«ABŞ-a qarşı siyasət Azərbaycanı beynəlxalq təcridə aparır»
Fuad Qəhrəmanlı: «Hakimiyyət ABŞ-a o mesajı verir ki, Azərbaycana indiki yanaşması davam edərsə, münasibətlərə xələl gələr»
Hakimiyyətin ABŞ-a qarşı elan etdiyi səlib yürüşü davam etməkdədir. Son zamanlar ABŞ administrasiyası Azərbaycan hakimiyyəti tərəfindən bütün dünyəvi günahlarda ittiham olunub. Milli Məclisin dünən keçirilən toplantısı da bu baxımdan istisna deyil. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc və başqaları ABŞ-ın ünvanına sərt ittihamlar səsləndiriblər.
Diqqət çəkən daha bir məqam “Azərbaycan” qəzetinin son sayında dərc olunan məqalədir. ”ABŞ-ın həbs etdiyi azadlıq” başlıqlı yazıya redaksiyanın imzası qoyulub. Dünyada terrorizmin yayılmasında ABŞ-ı ittiham edən məqalənin sonluğunda Obama cəmiyyətdə azadlıq anlayışını həbs etməkdə ittiham olunub. “Bütün dünya əsl siması Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXI əsrdə imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın özünə ziyan vuracaq”,- deyə məqalədə vurğulanıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərində hakimiyyətin ritorikası sovet dövründən qalma siyasəti xatırladır. ABŞ-ın Azərbaycana insan haqları, demokratiya ilə bağlı tələbləri gücləndikcə hakimiyyətin iki ölkə arasındakı münasibətləri sərtləşdirmə kursu seçdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, məqsəd Amerikanı şantaj etməklə fərqli siyasət yürüdülməsinə nail olmaqdır: “Amerikaya o mesaj verilir ki, əgər demokratiya ilə bağlı məsələ prioritet olaraq qalacaqsa, Azərbaycan hakimiyyəti dövlətlərarası münasibətləri pozmağa qədər gedib çıxa bilər. Rəsmi mətbuatda çap olunan məqalələrin hər hansı təbliğat əhəmiyyəti yoxdur. Nəinki ölkə xaricində, ölkə daxilində belə bu mətbuat orqanlarını oxuyan yoxdur. Deməli, bu daha çox hakimiyyətin mövqeyini göstərmək üçündür. Hakimiyyət bununla ABŞ-a o mesajı verir ki, Amerikanın Azərbaycana indiki yanaşması davam edərsə, bu, münasibətlərə xələl gətirə bilər”.
F.Qəhrəmanlının sözlərinə görə, ABŞ-la bu cür münasibətləri inkişaf etdirməklə hakimiyyət özünü müdafiə etdiyini düşünsə də, reallıq əslində belə deyil. Münasibətlərin sərtləşməsi, Amerikaya qarşı kampaniyanın rəsmi dövlət siyasətinə çevrilməsi Azərbaycanı beynəlxalq təcridə aparır. Və nəticədə Azərbaycanla bağlı beynəlxalq sanksiyalar qaçılmaz olur: “Belə görünür ki, hakimiyyətə başqa təsir vasitələri qalmayıb. O halda hakimiyyətə qarşı sanksiyaların gündəmə gəlməsi qaçılmaz olacaq. Indiki halda Azərbaycan hakimiyyətinin apardığı kurs bir növ Rusiyanın himayəsində həyata keçirilir. Hakimiyyətin bu qədər arxayınlığı Rusiyanın antiAmerikan ritorikasına uyğunluq təşkil edir. Bu onu göstərir ki, hakimiyyət artıq xarici siyasətdə Rusiyayönlü kurs seçib. Bir növ Amerika ilə Rusiyanın ağzı ilə danışır. Amma Rusiyanın bu gün düşdüyü durum göz önündədir. Azərbaycanın Rusiya istinad edib, antiQərb siyasəti yürütməsi Kremlin üzləşəcəyi faciəvi aqibəti paylaşmaq demək olacaq”.
Xəyal