«Azərbaycan hakimiyyəti Rusiyanın qorxusundan Qarabağ məsələsini qaldırmadı» VİDEO
Əli Kərimli: «Şəhərin mərkəzində yerləşən binalardakı mənzillərin əksəriyyətində adamlar yaşamır, onlar «qara pulları» yumaqdan ötrü alınır»
AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunun “Işdən sonra” proqramında sualları cavablandırıb. AXCP sədrinə ünvanlanan ilk sual isə başa çatmaqda olan 2014-cü ilin dəyərləndirilməsilə bağlı olub:
– Son dövrlərdə keçən bir sıra başqa illər kimi bu il də itirilmiş ildi. Illəri itirə-itirə sadəcə yerimizdə saymırıq, geriyə gedirik. Azərbaycanın imici, ölkədəki siyasi-iqtisadi vəziyyət, mənəvi ovqat baxımından, bir sözlə, bütün aspektlərdə imkanları hər dəfə itirdikcə geri gedirik. Amma bu il daha çox onunla xarakterizə olunur ki, son 21 ildə davam etmiş siyasi repressiyalar bu il pik həddə çatdı.
– Geriyə saysanız, Azərbaycan hansı ildədir?
– Bunu birmənalı şəkildə söyləmək çətindir. Çünki hər şey səliqə ilə ilbəil geri çəkilmir. Elə sahə var ki, bir ildə bəlkə beş il geri düşürsən, bəzən də yerində sayırsan. Onu deyə bilərəm ki, əksər məsələlərə münasibətdə 90-cı illərdən geri getmişik. Bizim irəli olduğumuz yalnız bir sahə var – Azərbaycana son illərdə neft ixracından böyük pullar gəlib. Bu pulların hesabına böyük tikililər həyata keçirilib, təmir-tikinti işləri olub. Bu da sadə insanlarda müəyyən bir inkişaf təsəvvürü yaradır. Bu layihələr kənara qoyulsa, qalan bütün məsələlərdə – dövlət-vətəndaş münasibətləri, siyasi islahatlar, iqtisadi münasibətlər, işgüzar mühit, qanunçuluğun səviyyəsi, ölkənin dünya miqyasında tanınma səviyyəsi, Qarabağın suverenliyinin bərqərar olma imkanları – bütün bu mühüm parametrlərə görə Azərbaycan geri gedib. Azərbaycanın əsrlərlə xalqımıza xidmət etməli olan sərvətləri beş-on il ərzində dağıdılır, onun müəyyən bir hissəsi bahalı tikililərə sərf olunur. Sadəlövh insanlarda da bu, inkişaf illüziyası yaradır. Ölkənin əmək və sosial müdafiə naziri də deyir ki, kim günə iki dollar qazanırsa, o artıq yoxsul sayılmır. Ölkədə ağır sosial şərtlər var. UNICEF-in məlumatına görə, Azərbaycanda böyüməkdə olan uşaqların 40 faizi yaxşı qidalana bilmədiklərinə görə müxtəlif xəstəliklərin daşıyıcısıdı, normal inkişaf edə bilmir. Iqtidarlı-müxalifətli hər kəs deyir ki, sabahımız uşaqlardı. Həmin uşaqların isə 40 faizi yaxşı qidalana bilmir. Bu qədər sərvəti olan ölkədə belə dəhşətli sosial problemlər var. Sosial zəmində yüzminlərlə ailələr dağılır. Gənc yaşlarda olan kişilər əmək miqrantları kimi ölkəni tərk ediblər. Ailələrdə həddindən artıq problemlər var. Yüzminlərlə uşaqlar faktiki atasız böyüyür. Ölkədə inkişaf varsa, niyə milyonlarla insan Rusiyanın bazarlarında öz həyatlarını riskə atıb yaşamalıdır? Ölkədə sadəcə, bahalı ofislər, ticarət mərkəzləri təxminən 30-50 min adamın çevrəsində fırlanır. Satıcı da özləridi, alıcı da özləridi, xidmətlər də özlərinindi, yeni tikilən binalar da özlərinindi. Bu yaxınlarda mətbuat yazdı ki, bir icra başçısının yeni tikilmiş binalarda 75 mənzili var idi. Görün, icra başçısından varlı olan daha nə qədər məmurlar var… Fikir verirəm, şəhərin mərkəzində hər yer təzə tikilmiş binalardı. Axşamlar o binalardakı mənzillərin təxminən 10 faizində işıq olur. Çünki o binalardakı mənzillərin əksəriyyətində adamlar yaşamır. O evlər “qara pulları” yumaqdan ötrü alınır. Ölkədə çox ağır bir təbəqələşmə var.
Ən vacibi isə budur ki, 2014-cü ildə Azərbaycan hakimiyyəti daha da vətəndaşının gözündən düşdü. Hakimiyyət öz xalqına daha artıq insafsızlıq nümayiş etdirdi, daha da yadlaşdı. Bu təkcə siyasi mənada deyil. Bir neçə gün əvvəl 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı bir vətəndaşımızı döyərək öldürüblər. Onun bacısı şəkillərini yayıb, üzərində işgəncənin izləri çox açıq görünür. Axı Ilham Əliyevin Qurana əl basıb qoruyacağına and içdiyi vətəndaşlardan biri də həmin bu insan idi… Niyə araşdırılmır? Niyə tədbir görülmür? Istədiklərini edə bilirlər. Təki siyasi baxımdan rejimə sədaqətli olsunlar. Kimə istəyirlər, işgəncə verirlər, kimin əmlakını istəyirlər, əlindən alırlar. Beləliklə, vətəndaş dövlətindən küsür. Vətəndaş-dövlət münasibətləri zərbə alır.
– Heçmi müsbət hadisə yoxdur?
– Yaxşı olardı ki, bura bir hakimiyyət nümayəndəsi gələydi, müsbət işlərdən danışaydı. Mən şəxsən görə bilmirəm. Görməyə çalışıram. Geniş mənada baxanda, iqtisadiyyatdan danışanda, yadıma düşür ki, tərifli neft müqaviləsinin 20 ili tamam oldu. Bu müqavilə 25 illikdi. Bundan sonra istehsal aşağı düşəcək. Rəsmən özləri də deyirlər ki, o pullardan 70 milyard xərclənib. Statistikaya baxıram ki, ölkənin qeyri-neft sektorunun ixracatı il ərzində 1 milyard dollardan bir az artıqdı. Yəni, ölkənin ixracatının cəmi 5 faizə qədərini təşkil edir. 20 il ərzində neft istehsal edib satıblar. Bu gün yenə də ölkə ixracatının 95 faizi neftdi. Yenə də ölkənin büdcəsinin 80 faizi neftdən asılıdı. Sosial-iqtisadi baxımdan necə inkişaf görüm?
Hamımız yaxşı bilirik ki, ölkədə oliqarxlar artıq milyarderdilər. Niyə bu ölkədə leqal milyonerlər yoxdu? Deməli, heç bir iqtisadi azadlıq mühiti yoxdu. Bu ölkədə vəzifə, pul, sərmayə sinonim səslənir. Bunlar tamamilə eyni əldə cəmləşiblər. Dünyanın harasında ölkənin nazirləri, komitə sədrləri, icra başçıları ən zəngin adamlar olur? Dünyada belə dövlətlər barmaqla sayılacaq qədər az qalıb.
Azərbaycan hökuməti hər zaman mentalitetin arxasında gizlənib. Azərbaycan milli mentalitetinin hökmlərindən biri də odur ki, qadınla dalaşmaq, ona zor tətbiq etmək olmaz. Azərbaycan hökuməti bunu da xalqın əlindən aldı. Azərbaycanın olduqca nüfuzlu, xalqa xidmət edən iki xanımını – Leyla Yunus və Xədicə Ismayılı şərləyərək həbs elədilər.
Gələn il kifayət qədər vacib olan parlament seçkiləri var. Təcrübə göstərir ki, Azərbaycan üçün parlament seçkiləri də önəmlidir. Buna bir fürsət kimi baxmaq lazımdır. Biz bu fürsətdən maksimum yararlanmaq üçün çalışacağıq. Builki repressiyaların xeyli hissəsi ona görə oldu ki, 2015-ci ildəki seçkidə ciddi mübarizə olmasın. Növbəti ildə başqa mühüm tədbirlər də var. Mart ayında Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələri ilə Riqa sammiti gözlənilir. Azərbaycan da daxil olmaqla, bu ölkələrlə “Şərq Tərəfdaşlığı” mövzusu xüsusi müzakirə olunacaq. Avropa Olimpiya Oyunları, ardında parlament seçkiləri keçiriləcək. Bütün il ərzində Azərbaycan dünyanın diqqət mərkəzində olacaq. Ona görə də seçkidən bir il əvvəl repressiyalar bu qədər şiddətləndi.
Belarus Avropanın axırıncı diktaturası hesab olunur. Bu ölkə ilə Azərbaycanın əhalisi say baxımından təxminən bərabərdi. Amma Azərbaycanda “Avropanın axırıncı diktaturası” elan olunan Belarusdan on dəfə artıq siyasi məhbus var. Azərbaycandakı siyasi məhbusların sayı qədər məhbusu olan ölkələrdə ümumiyyətlə, müxalifət fəaliyyət göstərə bilmir. Onlar mühacirətdə olurlar, ölkədən gedirlər. Bu, Azərbaycanın fenomenidir ki, bu qədər siyasi məhbus ola-ola biz öz prinsipial mövqeyimizdə qalmışıq. Bu ölkədə leqal müxalifət mövcuddu. Bu ölkədə hələ də sözünü deyən mətbuat orqanları mövcuddu. Bu ölkədə hələ də sözünü deyən ictimaiyyət var. Bu, Azərbaycan xalqının potensialını göstərir. Başqa belə bir ölkə yoxdur.
10-15 il bundan qabaq bir dəstə adam vətəndaşlarımıza yanlış bir tezis verdilər. Onlar hökumətin elədikləri barədə açıq danışa bilmədiklərinə görə bizim mentalitetimizi hədəf götürdülər. Sən demə, bizi pis günə salan bizim mentalitetimiz imiş. Mentalitet “günah keçisi” oldu. Indi də istəmirəm kiməsə elə gəlsin ki, guya, müxalifətdə başqa kimlərinsə olması ilə bu məsələ həllini tapardı. Ölkədə ciddi şəkildə formalaşmış klassik avtoritar sistem var. Belə avtoritar sistemlər ümumxalq hərəkatı ilə dəyişdirilir. Heç kim, heç bir “ağ atlı oğlan” bu işi təkbaşına özü bacarmaz. Millət özü əlini daşın altına qoymalıdı. Ölkədə bütün dünyanın etiraf elədiyi klassik avtoritar sistem varsa, buna qarşı tədbir görə biləcək bircə instansiya var, o da əlahəzrət millətdi.
2005-ci ildə 30 min adamla meydanda oturmağa cəhd elədik. Saakaşvili meydanda oturmağa cəhd edəndə 300-400 nəfər idilər, sonradan artdılar. 30 min adama qarşı elə bir zorakılıq tətbiq elədilər ki, min adam ağır xəsarət aldı. Azərbaycan hökuməti olduqca qəddardı. Kim bu barədə açıq danışa bilmirsə, onu da qınamıram. Amma heç olmasa, əzilənləri, şikəst edilənləri, həyatını məhrumiyyətlərlə yaşayanları suçlamasınlar. Zalımın zalım olduğunu demək müəyyən cəsarət tələb edir. Indiki şərtlərdə heç kimi qınamıram. Görürlər ki, bunu deyənlərin sorağı Kürdəxanıdan gəlir. Amma heç olmasa, istiqaməti yayındırmaq lazım deyil. Guya, müxalifətdə hansısa məsələ elə yox, belə olsaydı, vəziyyət başqa cür olacaqdı…
Biz təkmilləşməyə çalışırıq. Internetdən, müasir siyasi texnologiyalardan istifadə etməyə çalışırıq. Amma iqtisadi cəhətdən bütün imkanlardan məhrum edilmiş bir vəziyyətdə xalqımız başa düşməlidi ki, müxalifətdən gözləntiləri artırmaq yox, çiynini onun arxasına vermək, ona dayaq olmaq lazımdı.
– Sizcə, ilin ən mühüm hadisəsi nə oldu?
– Avqust ayında cəbhə xəttində atəşkəsin müvəqqəti pozulması və 20-dən artıq gənc övladımızın şəhid olması. Bu hadisədən sonra həm də Azərbaycan xalqına aydın oldu ki, Ermənistanla hər an atəşkəs pozula bilər. Mənim də ən çox təəssüflə yadımda qalan hadisə bu oldu.
– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş yoxdu, bunu necə şərh edə bilərsiz?
– Əvvəldə də dedim ki, bu il itirilmiş ildi. Bu həm də Dağlıq Qarabağ probleminə aiddi. Rusiyanın Krımı özünə birləşdirməsindən sonra bütün dünya başa düşdü ki, keçmiş sovet məkanında Rusiya muxtar vilayətləri elə bu qaydada, təxribat məqsədlərilə istifadə edirmiş. Bundan dərhal istifadə elədilər. Dünyanın nüfuzlu nəşrləri, elmi mərkəzləri Abxaziyanı Krımla eyni sıraya qoydular. Moldovada Dnestryanı problemi Krımla eyni sıraya qoydular. Qarabağ da eyniköklü problemdi. Azərbaycanın əlində yaxşı fürsət var idi, sübut eləsin ki, biz də bu imperiya siyasətinin qurbanı olmuşuq. Amma Rusiyanın qorxusundan bunu eləmədilər. Bu həm də təkcə qorxu deyil. Bunların Rusiyaya münasibətləri qorxu ilə sevginin qarışığı olan əcaib bir hissdi. Hiss olunur ki, özlərinin daxili siyasətlərinə görə Rusiyanın da daxili siyasətinə rəğbətlə yanaşırlar. Bunlar Rusiyanın siyasi rejiminə daxilən azarkeşlik edirlər. Onlar istəyirlər ki, güclü bir avtoritar dövlət irəli çıxsın, Qərbin demokratiya dalğasının qarşısını alsın, Azərbaycan kimi balaca avtoritar dövlətlər də Rusiyanın qanadının altına sığınsınlar.
– Bələdiyyə seçkilərini necə qiymətləndirirsiz?
– Biz bələdiyyə seçkilərini boykot etmədik, amma ciddi şəkildə iştirak da etmədik. Insanlar maraq göstərmədilər. Ölkə əhalisinin 95 faizinin xəbəri yox idi ki, ölkədə seçkidi. Heç bir seçki rəqabəti, seçki kampaniyası olmadı. Çünki əvvəlki seçki saxtakarlıqları seçki institutunu gözdən salıb. Məni ən çox narahat edən isə odu ki, 2014-cü ildə dövlət hakimiyyəti öz qanunsuzluğunu, saxtakarlığını, əzazilliyini daha da nümayişkəranə şəkildə göstərdi. Cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə etmək cinayət məsuliyyəti yaradır. Azərbaycan hakimiyyətinin əməllərində açıq-aşkar hörmətsizlik var.