Hakimiyyət siyasi mübarizəni məktəblərə keçirir
Ictimai Palatanın üzvü Ibrahim Əhmədzadənin 1-ci sinifdə oxuyan qızı Sevinc Əhmədova Sumqayıtdakı 33 saylı orta məktəbdən kənarlaşdırılıb. Ibrahim Əhmədzadənin həyat yoldaşı Gülnarə Əhmədovanın verdiyi məlumata görə, əri həbs olunan gün – martın 31-də başına hicab bağladığını səbəb göstərərək qızını məktəbdən qovublar. Qeyd edək ki, martın 31-də həbs edilən Ibrahim Əhmədzadə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 7 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib. Gülnarə Əhmədova bildirib ki, həyat yoldaşı həbs olunana qədər Sevinc Əhmədovanın məktəbə hicabla gəlməsinə irad tutulmayıb: “Qızımın məktəbdən qovulmasının səbəbi ilk növbədə Ibrahimin Müsavat Partiyasının martın 12-də Bakıda keçirdiyi aksiyada fəal iştirakı ilə bağlıdır. 2 aprel aksiyasında iştirakını əngəlləmək üçün onu bir neçə dəfə polis idarəsinə çağırmışdılar. Sonra bizə xəbər vermədən həbs etdilər, qızımı da məktəbdən qovdular. Ibrahim həbs olunana qədər Sevinc məktəbə baş örtüyü ilə gedib-gəlsə də, ona heç kim buna görə irad tutmayıb. Amma Ibrahim hakimiyyət əleyhinə keçirilən aksiyalarla bağlı fəallıq göstərən kimi baş örtüyü məsələsi gündəmə gətirilib”.
“Media forum”a açıqlamasında 33 saylı məktəbin tədris hissə müdiri Mahirə xanım ötən həftə Təhsil Nazirliyindən hicablı şagirdlərin məktəbdən kənarlaşdırılması ilə bağlı tapşırıq aldıqlarını söyləyib: “Bizdən necə tələb edirlər, elə də edirik. Axı birinci sinif şagirdi dinin, dindarlığın nə olduğunu haradan bilir? Bəlkə bu şagird müəyyən savada yiyələndikdən, öz taleyi barədə qərar vermək yaşına çatdıqdan sonra heç hicab bağlamaq istəməyəcək? Bu, valideynin istəyidir, uşaq kor-koranə hicabı keçirdir başına. Öncədən anası Gülnarə Əhmədova və atası Ibrahim Əhmədzadə ilə söhbətimiz oldu. Atası məktəbə gələrək qışqırıq salıb etikadan kənar hərəkətlər edirdi. Biz Təhsil Nazirliyinin göstərişini icra edirik. Nəyə görə iki ay bundan öncə məsələni belə qəti şəkildə qoymurduq, indi qəti qərar verdik? Deməli, bizdən belə tələb olunub. Şagird başından hicabı açandan sonra məktəbdə təhsilini davam etdirə bilər”.
Tədris hissə müdiri məktəbdə təkcə S.Əhmədovanın hicab taxaraq dərsə gəldiyini bildirib.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə “Media forum”a deyib ki, orta məktəblərə hicablı şagirdlərin buraxılmaması tapşırığı yanvar ayında verilib: “Əgər bu beş ay ərzində şagirdi məktəbə buraxıb, aprel ayında kənarlaşdırmaq barədə qərar qəbul ediblərsə, bu, yanlışdır. Yanvar ayından bəri qadağa hər kəsə tətbiq olundu, indi də tətbiq olunur. Şagirdin məktəbdən uzaqlaşdırılmasının aksiya ərəfəsinə təsadüf etməsini əsas götürüb bu hadisələri əlaqələndirmək düzgün deyil. Aksiya keçirilir deyə camaat məktəbdə işini dondurmalıdır? Ola bilsin, məktəb rəhbərliyi ötən həftə bir daha mövqeyimizi dəqiqləşdirib və konkret addımlar atıb”.
B.Hüseynzadə Sevinc Əhmədovanın məktəbdən kənarlaşdırılmasının valideynlərinin müxalif mövqeyi ilə heç bir əlaqəsi olmadığını qeyd edib: “Valideyni iqtidarda olan hicablı şagirdlər də var idi, hamısına bu qayda tətbiq olundu. Beş ay ərzində orta məktəblərdə hicabla apardığımız mübarizə zamanı kiminsə övladına ayrı-seçkilik hiss olundumu? Hazırda həmin şagirdlər hicabı açaraq vahid məktəbli formasında təhsillərini davam etdirirlər. Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.
Hakimiyyətin müxalifətçilərə və onların yaxınlarına qarşı bu cür metodlardan istifadə etməsi ilk dəfə deyil. Bundan əvvəl də siyasi əqidəsinə görə insanları təhsil müəssisələrinin əli ilə ən müxtəlif formada sıxışdırıblar. Uzağa getmədən son bir neçə nümunəni yada salaq.
2 aprel mitinqində iştirak etdiyi üçün AXCP sədrinin müşaviri Şakir Abbasovun Xəzər rayon 230 nömrəli məktəbin 9-cu sinifində oxuyan qızı Natavan atası müxalifətçi olduğuna görə psixoloji təzyiqlərə məruz qalmışdı. Naməlum şəxslər Ş.Abbasovun aksiyaya qədər həbs olunmamaq üçün öz evində qalmadığını görüb onun yerini qızı vasitəsilə tapmağa çalışmışdılar. Onlar Natavanı direktorun otağına çağıraraq uşağa sərt formada deyiblər ki, ya atasının yerini deməlidir, ya da məktəbdən qovulacaq. Bu sorğu-sualdan sarsıntı keçirərək ağlayanda və atasının yerini bilmədiyini, iki gündür onu görmədiyini deyəndə isə Natavanı məktəbdən qovmuşdular.
Ictimai Palatanın 2 aprel aksiyasında iştirak etdiyi üçün KXCP fəalı Cavid Mehrəliyevə təhsil aldığı Bakı Dövlət Universitetindən qovulacağı bildirilib. Prorektor və dekan gənc fəalı universitetə çağıraraq mitinqlərə niyə qatıldığı ilə bağlı sorğu-suala çəkiblər, ondan aksiyalara getməməyi tələb ediblər. Üstəlik, C.Mehrəliyevə dərsdə ola-ola qayıb yazıblar: “Dərsdə ola-ola qayıb yazdılar. ”Starosta” deyir ki, mənə belə deyiblər. Sonra dekan müaviniylə danışdım. O da eyni cavabı verdi. Bunların məqsədi odur ki, məni universitetdən qovdursunlar”.
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin ailə faciəsindən isə artıq bütün Azərbaycan cəmiyyəti xəbərdardır. Qeyd edək ki, 15 yaşlı Vasif atası T.Mirələmlinin müxalifətçi olmasına görə oxuduğu məktəbdə hədəfə gəlib. Rayon rəhbərliyinin qurduğu təxribat isə həm Vasif Mirələmli, həm də onun sinif yoldaşının faciəsi ilə nəticələnib.