«Hökmü verən hakimin himayədarı bu işə əli çatan nazirliklərin birində yüksək vəzifədə çalışır»
Cəmil Həsənli: «Bir gün sonra nazirlikdən necə göstəriş gəlmişdisə…»
başlanğıcı ötən sayımızda
– Bu müddət ərzində Günel xanımın və ya Sizin zərərçəkmiş Ədilə xanımla əlaqəniz olubmu?
– Mənim Ədilə xanımla heç bir əlaqəm olmayıb, amma həmin vaxt Günel ona bir neçə dəfə baş çəkib, müalicəyə və hər hansı bir dərmana ehtiyacı olub-olmadığını soruşmuşdu. Lakin elə tibbi ekspertiza keçirilən vaxt Ədilə xanım onda hər hansı bir xəsarətin olmadığını, heç bir müalicəyə ehtiyacının olmadığını və hər hansı dərman pereparatı istəmədiyini bildirmişdi. Əslində, 86 yaşlı Ədilə xanım polis idarəsinin təkidi və “yardımı” ilə bu ekspertizanın hansı məqsədlə keçirildiyindən məlumatsız olub. Digər tərəfdən, belə bir sual meydana çıxır: Səhiyyə Nazirliyinin qeyd edilən ixtisaslaşdırılmış idarəsi ekspertizanı keçirib “az ağır xəsarəti” müəyyən etdikdən sonra, ən azı humanizm prinsipləri naminə bu xəsarətin daşıyıcısı olan 86 yaşlı qadına nə tövsiyə edib, hansısa poliklinikaya müracət etməyimi, hansısa dərmanı qəbul etməyimi? Axı, 2014-cü ilin oktyabr ayının 2-də tərtib olunmuş 1158 saylı tibbi ekspert rəyində yazılanlar doğrudursa, həkim ekspert Ədilə xanımda “canlı şəxsin ekspertizası əsasında onun bədəninin sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomalarının bərk küt əşyanın təsirindən törənməsini” müəyyən edib və bu törəməni sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır xəsarət” kimi əsaslandırıb. Birinci ekspertizadan 9 gün sonra, oktyabr ayının 11-də keçirilən ikinci ekspert müayinəsindən sonra tərtib edilən 148/1158 saylı ikinci tibbi rəyində həkim-ekspert heç bir dəyişiklik etmədən nöqtə-vergülünə qədər birinci rəydə olanları yeni rəyə köçürüb. Məsələn, vəkilin vəsatəti üzrə hörmətli tibb eksperti məhkəməyə dəvət edilsəydi, ondan bəzi şeylər soruşmaq olardı.
– Məsələn, nələri?
– Məsələn, soruşmaq olardı ki, sağlamlığına uzun müddət ziyan dəyən bir şəxs nədən heç olmasa qısamüddətli müalicə kursu keçməyə heç bir zərurət duymayıb? Ilk növbədə soruşmaq olardı ki, rentgen çəkilişi, onun təsviri və həkim rəyi ilə təsdiq edilmiş diz qapağı və oynaq nahiyələrində duzlaşmadan əziyyət çəkən 86 yaşlı Ədilə xanımın “sağ diz və aşıq baldır oynaqlarının hərəkət aktivliyi” necədir. Ekspert olmağı bir tərəfə qoyaq, Hippokrat andı içmiş bir həkim kimi 86 yaşlı imkansız bir qadının diz oynağı, sol baldır və sol ayaq pəncəsində hematoma tipli az ağır xəsarəti müəyyən edib, ən azı həkim etikası xətrinə ona nə məsləhəti verdin, hansı tibb müəssisəsinə onu yönəltdin? Axı, xəstənin sol diz və aşıq baldır oynaqlarında müəyyən etdiyin hematoma müalicə olunmasaydı tədricən qançıra çevrilib, ən azı 86 yaşlı bir qadının ayağının kəsilməsi ilə nəticələnə bilərdi. Məsələn, ondan soruşula bilərdi ki, məhkəmə ekspertizasında çalışan təcrübəli bir tibb işçisi kimi “az ağır xəsarəti” olan zərərçəkmişin hadisə baş verəndən sonra birinci gün keçirilən müayinə istisna olmaqla ekspertin oktyabrın 2-də keçirdiyi birinci, oktyabrın 11-də keçirdiyi 2-ci müayinəsinə qədər Ədilə xanım dizində və ayağındakı “az ağır xəsarətə” görə hansısa tibb müəssisəsinə, həkimə müraciət edibmi, bu xəsarəti yüngülləşdirmək üçün hansısa dərmandan istifadə edibmi? “Az ağır xəsarət” o zaman inandırıcı olur ki, onun daşıyıcısı uzunmüddətli (ən azı 21 gün) müalicə kursu keçmiş olsun. Ədilə xanımın isə yaşının 86 olmasına baxmayaraq nə hərəkətində məhdudluq yaranıb, nə bir həb qəbul edib, duzlaşmaya qarşı krem istisna omaqla, nə ayrı bir sürtük materialı qəbul edib. Ola bilsin ki, hələ vəkillər yüksək ixtisaslı hüquqşünaslar kimi digər suallar da ortaya qoya bilərdilər. Bax, bütün bunlara görə möhtərəm hakim Aqşin Əfəndiyev tibbi ekspertin məhkəmə prosesinə dəvətini təmin etmədi, məhkəmə araşdırmasına şərait yaratmadı, tibbi ekspert rəyinin saxta, qərəzli, mövcud vəziyyəti əks etdirmədiyini ört-basdır etdi. Çünki Günelin 263.1-ci maddə ilə mühakimə olunması hələ iş məhkəməyə gəlməzdən əvvəl sanksiyalaşdırılmışdı və tibbi ekspert rəyi bu sanksiyanı əsaslandırmaq üçün yeganə “hüquqi” sənəd idi. Hakimin borcu idi ki, bütün bu məsələlərə aydınlıq gətirsin. Lakin Günelə tələb olunan maddəni vermək üçün cənab Aqşin Əfəndiyev onun əlində yeganə “hüquqi” sənəd olan tibbi rəyin şübhə altına düşə biləcəyindən ehtiyat edərək saxta rəy vermiş eksperti bütün vasitələrlə məhkəmə araşdırmasından kənar saxladı. Bununla da istintaq prosesində “Yol nəqliyyat hadisəsinin” cinayət xarakterli iddiaya yönəldilməsi prosesi “möhtərəm” hakimin hökmü ilə tamamlandı.
– Siz “Yol nəqliyyat hadisəsinin” cinayət xarakterli maddəyə transfer edilməsini nə zaman bildiniz?
– Bilirsiniz, nə qədər ki, Daxili Işlər Nazirliyi mətbuat xidmətinin yalan açıqlaması elan edilməmişdi, başlanğıc mərhələdə işi aparan, hadisə yerində ekspertiza aparan Yasamal rayonun polis təhqiqatçı müstəntiqi Rafiq (səhv etmirəmsə, soy adı Ağəliyev idi) bizimlə çox nəzakətli davranırdı. Bir gün sonra nazirlikdən necə göstəriş gəlmşdisə, biz Respublika Mərkəzi Klinik xəstəxanasında onunla görüşəndə bu adam 180 dərəcə dəyişmişdi. Nə danışdığını, necə davrandığını bilmirdi. Klinik xəstəxanada hadisə baş verən gün, sentyabr ayının 19-da Ədilə xanımı müayinə etmiş həkim və tibb personalı, rentgenoloq və sair yığıb toplantı keçirirdi. Lakin biləndə ki, rentgen plyonkası, onun təsviri, müayinənin nəticələri bizdə var, yalnız ondan sonra ilkin müayinənin sənədlərini dəyişməkdən çəkinib, 86 yaşlı Ədilə xanımı təhdid edib şikayət verməyə məcbur etdilər.
– Siz bu barədə məlumatlı idiniz?
– Bəli, bizim məlumatımız var idi ki, Ədilə xanım Səlimova öz xoşu ilə polisə getməyib, bilavasitə sahə müvəkkili onu Yasamal rayon polis idarəsinə aparıb. Həmin gün polis idarəsinin özündən bizə məlumat gəldi ki, 86 yaşlı qadını qorxudub deyirlər ki, əgər şikayət verməsən, sənin özün haqqında cinayət işi açacaq və səni həbs edəcəyik. Həmin gün rayon polis idarəsinin 3-cü mərtəbəsində bu söhbət olmuşdu və az sonra “az ağır xəsarət” almış zərərçəkən kimi sənədləşdirilən Ədilə xanım sahə müvəkkilinin müşayiəti ilə binanın 3-cü mərtəbəsinə heç kəsin köməyi olmadan özü qalxıb-enmişdi və onun hərəkətində heç bir ağırlaşma müşahidə edilməmişdi. Hətta polis idarəsi həmin gün “səxavət göstərib” təcili olaraq onu Tibbi Məhkəmə Ekspertiza idarəsinə yola salmışdı. Yəni Ədilə xanım öz istəyi, öz xoşu ilə deyil, bilavasitə Yasamal rayon polis idarəsinin təhdidi ilə bu işlərə vadar edilmişdi. Bütövlükdə proses Daxili Işlər Nazirliyinin ciddi nəzarəti altına düşmüşdü. Bu barədə tutarlı faktlar olduğu halda hakim Aqşin Əfəndiyev bütün bu qurulmuş oyunun məhkəmə prosesində açılmasına imkan vermədi.
– Sizcə nə üçün bu işin məhkəmə araşdırmasını məhz Aqşin Əfəndiyevə tapşırdılar?
– Azərbaycanda hakimlər bir qayda olaraq siyasi xarakterli işləri aparmağa həvəsli olmurlar. Çünki ədalətsiz hökm çıxarmaqla ictimai qınağa tuş olur, nüfuzdan düşür, adı hallanır və sair. Hakimiyyət isə bir qayda olaraq belə işlərin daha çox ondan asılı olan hakimlərə verilməsini məqsədəuyğun sayır. Şübhəsiz, hakim korpusu elə seçilib ki, siyasi göstərişlərə etiraz etmək gücündə olan kimsə yoxdur. Amma bəzi hakimlər var ki, tamam açıq saxtakarlığa getməkdən bəzən çəkinirlər. Azərbaycanda 33 yaşında hakim seçilmək şəxsi istedad əsasında mümkün olan bir iş deyil. 2002-ci ildə Dağıstan Universitetinin hüquq fakültəsini bitirən kimi məhkəmə orqanlarında işə düzələn bu gənc hüquqşünasın belə sürətli karyerası yalnız proteksiya əsasında ola bilərdi. Nə qədər doğrudur deyə bilmərəm, amma sonra mənə məlumat verdilər ki, onun himayədarı bu işə əli çatan nazirliklərin birində yüksək vəzifədə çalışır. Bir anlığa diqqət yetirən, həmin vaxtlar Dağıstan universitetlərinə azərbaycanlı gənclərin böyük axını başlamışdı, kimlər ki, testdən keçə bilmirdi, məhz Dağıstan universitetlərinə üz tuturdular. Axı Dağıstan Universiteti nə Paris, nə Berlin, nə Roma, nə də Moskva universiteti deyil. Azərbaycan hüquq sistemi üzərində qurulmuş Bakı Dövlət Universitetini qırmızı diplomla başa vuran gənclər qalır, amma Rusiya hüquq sistemi üzrə əyalət universitetində təhsil almış Aqşin bəy 33 yaşında hakim təyin edilir. Azərbaycan şəraitində kim təminat verə bilər ki, belə sürətli karyera yüksəlişində onun atasının məşhur qızıl sərrafı olması heç bir rol oynamayıb. Internetdə baxsanız, iki illik hakim təcrübəsində bu gənc hakimdən nə qədər şikayət var. Məsələn, bu gənc hakim bir boşanma işinə baxarkən böyük məmnuniyyətlə iki azyaşlı uşağın anadan alınıb ataya verilməsi barədə hökm çıxarıb. Ona görə də onun iki azyaşlı uşaq anası olan Günel haqqında belə qanunsuz hökm çıxarmasına təəccüblənmək lazım deyil.
ardı var