“Hakimiyyət Milli Şuranı özünə təhlükə bilir; onun üzərinə gəlməsi gözlənilən idi”
«Ölkədə vətəndaş cəmiyyəti ilə dialoq aparmaq üçün real mühit yoxdur»
Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamaldır. Beynəlxalq təşkilatların təpkilərinə baxmayaraq, repressiya siyasətini davam etdirən hakimiyyət bir müddətdir ki, yeni bir imitasiyaya imza atıb. Söhbət real müxalifəti təmsil etməyən təşkilatlarla keçirilən görüşün vətəndaş cəmiyyəti ilə dialoq kimi təqdim olunmasından gedir. V.Mirkamal ilə söhbətimizə hazırda hakimiyyətin “dialoq” şousu ilə bağlı suallarla başlasaq da, gündəmdə olan digər məsələlərə də münasibət öyrəndik.
– Iqtidar müxalifət dialoqunun 2-ci raundu baş tutdu…
– Hər bir cəmiyyətdə hakimiyyətlə tənqidçi müxalifət, vətəndaş cəmiyyəti arasında dialoqun olması vacib şərtlərdən biridir. Çünki dialoqun alternativi həmin ölkədə qiyam, üsyan və inqilabdır. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının tam əksəriyyəti və Milli Şura o əzmdədir ki, ölkədə proseslər üsyan, inqilab olmadan təkamül yolu ilə getməlidir. Ona görə də, dialoqun olması vacibdir. Amma dialoqu aparan hakimiyyət orqanları və dialoqda iştirak edən vətəndaş cəmiyyətinin təmsilçiləri hansı vəziyyətdədirlər? Iqtidarla müxalifət arasında dialoq kimi təqdim olunan məzhəkənin mahiyyətində nə durur? Hakimiyyət 1993-cü ildən bəri tənqidçi müxalifəti əzməklə, repressiyalarla, şərləməklə, ələ almaqla, müxalif düşüncəli insanları sındırmaqla məşğuldur.
2014-cü ildə bu proseslər öz yüksək zirvəsinə çatdı. 2014-cü ildə repressiya olunanların sayı çoxaldı və artıq hakimiyyət siyasi müxalifətdən doyaraq vətəndaş cəmiyyətinin aktiv üzvlərini həbs etməyə başladı. Belə bir şəraitdə dialoq vacibdir. Amma kiminlə aparılmalıdır? Düşünürəm ki, 2014-cü ilin acı miraslarından sonra hakimiyyət dialoq təklif etməklə, Avropa təsisatları qarşısında imitasiya yaratmaq istəyir. Çünki Azərbaycanda normal iqtidar-müxalifət dialoqunun olması üçün birinci şərt dialoq mühitinin yaradılmasıdır. Dialoq mühiti nə deməkdir? Hakimiyyət indiyə qədər vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi bütün repressiyaları dayandırmalıdır. Həmin repressiya nəticəsində haqqında hökm çıxarılmış və barəsində istintaq gedən şəxslər dərhal həbsdən azad edilməlidir. Ikinci bir şərt budur ki, siyasi müxalifətin statusu bərpa olunmalıdır. Milli Şura yarandığı vaxtdan indiyə qədər iclas keçirməyə yer tapmır. Milli Şuranın üzvləri daim repressiya altındadır. Milli Şuranın əsas güc mərkəzi olan AXCP-nin bir çox üzvləri ya həbsdədir, ya da onları bu təhlükə gözləyir. AXCP-nin qərargah kimi icarəyə götürdüyü bina partladıldı, qərargah kimi istifadə etmək üçün təmir etdirdiyi məkan bağladılıb. Belə bir şəraitdə dialoqun olması kimə sərfəlidir? Yəni dialoq aparan tərəflərin, heç olmasa, cəmiyyətdə statusu bərabər olmalıdır. Məlumdur ki, iqtidarın əlində çox geniş inzibati resurslar var. Hakimiyyət zəiflədilmiş, taqətdən salınmış müxalifətlə dialoq aparırsa, bu hər bir halda imitasiyadır. Yəni sadalanan şərtlər yerinə yetirilərsə, dialoq mümkündür. Amma biz nə görürük? Hakimiyyət özünə yaxın olan, gündüz müxalifətçilik edib gecə iqtidarla görüşən müxalifəti yenidən bir araya topladı. Həmin dialoqda 15 partiyanın iştirak etdiyi bildirilir. Həmin təşkilatların cəmiyyətə təsiri demək olar ki, sıfır səviyyəsindədir. Hakimiyyət beynəlxalq təşkilatlara təqdim etməyə çalışır ki, guya dialoq gedir. Amma bu, dialoq deyil. Dialoq o zaman olur ki, tənqidçi müxalifət dialoqdan çıxan nəticələri cəmiyyətə, həmin təşkilatların arxasında dayanan insanlara izah edir. Amma hazırda dialoqda iştirak edən təşkilatlar yalnız sədr və portfeldən ibarətdir. Onların hesabat verəcəyi qüvvə yoxdur. Deməli, bu prosesdə udan yalnız dialoq imitasiyası edən hakimiyyətdir. Hakimiyyət bununla cəmiyyətdə dialoq mühitinin yarandığını göstərməyə çalışır ki, bu da doğru deyil. Və bu dialoqdan cəmiyyət heç nə qazanmayacaq.
“Milli Şuranın hədəf olması təsadüfi deyil”
– Dialoqda iştirak edən təşkilatlar baş verənlərlə bağlı cəmiyyətdən gələn təpkiyə reaksiya verməkdənsə, Milli Şuranı hədəf alırlar. Bu cür reaksiyanı necə dəyərləndirmək olar?
– Bu ilk növbədə onu göstərir ki, Milli Şura doğrudan da müxalif mövqedə dayanır. Ikinci mühüm məqam odur ki, Milli Şura cəmiyyətdə gedən prosesləri izləyir. Cəmiyyət görür ki, Milli Şura fəaliyyətində real müxalifət mövqeyindən çıxış edərək, Azərbaycandakı korrupsiya rejiminə qarşı sərt mövqedədir. Eyni zamanda son zamanlar repressiyaya məruz qalanlar ən çox Milli Şuranın, təşkilatın əsas qüvvəsi olan AXCP-nin sıralarındandır. Bu mənada hakimiyyətin Milli Şuranın üzərinə gəlməsi gözlənilən idi. Hakimiyyət Milli Şuradan özü üçün təhlükə hiss edir. Milli Şura hakimiyyətə təklif edir ki, özünün rüşvət, korrupsiya mexanizmini, inhisarçılığı, vətəndaşlarına qarşı repressiyaları aradan qaldırsın və Azərbaycanda demokratik, hüquqi, siyasi islahatlara başlasın. O ki, qaldı müxalifətçi qiyafəsində görüşdə iştirak edən şəxslərə, onların Milli Şuraya tənqidi münasibət bəsləməsi başadüşüləndir. Çünki Milli Şuranın mövqeyi onları da mövqelərinə yenidən baxmağa məcbur edir, həmin şəxslər özlərini narahat hiss edirlər. Milli Şura dialoq tərəfdarı olsa da, bunun həqiqi keçirilməsini istəyir. Milli Şura hesab edir ki, əgər hakimiyyət həqiqətən də tənqidçi müxalifətlə real dialoqa girmək istəyirsə, birinci növbədə dialoq mühitini yaratmalıdır. Bunu etmədən həmin dialoqda iştirak etmək sadəcə olaraq imitasiyadır.
“Fədakar insanlar Müsavatın qərarına təsir etməlidir”
– Eyni zamanda bir vaxtlar Ictimai Palatada, Milli Şurada təmsil olunmuş Müsavat Partiyası dialoqda iştirakla bağlı qərar qəbul edib. Bu qərarı necə dəyərləndirirsiniz? Onların da bu prosesdə iştirakı gözlənilirmi?
– Hər bir partiya belə bir qərar qəbul etməkdə müstəqildir. Yəni Müsavat Partiyası o dialoqda iştirak etmək istəyirsə, bu, onun öz mövqeyidir. Onu biz müzakirə etməli deyilik. Amma Müsavat Partiyasının hazırkı mövqeyinə gəlincə, partiya qurultaydan sonra çox ciddi proseslər yaşayır. Müsavat Partiyasının sıralarında xeyli gərginlik var. Amma güman edirəm ki, Müsavat Partiyasının sıralarında həqiqi müxalifətçi mövqeyində dayanan fədakar insanlar çoxdur. Həmin insanlar partiyanın belə qərar verməsində son dərəcə məqsədli olmalıdırlar. Belə bir dönəmdə imitasiya xatirinə aparılan dialoqda iştirak etməli deyillər. Həqiqi müxalif qüvvələr hakimiyyətlə normal dialoq mühitinin yaradılması üçün görüşlər keçirə bilər. Amma hazırda dialoqda iştirak edən on beş partiyanın tərkibinə diqqət yetirin. Onların sırasında hakimiyyətin yanında olan, parlamentdə təmsilçilik əldə etmiş partiyalar da var. Onlar çoxdan müxalifətçi mövqeyini dəyişiblər. Yerdə qalan təşkilatlar isə Azərbaycanda gedən ictimai-siyasi proseslərə rəng vermək iqtidarında deyillər. Əgər hakimiyyət gerçək müxalifət mövqeyində dayanan qüvvələrlə dialoq mühitini mümkün etmək üçün danışıqlar aparsa, bunu qəbul etmək olar.
“Ilham Əliyev Milli Şuranın namizədinə mübarizəni uduzub”
– Hazırda həbsdə olan siyasi məhbuslara qarşı yeni maddələrin irəli sürülməsi nəylə bağlıdır? Leyla Yunusun, Xədicə Ismayılın, Intiqam Əliyevin, Rəsul Cəfərovun işinə yeni ittihamlar əlavə olunub. Bu nə ilə bağlıdır?
– Bu yeni maddələr yeni vətəndaş cəmiyyətinin aktiv üzvlərinə qarşı irəli sürülüb. Indiyə qədər biz siyasi partiya liderlərini, partiya üzvlərini müdafiə edirdik. 2014-cü ildə vəziyyət dəyişdi və hakimiyyət vətəndaş cəmiyyətinin fəallarına qarşı hücuma keçməyə başladı. Bu addımların atılmasına səbəb də 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin saxtalaşdırılmasıdır. Hamı gözəl bilir ki, 2013-cü il prezident seçkisində hazırkı dövlət başçısı Milli Şuranın namizədi ilə mübarizəni uduzub. Lakin hakimiyyət, seçkiləri total saxtalaşdırdı. Nüfuzlu beynəlxalq təşkilatlar, demokratik dövlətlər keçirilən prezident seçkilərini saxta adlandırdılar. Bu saxta seçkilərin beynəlxalq aləmə çatdırılmasında rolu olan QHT təmsilçilərini həbsə atdılar. Anar Məmmədlinin, Bəşir Süleymanlının, Leyla Yunusun həbsi məhz buna xidmət edirdi. Bu proseslərdə jurnalist kimi Xədicə Ismayıl, proseslərin Avropa Məhkəməsinə çatmasında böyük xidmətləri olan Intiqam Əliyev fəal iştirak edib. Hakimiyyət saxtakar əməllərini beynəlxalq təşkilatlara çatdıranlarla mübarizə aparır. Özü də hakimiyyət siyasi məhbusları bir maddə ilə həbs edir və başqa maddələri üzərinə gəlir. Bu, hüquqi nihilizmdir. Xədicə Ismayıl bir şəxsi intihar həddinə çatdırmaqla həbs edildi. Amma sonra bu maddə sübut olunmadığından onun üzərinə yeni maddələr qoyurlar. Intiqam Əliyev də bir maddə ilə tutulur, amma üzərinə başqa maddələr gəlir. Hakimiyyətin siyasətini ifşa edənlər, onun mahiyyətini cəmiyyətə çatdıranlar iqtidar üçün arzuolunmaz şəxsə çevrilirlər. Təəssüf ki, bu proseslərdə ən böyük alət məhkəmə-hüquq sistemidir.
“Müstəqil məhkəmə sistemi mövcud deyil”
– Vidadi bəy, uzun müddət ədliyyə sistemində çalışmısınız. Elşad Babayevin həbsdə öldürülməsi, Lamiyə Quliyevanın məhbəsdə uşaq dünyaya gətirməsi ədliyyə sistemində nələri üzə çıxardı?
– Bu, bir daha sübut edir ki, ölkədə məhkəmə, hüquq islahatları düzgün yöndə getməyib. Necə ki, Bakıda köhnə binaların üstünü bəzəsələr də, bütün çirkinliklər altda qaldı. Eyni proses məhkəmə sistemi ilə bağlı oldu. Yeni həbsxanalar tikdilər, məhkəmə binalarını gözəl bəzədilər. Amma əsas olan müstəqil məhkəmə yaranmadı. Ona görə də hazırda bir sıra eybəcərliklər üzə çıxır. Məhkəməsi müstəqil olmayan ölkədə yaşamaq qeyri-mümkündür. Çünki istər mülki, istərsə də cinayət işləri sonda məhkəməyə gedir. Məhkəmələr ona görə ədalətli olmalıdır. Amma Lamiyə Quliyeva olayı sübut etdi ki, icra başçısı belə məhkəməyə sifariş verdirərək bir nəsli belə tutdura bilir. Bu, çox böyük naqislikdir. Hesab edirəm ki, Avropa təsisatları qarşısında öhdəlik götürmüş bir dövlətdə bunların baş verməsi yanlışdır və cəmiyyətdə böyük narazılıq yaradır.
Digər mühüm bir məqam Penitensiar Xidmətlə bağlıdır. Həbs olunan şəxs Azərbaycan vətəndaşıdır və o, türmədə olduğu müddətdə bütün huquqlarından istifadə edə bilməlidir. Amma son olaylar təsdiq edir ki, Azərbaycan həbsxnalarında xeyli qanun pozuntuları reallaşdırılır. Insanlara verilən işgəncə nəticəsində onlar həyatlarını dəyişirlər. Elşad Babayevin timsalında həbsxanada baş verənləri gördük. Və yaxud Lamiyə Quliyevə olayı. Bu hadisədə əsas Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsində deyil, bunu yaradan şərait üzərində fokuslaşmaq lazımdır. Onu nəzərə almaq lazımdır ki, Lamiyə Quliyeva 12 yaşından bu cəmiyyət tərəfindən zorlana-zorlana gəlir. Yəni ölkədəki hüquqi nihilizm imkan verir ki, 12 yaşlı qızcığazı zorlayaraq həbsxanaya atasan, ardınca da bütün ailəsini həbs edəsən. Azərbaycan qanunları imkan vermir ki, həbsxanadakı məhbus digər cinsin nümayəndələri ilə əlaqədə ola bilsin. Əgər Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətiribsə, buna yaradılan şərait təhlil olunmalıdır. Sistem buna görə tənqid olunmalıdır. Qapalı həbsxanada hakimiyyətin qanunları saymamağı ona gətirib çıxarır ki, vətəndaş zorlana, işgəncəyə məruz qala bilər. Bu, Azərbaycana başuclığı gətirmir, əksinə utanc verir.
“Qanunların işləməsi üçün siyasi iradə lazımdır”
– Azərbaycandakı kimi hadisələr başqa ölkədə baş versəydi, buna dövlət başçısı səviyyəsində reaksiya verilərdi. Amma ədliyyə sistemində baş verənlərə heç ədliyyə naziri belə aydınlıq gətirmədi. Bu nəylə bağlıdır?
– Azərbaycandakı rejim avtoritar xarakterlidir. Bizim Konstitusiyamız və qanunlarımız var. Amma bu qanunların işləməsi üçün siyasi iradə lazımdır. Həmin siyasi iradə indiyə qədər olmayıb. Üsul-idarə elədir ki, bir nəfərin rəyi olmadan heç nə baş vermir. Artıq avtoritar rejim diktatura üsul idarəsinə keçib. Yəni son dövrlərin idarəetmə forması diktaturadır. Bu, özünü bütün seçkilərin saxtalaşdırılmasında, dövlət müəssisələrində idarəetmənin bir nəfərdən asılı olmasında göstərir. Əgər avtoritar dövlət başçısı buna reaksiya versəydi, o zaman nazirlərdən tutmuş bütün məmurlara qədər hamı baş verənə münasibət bildirərdi. Amma reaksiya verilmirsə, deməli, sanki ölkədə heç nə baş verməyib və bu insanlar işgəncəyə məruz qalmayıblar. Ona görə də Azərbaycanda əsas məsələlərdən biri avtoritar rejimin aradan qaldırılması, seçkilərin normal keçirilməsidir.
“Neft pulları göyə sovruldu”
– Ilham Əliyev böhranın Azərbaycana təsir etməyəcəyini bəyan etsə də tam əks proses yaşanır, manatın məzənnəsi müəyyən problemlər yaradır…
– Iqtisadi proseslərə dövlətin müdaxiləsi yolverilməzdir. Dövlət büdcəsi isə neft pulları hesabına formalaşır. Azərbaycanın 20 milyardlıq büdcəsinin 5 milyarda qədəri qeyri-neft sektorundandır, qalan vəsait isə neftdən formalaşıb. Ona görə neftin qiyməti 50 dollara enirsə və büdcədə bu rəqəm 90 dollardırsa, böhran necə təsir etməyə bilər. Iqtisadi qanunauyğunluq ona gətirəcək ki, büdcə xərclərində ixtisarlar aparılmalıdır. Manatın arxasında dayanan neft pulları azaldıqca manat da dəyərini itirməlidir. Ona görə hakimiyyətin neftin qiymətinin enməsinin insanların həyatına təsir etməyəcəyini deməsi hamısı cəfəngiyyatdır. Hakimiyyət bu illər ərzində gələn neft pullarını korrupsiya qurbanı etməkdənsə, yollar, körpülər çəkməkdənsə makroiqtisadiyyatı inkişaf etdirməli idi. Insanların işlə təmini üçün böyük iş yerləri açmalı idi. Bunlar baş vermədi, həmin pullar da göyə sovruldu. Azərbaycanın hazırkı iqtisadi vəziyyətə düşməsində bu hakimiyyətin böyük təqsiri var.
Xəyal