geriyə doğru addım – ucuzlaşma ola bilərmi? Yoxsa bu artım növbəti aylarda artan xətt üzrə inkişaf edəcək?
Cəmiyyəti narahat edən suallarla bağlı müraciət etdiyimiz kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, bəzi məhsulların qiymətində yeni il bayramından sonra nisbətən ucuzlaşma gözləniləndir. Bu da həmin məhsullardır ki, fermerlər onu uzun müddət saxlamağa maraqlı deyillər. Yəni onları saxlamaq üçün əlavə xərc çıxır ki, bu da fermerlərə sərf eləmədiyindən onlar həmin məhsulu nisbətən ucuz qiymətə satır: “Amma bu o demək deyil ki, məhsulun qiymətində ucuzlaşma olacaq. Geriyə proses yoxdur. Çünki kifayət qədər meyvə-tərəvəz, kənd təsərrüfatı məhsullarının ehtiyatı yoxdur. Soyuducu anbarlarda özümüzü təmin edəcək həcmdə mal-məhsul saxlamalıydıq. Bu, baş vermədi və prosesi də quraqlıq, məhsulun azlığıyla əlaqələndirdilər”.
Ekspert qeyd edir ki, ciddi problemlərdən biri də heyvandarlıqda yem çatışmazlığıdır. Bəzi rayonlarda qaba yem ehtiyatı yalnız fevral ayına qədər qalıb. Ismayıllının Ivanovka kəndində yeganə qalan kolxozun küləş, qaba yem ehtiyatı təxminən fevralın 15-dək kifayət edəcək. Vəziyyətin gərgin olduğunu vurğulayan Vahid Məhərrəmov deyir ki, yemin qiymətinin artımı, yem çatışmazlığı heyvandarlıq məhsullarının qiymətinə təsir göstərəcək: “Nəticədə ciddi problem yarana bilər. Yemin qiymətinin artımı nəzərə alınmalıdır, eləcə də fermerlər məcburiyyət qarşısında qalıb heyvanları kəsimə verə bilər. Bu vəziyyət geniş formada həyata keçirilərsə, ət və ətin qiymətinə təsir göstərə bilər. Heyvandarlıq məhsullarından südün qiymətində artım gözlənilir. Həmçinin bir çox yerlərdə istixana şəraitində yetişdirilən pomidor-xiyarın qiyməti də dəyişəcək. Əlbəttə, 2015-ci ildə ciddi qiymət artımı gözlənilir. Gərəkdir ki, buna hazır olaq”.
Nigar