Tovuz müsavatçıları AXCP-yə keçmələrinin səbəblərinə aydınlıq gətirdilər
Əsəd Məmmədli: «AXCP və Müsavatın birləşməsi təşəbbüsünə Əli Kərimlinin sağlam yanaşması müsavatçılar arasında onun reytinqinin yüksəlməsinə səbəb oldu»
Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləri bu qurumun buraxıldığını elan edərək, bundan sonrakı siyasi fəaliyyətlərini AXCP-də davam etdirmək qərarı veriblər. Təşkilatın 200 nəfərə yaxın üzvü fevralın 20-də keçirilən yığıncaqda AXCP-yə keçməklə bağlı qərarı açıqlayıblar. Müsavatın Tovuz təşkilatında sədr müavini olmuş Əsəd Məmmədli “facebook” səhifəsində AXCP-yə keçməklə bağlı qərarı yekdilliklə qəbul etdiklərini bildirib.
Müsavatın Tovuz təşkilatı üzvlərinin tam tərkibdə AXCP-yə keçmək qərarıyla bağlı xəbər birmənalı qarşılanmadı və müxtəlif yorumlar yazıldı, səsləndirildi. Əsasən, sosial şəbəkələrdə səslənən fikirlərlə bağlı sualları Əsəd Məmmədliyə ünvanladıq:
– Hazırda Müsavat başqanının müavini olan Elman Fəttah bildirir ki, “Tovuz təşkilatı 4 il idi, yetərsay olmadığına görə konfrans keçirə bilmirdi, qurultaya az qalmış güclə 18 nəfər yığdıq…” Yəni Elman bəy iddia edir ki, Tovuzda bu qədər müsavatçı yoxdur. Bunu necə şərh edərsiniz?
– Müsavatin Tovuz rayonÿtəşkilatınınÿ2003-cü ildəÿ840 üzvü var idi. O zamanÿmən təşkilatda sədrin təbliğat məsələləri üzrə müavini, həm də Şura üzvü idim. Təşkilatdaxili demokratiya prinsipləri pozulduğuna, sədrin özbaşına qərarlar verməsinə etiraz edərək, Şura üzvlərinin böyük əksəriyyəti sədrə etimadsızlıq göstərdi. Bundan sonra Şura üzvlərini və təşkilat sədrini Başqan dəvət etdi, fikirlərimizi dinlədi. Başqanın yanından çıxandan sonra bizi Mərkəzi Nəzarət Təftiş Komissiyasında da dinlədilər.
Biz rayona qayıdandan sonra bəlli oldu ki, etiraz edən Şura üzvlərinə MNTK şiddətli töhmət elan edib. Biz, partiyaya və rayon təşkilatına hörmət əlaməti olaraq, MNTK-nın bu qərarı ilə razılaşdıq. Amma bir müddət sonra sədr yoxa çıxdı və biz eşitdik ki, o, Bakıya köçüb. Həm də öz yerinə başqasını təyin edərək getmişdi. Bu məsələ ilə bağlı Mərkəzi qərargaha edilən müraciətlərimizə cavab verən olmurdu. Uzun çabalardan sonra Isa bəy məni qəbul etməyə razılıq verdi. Amma açığı, artıq təşkilat iflic vəziyyətində idi. Başqanla bir saatlıq söhbətimizdə də bunları və təşkilatı dirçəltməyin yollarını müzakirə etdik. Sonra məni Zöhrab Məhərrəmli qəbul etdi. Rayon təşkilatı ilə bağlı sənədləri, eləcə də, üzvlərin siyahısını götürüb onunla söhbətə getdim. Araşdırma zamanı bəlli oldu ki, 250 nəfər müsavatçı gerçək fəaliyyət göstərir. Qısa müddətdə şöbə üzvlərinin sayını 400 nəfərə çatdırdıq.
Konfrans gününü də təyin etdik, amma Mərkəzi qərargahdan gələn olmadı. Zöhrab bəylə də dəfələrlə telefona əlaqə saxladıq, amma bizə reaksiya verən olmadı. Nəhayət, 2010-cu ilin mart ayının 29-da yığışdıq, 27 nəfərlə yığıncaq keçirdik. Yığıncağın protokolunu qərargahdan bizə verilən təlimat sənədləri ilə birlikdə Mərkəzi qərargaha verdik. Bir müddət sonra heç bir səbəb göstərilmədən bizə belə bir göstəriş verdilər ki, yığıncağı yenidən keçirməliyik. Sanki, kimsə bu rayon təşkilatının dirçəlməsində maraqlı deyildi.
Allah qapısını açsın, Tofiq bəy Yaublu Qazaxdakı zona müşavirəsində bu məsələnin üstünü açdı. Bizim də onunla çox gərgin müzakirələrimiz oldu. Amma hər halda, qərara gəldik ki, yenidən yığıncaq və ya konfrans keçirək. Biz hazırlaşdıq, deyilən işləri gördük, konfransın vaxtı təyin edildi. Bundan sonra Arif bəy Hacılı telefonla bizə bildirdi ki, konfransın vaxtını dəyişməliyik.
Beləliklə, rayon təşkilatının dirçəlməsi, ciddi fəaliyyət kursu götürməsi üçün tələb olunan zaman və tədbirlər bu cür anlaşılmaz əngəllərlə boşa çıxarıldı. Bunların səbəbi barədə soruşanda isə hər dəfə deyirdilər ki, “səbəbi başqan bilir”. Biz açıq məktubla Başqana müraciət etdik, amma bu müraciətimizə də cavab ala bilmədik. Qurultaya az qalmış bizə bildirdilər ki, oradakı problemlərlə bağlı bizim heç bir məlumatımız yoxdur, təcili konfransın gününü təyin edin, gəlirik. Biz də ən qısa zamanda ümumi yığıncağımızı keçirdik.
“Tovuzda bu qədər müsavatçı yox idi” deyənlərə isə çox sadə bir cavabım var: gəlsinlər, görsünlər…
– Ikinci sualımız yenə də Elman Fəttahın qeydinə istinadən olacaq və konkret olaraq, sizinlə bağlıdır. O deyir ki, Əsəd bəy, ümumiyyətlə müxalifət düşərgəsindən getmişdi. Bu, həqiqətənmi belə idi?
– 1988-ci ildən başlayaraq həyatını Xalq hərəkatına həsr edən insanların yolundan dönməsi mümkünsüzdür. Mən həmişə Allaha dua edəndə də deyirəm ki, məni bu yolda var eləsin.
Təvazökarlıqdan kənara çıxsam da deyirəm ki, bu hərəkatın sıralarında olduğuma görə özüm də qürur hissi keçirirəm, el-oba arasında da hörmətimiz-nüfuzumuz var. Hər zaman da hadisələrin mərkəzində olmağa çalışmışam və olmuşam.
– Tovuz təşkilatı Müsavat partiyasından konkret olaraq hansı səbəblərə görə uzaqlaşmışdı?
– Müsavatın Tovuz təşkilatı 270 üzv və 8 özək olmaqla, partiyada fəaliyyətinə son qoymuşdu. Bayaq da qeyd etdiyim kimi, Mərkəzi qərargahdan həmişə soyuq münasibətlə üzləşirdik və səbəbini də bilmirdik. Amma bizim partiyadan getməyimizi şərtləndirən son addım qurultayda baş verən pozuntular oldu. Bunun detalları ilə bağlı isə mətbuatda çoxlu fikirlər səsləndiyindən bu barədə danışmaq istəməzdim.
– Rayonda AXCP ilə birləşmək yəqin ki, elə bir psixoloji maneələrlə bağlı olmaz. Amma struktur, idarəetmədə iştirakla bağlı müzakirələriniz olubmu?
– Bir neçə il əvvəl Isa bəy AXCP və Müsavat partiyalarının birləşməsilə bağlı təklif irəli sürmüşdü. Əli bəy isə bu təklifi qeyd-şərtsiz qəbul etdiklərini bildirdi, hətta AXCP-nin qurultayının bu məsələ ilə bağlı xüsusi qərarı da çıxarıldı. Təəssüf ki, təklifi irəli sürən adamın özü sonda bu təşəbbüsdən imtina etdi. Əli Kərimlinin həmin təşəbbüsə olduqca sağlam yanaşması onun reytinqinin müsavatçılar arasında da yüksəlməsinə səbəb oldu. Ümumilikdə isə, biz köhnə hərəkatçılarıq və AXCP bizə doğma partiyadır. Hesab edirəm ki, biz yenidən öz ocağımızın başına yığılırıq. Struktur, idarəetmə ilə bağlı məsələləri isə konfransda həll edəcəyik və hər hansı qərarlar qəbul ediləcəksə də, onları sevə-sevə yerinə yetirəcəyik.
Xəyal